Noyabrın 2-də Dövlət Film Fondunda Azərbaycanın elm, mədəniyyət, sənət və mətbuat tarixinə görkəmli şəxsiyyətlər bəxş etmiş şanlı Seyidzadələr nəslinin iki məşhur nümayəndəsinin - tanınmış ictimai xadim, Azərbaycan tərcümə məktəbinin banilərindən biri Bağır Seyidzadənin və məşhur kinorejissor Hüseyn Seyidzadənin 100 illik yubileylərinə həsr edilmiş mərasim keçirilmişdir.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.
AzərTAc xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə fondun foyesində hər iki şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.
Gecədə Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova, tanınmış memar, akademik Rasim Əliyev, AzərTAc-ın baş redaktoru Tamilla Nuriyeva və AzərTAc-ın baş direktorunun müavini, əməkdar jurnalist Dağbəyi İsmayılov, xalq artisti, kinorejissor, professor Tofiq İsmayılov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur və xalq artisti Fuad Poladov çıxış edərək, hər iki şəxsiyyətin mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından söz açmışlar.
Bildirilmişdir ki, bu görkəmli şəxsiyyətlər - Bağır Seyidzadə və Hüseyn Seyidzadə milli mətbuatımızın və kino sənətimizin müqtədir simalarıdır.
Mənalı ömrünün böyük bir hissəsini Azərbaycanda nəşriyyat-poliqrafiya işinin, mətbuatın, tərcümə məktəbinin inkişafına həsr etmiş Bağır Seyidzadə haqqında fikirlərini bölüşən natiqlər onu həm də bir diplomat kimi səciyyələndirmişlər.
Diqqətə çatdırılmışdır ki, Bağır Seyidzadə çox az yaşamış, cəmi 56 il ömür sürmüşdür. Lakin bu 56 illik ömür yolu böyük bir epoxanı əhatə etmişdir.
Bu şərəfli ömür yolu deportasiyalar, iyirminci əsrin əvvəllərinin təlatümləri, 1937-ci ilin repressiyaları, eyni zamanda, faşizm üzərində Qələbənin sevinci, haqsız təqiblər, həmçinin böyük uğurların şövqü, ehtirası ilə dolu bir epoxa olmuşdur.
Yəqin elə buna görə də 56 illik jurnalist, diplomat, nazir, tərcüməçi ömrü bir əsrin çərçivəsinə sığmayan dəyərli işləri özündə ehtiva edir.
Bağır Seyidzadə ixtisasca mühəndis-texnoloq olmasına baxmayaraq, o mənalı ömrünü mətbuat, mədəniyyət, ən başlıcası isə tərcüməçilik işinə həsr etmişdir.
Fitrətən jurnalist, söz adamı olan Bağır Seyidzadə gənclik illərindən jurnalistikaya bağlanmış, "Kəndli" və "Gənc işçi" qəzetlərində çalışmış, redaktor olmuşdur.
Bağır Seyidzadə çox fəal ictimaiyyətçi idi. Onun bu məziyyətini nəzərə alaraq komsomol işinə irəli çəkmiş, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin büro üzvü, daha sonra katibi seçmişlər.
Bağır Seyidzadə istedadlı diplomat idi. Moskvada diplomatiya kurslarını bitirdikdən sonra onu İranın Maku şəhərində vitse-konsul, Təbriz şəhərində konsul vəzifələrinə təyin etmişlər. Milli hökumət onu "21 Azər" medalına layiq görmüşdür.
Bağır Seyidzadə yüksək dərəcədə təşkilatçı idi. O, Azərbaycanda kinematoqrafiya naziri təyin edilmiş və qısa müddətdə bu sahəni keçmiş ittifaqda qabaqcıllar sırasına çıxarmışdır. Həmin illərdə ekranlaşdırılmış Azərbaycanın "Xəzər neftçiləri haqqında dastan" filmi ilk dəfə Kann festivalında beynəlxalq mükafata layiq görülmüşdür.
Bağır Seyidzadə Azərbaycanda Nəşriyyat-Poliqrafiya İdarəsini yaratmış və o dövrün qəzet-nəşriyyat işinin bilicisi kimi tanınmışdır. Mədəniyyət nazirinin müavini işləyəndə də bu sahənin inkişafına böyük əmək sərf etmişdir.
Bağır Seyidzadə milli tərcümə məktəbinin banilərindəndir. Onun "Görkəmli adamların həyatı" silsiləsindən tərcümə etdiyi kitabları oxuyarkən B.Seyidzadəni sözə necə həssas münasibət bəslədiyinin, orijinal dilin və Azərbaycan dilinin incəliklərini çox yüksək səviyyədə bildiyinə heyran qalırsan.
Bağır Seyidzadənin tərcüməçilik fəaliyyətinin ən qaynar mərhələsi AzərTAc ilə bağlıdır. O, bu agentlikdə direktorun müavini olmaqla bərabər, tərcümə işinin təşkilinə cavabdeh şəxs idi. Onu AzərTAc-da canlı ensiklopediya adlandırırdılar. Bağır Seyidzadə ictimai-siyasi mətnləri çox yüksək səviyyədə tərcümə və redaktə edər, iş yoldaşlarından dəyərli məsləhətlərini əsirgəməzdi.
Ömrünün son illərini operativ siyasi materialların tərcüməsinə həsr etmiş Bağır Seyidzadəni AzərTAc-ın tərcüməçilik məktəbində müstəsna örnək olan bir insan kimi xatırlayırlar. O, öz tərcümələrində dilə çox həssas yanaşır, Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən geniş istifadə edirdi.
Azərbaycan tərcümə məktəbinin baniləri arasında Bağır Seyidzadənin adı xüsusi ehtiramla çəkilir, çünki onun bu sahədə xidmətləri çox böyükdür.
O, "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüş, "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
Bağır Seyidzadə ailəsini çox sevən insanlardan idi. Üç övladı vardı: oğlu Fuad, qızları Dilarə və Xoşqədəm. Onlar da Azərbaycan elminə, mədəniyyətinə dəyərli töhfələr vermişlər.
Natiqlər bildirmişlər ki, ümumiyyətlə Seyidzadələr nəslinin hər bir nümayəndəsi haqqında ayrıca danışmaq lazımdır. Onlardan Moskvada təyyarə zavodunun direktor müavini işləmiş İbrahim Seyidovun, Bağır Seyidzadənin bacıları - Azərbaycanın ilk torpaqşünas alimi Hüzrə xanımın və baytarlıq sahəsində görkəmli mütəxəssis Firuzə xanımın, Azərbaycanın ilk mühəndis qadınlarından olan Zəhra Seyidovanın, Azərbaycanın ilk qadın alim-travmatoloqu, professor Həqiqət Seyidovanın və başqalarının xidmətlərindən söhbət açılmışdır. Bildirilmişdir ki, Seyidzadələr nəslinin iki nümayəndəsinin - Həqiqət xanımın və Hüseyn Seyidzadənin adları Azərbaycan Ensiklopediyasına düşmüşdür.
Gecədə digər yubilyar - görkəmli kinorejissor Hüseyn Seyidzadə haqqında da ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Azərbaycanda ilk rəngli filmin çəkilməsi Hüseyn Seyidzadənin adı ilə bağlıdır. O, Moskvada, ümumittifaq Kinematoqrafiya İnstitutunda A.Kuleşovun və S.Eyzenşteynin sinfində oxumuşdur. V.Petrov, S.Yutkeviç, Q.Aleksandrov, M.Romm, V.Pudovkin kimi tanınmış ustalarla çiyin-çiyinə çalışmışdır.
Hüseyn Seyidzadə Azərbaycan kino sənətinin qızıl fonduna daxil olmuş, dahi Üzeyir bəyin ölməz musiqili komediyası əsasında çəkilmiş "O olmasın, bu olsun", genişformatlı "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qaynana" kimi məşhur ekran əsərlərinin rejissoru olmuşdur.
Tədbirdə Bağır və Hüseyn Seyidzadələrin 100 illik yubileylərinə həsr edilmiş miniatür kitabların təqdimatı olmuşdur.
Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti tərəfindən "İndiqo" nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilmiş kitablar haqqında danışan Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri Zərifə Salahova xüsusi vurğulamışdır ki, həmin nəşrlərdən biri AzərTAc-ın, digəri isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuşdur. Diqqətə çatdırılmışdır ki, yubiley nəşrlərinə daxil edilmiş oçerklərin müəllifləri Tamilla Nuriyeva və Aydın Kazımzadədir. Hər iki kitaba yubilyarların həyat və fəaliyyətlərinin müxtəlif anlarını əks etdirən xeyli fotoşəkil daxil edilmişdir.
Gecədə iştirak edən dövlət və hökumət nümayəndələri, tanınmış elm və sənət adamları hər iki yubilyarın ömür yolundan bəhs edən və ölməz bəstəkarımız Cahangir Cahangirovun "Füzuli" kantatasının musiqisinin sədaları altında hazırlanmış fotolardan ibarət videoçarxa maraqla baxmışlar.
Gecədə, həmçinin Bağır Seyidzadənin Azərbaycanda kinematoqrafiya naziri işlədiyi illərdə ekranlaşdırılmış və Hüseyn Seyidzadənin çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.
Sonda Seyidzadələr ailəsi adından çıxış edən Ülvi Seyidzadə milli mədəniyyətimizin inkişafında xidmətləri olan sənət adamlarına
göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.