Bakıda "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" mövzusunda beynəlxalq elmi konfrans

Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında AMEA Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır. 
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə böyük sənətkarın həyat və yaradıcılığına həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, Azərbaycanın tanınmış söz sərrafı Hüseyn Cavidin əsərləri qiymətli söz inciləri kimi bədii fikir xəzinəmizdə layiqli yer tutur. M.Kərimov Prezident İlham Əliyevin Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında 2012-ci il 16 fevral tarixli sərəncamını xatırladaraq, həmin sənədə əsasən ölkəmizin hər yerində böyük şairə həsr olunmuş silsilə tədbirlərin təşkil edildiyini vurğulamışdır.
Dahi söz ustadının yaradıcılığından söz açan M.Kərimov demişdir ki, Hüseyn Cavidin oxucuda humanist düşüncələr aşılayan, bəşəri duyğular oyadan əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Ədib dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Onun dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan müxtəlif janrda əsərləri qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyasının mühüm rolu olmuşdur.
Böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağı və tədqiq ediləcəyi vurğulanmışdır.
Tədbirdə Bakı Metropoliteninin rəisi, Hüseyn Cavidin qohumu Tağı Əhmədov cavidlər ailəsinin faciəli taleyindən söz açmış, böyük ədiblə bağlı eşitdiyi xatirələri bölüşmüşdür. Bildirmişdir ki, ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin səyi və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq İrkutskdan doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilmişdir.
Plenar iclasda AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının "Şeyx Sənan" faciəsində dünyəvi və ilahi eşqin təqdimi", ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Audrey Alstadtın "Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi", Almaniyadakı "Muğam" Mədəniyyət Mərkəzinin direktoru Əbdülqədir İnaltəkinin "Hüseyn Cavidin əsərlərində Türkiyə türkcəsi", Özbəkistan Təsviri İncəsənət Qalereyası direktorunun müavini Kamola Akilovanın "XX əsr Şərq mədəniyyətində Hüseyn Cavidin yaradıcılığı" və digər mövzularda məruzələr dinlənilmişdir. Natiqlər Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, onun yaradıcılığının məziyyətindən, sənətkarın irsinin öyrənilməsi və təbliğ olunması ilə bağlı görülən işlərdən geniş söz açmışlar.
Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir. İclasda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Özbəkistan və digər ölkələrdən gəlmiş cavidşünas alimlərin məruzələri dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
Konfrans oktyabrın 24-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında