Şriftin ölçüsü:
14.11.2012 11:15 | Oxunma sayı: 840
Xəbər verdiyimiz kimi, noyabrın 11-dən 15-dək Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 50 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivi, Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu daxildirlər.
Noyabrın 12-də rəsmi nümayəndə heyəti ilə Moldova Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirilmişdir. Moldovada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkələrimiz arasında mədəni əməkdaşlığa yeni təkan verəcəyini bildirən bu ölkənin mədəniyyət naziri Boris Fokşa tədbirin əhəmiyyətindən danışmışdır. O, xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu bildirərək mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq məsələlərinin, ümumi problemlərin həlli yollarının müzakirə olunacağını qeyd etmişdir.
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nümayəndə heyəti adından səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkür edərək Azərbaycan ilə Moldova arasında mədəni əlaqələrin hazırkı inkişaf səviyyəsindən danışmışdır. Nazir müavini 2007-ci ildə Moldovada, 2008-ci ildə isə Azərbaycanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini xatırlatmışdır.
Ötən dövr ərzində ölkəmizin mədəni həyatında baş verən yeniliklər barədə məlumat verən Ədalət Vəliyev bu gün Azərbaycanın beynəlxalq mədəniyyət tədbirlərinin məkanına çevrildiyini diqqətə çatdırmışdır. Ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinə aid qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiqlənib icra edilməsi, müasir tələblərə cavab verən yeni mədəniyyət mərkəzlərinin inşası, ehtiyacı olan binalarda əsaslı bərpa - yenidənqurma işlərinin aparılması, mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı və həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verilmişdir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı sayəsində ölkəmizin mədəni həyatını zənginləşdirən böyük layihələrin əhəmiyyəti vurğulanmışdır.
Yaradıcı gənclərin fəaliyyətinin dəstəklənməsi naminə təşkil edilən müsabiqə və festivallar, ölkəmizdə fəaliyyət göstərən yaradıcılıq ittifaqlarının müasir tələblər səviyyəsində çalışması üçün görülən işlər və digər məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilərək Azərbaycanın əzəli torpaqlarının işğal edilməsi nəticəsində mədəni sərvətlərimizin talan olunduğu bildirilmişdir.
Görüşün sonunda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin adından Moldovanın mədəniyyət nazirinə hədiyyə təqdim edilmişdir.
Daha sonra Moldova Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilmişdir. Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev mədəniyyət günlərinin proqramı və əhəmiyyəti barədə məlumat vermişdir. Jurnalistlərin ölkəmizin mədəni həyatının müxtəlif sahələri barədə sualları ətraflı cavablandırılmışdır.
Noyabrın 12-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Kişineu şəhərinin "Odeon" mədəniyyət mərkəzində Azərbaycan kinosu günləri başlamışdır. Hər iki ölkənin rəsmi nümayəndə heyətinin iştirakı ilə başlanan tədbirdə Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev ölkəmizdə kinonun tarixi, inkişaf yolları, bugünkü durumu barədə geniş məlumat vermişdir. O, Azərbaycan ilə Moldova kinematoqrafçılarının birgə əməkdaşlığı barədə maraqlı faktları diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan kinematoqrafçılarının son illər istehsal etdikləri "Çölçü" bədii filminin nümayişi də maraqla qarşılanmışdır.
Həmin gün axşam Çexov adına Moldova Dövlət Rus Dram Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilmişdir.
Teatrın foyesində "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" mövzusunda foto və turizm sərgisinin təqdimatı olmuşdur. Ölkəmizin zəngin turizm imkanlarına dair çap materiallarını, qədim tarixini, mədəni irs nümunələrini və müasir görkəmini əks etdirən fotolar tamaşaçılarda xoş təəssürat yaratmışdır.
Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində Moldovanın mədəniyyət naziri Boris Fokşa və Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək iki ölkə arasında qarşılıqlı mədəniyyət mübadiləsinin əhəmiyyətini vurğulamış, bu ənənənin xalqlarımızın daha da yaxınlaşmasına səbəb olacağını bildirmişlər.
Mərasim Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasının nümayişi ilə davam etmişdir. Böyük mütəfəkkirin yubileyi münasibətilə hazırlanan ikihissəli səhnə əsəri tamaşaçıların böyük marağına, gurultulu alqışlarına səbəb olmuşdur.
Tədbirdə Moldovanın keçmiş Prezidenti Petro Luçinski, xarici ölkələrin Moldovada akkreditə olunmuş səfirləri, deputatlar, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Moldovada Azərbaycan Mədəniyyəti Günləri davam edir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.