Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Yaşar Nuri son mənzilə yola salınmışdır

Noyabrın 22-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Yaşar Nuri son mənzilə yola salınmışdır. 
AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Yaşar Nurinin həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Akademik Milli Dram Teatrının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin adından mərhumun ailəsinə başsağlığı vermişdir.
Görkəmli sənətkar Yaşar Nurinin həyat və yaradıcılığından danışan nazir bildirmişdir ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
On yaşından Azərbaycan Televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunmuş Yaşar Nuri həyatının sonuna qədər doğma kollektivinə sadiq qalmışdır.
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Yaşar Nuri həm də məşhur kino ustası olmuşdur. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatmışdır.
Tədbirdə çıxış edən tanınmış kinorejissor Vaqif Mustafayev, xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artısti Azər Paşa Nemətov görkəmli sənətkarın Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar.
Bildirilmişdir ki, Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşar Nuriyə bir qayda olaraq xarakter rollar tapşırılmışdır. O, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman və s. obrazları yaratmışdır.
Diqqətə çatdırılmışdır ki, aktyorun böyük populyarlıq qazandığı çoxsaylı ekran obrazları vardır. Yaşar Nuri əlliyə yaxın bədii filmə çəkilmiş, Azərbaycan Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak etmişdir. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.
Mərhumun ailəsi adından çıxış edən qızı Ülviyyə Nuri istedadlı sənətkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.
Sonra görkəmli aktyorun cənazəsi son mənzilə yola salınmışdır.
Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında