Qəbələdə "Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır

Noyabrın 7-də Qəbələ şəhərində "Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlamışdır. 
AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Koreya Respublikası, Gürcüstan, Ukrayna, ABŞ, İran, Qazaxıstan, Almaniya və Fransanın tanınmış tarixçi alimləri, arxeoloqları iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə rayonun Çuxur Qəbələ kəndindəki muzeydə Qafqaz Albaniyasının 900 ildən artıq müddətdə paytaxtı olmuş və 2500 illik tarixə malik qədim Qəbələ şəhərinin ərazisində 2005-2012-ci illərdə aparılmış arxeoloji qazıntıların nəticələrinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
Sərgidə SEBA-nın təşəbbüsü və maliyyə dəstəyi ilə yerli və əcnəbi arxeoloqlar tərəfindən antik şəhər yerində, Səlbir yaşayış məskənində, qədim Qala ərazisində aparılmış qazıntılar zamanı əldə edilən 500-ə yaxın maddi-mədəniyyət nümunəsi nümayiş etdirilmişdir.
"Qafqaz Sport" mehmanxanasında keçirilən konfransda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Fəttah Heydərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, SEBA-nın sədri Rühəngiz Heydərova, Qazaxıstan Arxeologiya İnstitutunun direktoru Baurjan Baytanayev, Gürcüstan Arxeologiya İnstitutunun direktoru Vaxtanq Liçeli və başqaları çıxış edərək Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən olan Qəbələdə belə bir konfransın təşkilini yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, son illər Azərbaycanda arxeoloji işlərin və etnoqrafik səfərlərin sayı artmış, uzun illər arxeoloji-etnoqrafik tədqiqatlar aparılmayan bölgələr də tədqiqatlara cəlb edilmişdir. Ölkənin bəzi ərazilərində arxeoloji qazıntı işləri yenidən canlanmış, etnoqrafik məlumatların toplanma miqyası böyümüşdür.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin göstərişi əsasında arxeoloji ekspedisiyaların yüksək səviyyədə maliyyələşdirilməsi işi uğurla davam etdirilir. Bu da Azərbaycanın arxeologiya elminə, abidələrimizin tədqiqinə göstərilən ən böyük diqqət və qayğının təzahürüdür. Ölkəmizdə arxeologiya elminə yüksək qiymət verildiyini qeyd edən natiqlər, ekspedisiyalar üçün ayrılan maliyyə vəsaiti hesabına geniş arxeoloji qazıntıların aparıldığını və çoxlu sayda yeni maddi-mədəniyyət nümunələrinin qalıqlarının aşkara çıxarıldığını xüsusi vurğulamışlar.
Bildirilmişdir ki, Qarabağda, Gəncə-Qazax bölgəsində, Naxçıvanda, Qəbələdə əcnəbi arxeoloqlarla birgə qazıntı işləri aparılmış, bu tədqiqatlarda arxeoloqlarla yanaşı, Avropanın müxtəlif ölkələrindən dəvət edilmiş geomorfoloqlar, paleobotaniklər, topoqraflar və digər elm sahələrinin nümayəndələri də çalışmışlar. Birgə çöl işləri nəticəsində götürülən nümunələr xarici ölkələrin müasir laboratoriyalarına müxtəlif analizlər üçün göndərilmişdir. Əvvəlki illərdə beynəlxalq tərkibli ekspedisiyaların apardıqları arxeoloji qazıntı işlərinin nəticələri barədə elmi məqalələr bir sıra xarici ölkələrdə nəşr edilmişdir.
Qeyd edilmişdir ki, son illər Azərbaycanın qədim dövr abidələri, zəngin tarixi barədə informasiyalar dünya ictimaiyyətinə çatdırılır. Bu baxımdan Azərbaycanın bölgələrində belə beynəlxalq elmi konfransların keçirilməsini, arxeoloji qazıntılar aparılan ərazilərdə görüşlərin təşkil edilməsinin əhəmiyyətini yüksək qiymətləndirən natiqlər konfransın işinə uğurlar arzulamışlar.
Məlumat verilmişdir ki, konfransın işi 3 bölmə üzrə aparılacaqdır. Konfransın proqramına uyğun olaraq Azərbaycanda tunc və erkən dövrə aid şəhər mədəniyyəti abidələrinin arxeoloji araşdırmaları, bu şəhərlərin Qafqazın qədim tarixində mövqeyi, antik dövr şəhərlərinin arxeoloji, memarlıq və tarixi tədqiqatları mövzusunda müzakirələr aparılacaq, eləcə də Azərbaycanın orta əsr şəhərlərinin tədqiqatlarına dair məruzələr dinləniləcəkdir.
Ölkəmizin qədim şəhər abidələrinin tədqiqi işində iştirak edən Azərbaycan, Almaniya, Gürcüstan, Koreya Respublikası, Rusiyanın arxeoloq və tarixçi alimləri konfransda məruzələrlə çıxış edəcəklər.
Konfrans noyabrın 10-dək davam edəcəkdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında