Xalq artisti Habil Əliyevin 85 illik yubileyi qeyd olunmuşdur

Oktyabrın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli kaman ifaçısı, Xalq artisti, "İstiqlal" və "Şöhrət" ordenli Habil Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri filarmoniyanın səhnəsində yubilyarı alqışlarla qarşılamışlar. 
Yubiley mərasimi sənətində əbədi yaşamaq haqqını qazanmış böyük musiqiçinin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan ədəbiyyatşünas alim, Milli Məclisin deputatı, professor Rafael Hüseynov ömrünün 60 ildən artıq bir dövrünü kaman ifaçılığı sənətinə həsr edən Habil Əliyevin sənət yolundan, uşaqlıq və gənclik illərində üzləşdiyi çətinliklərdən, eləcə də tanınmış kaman ustasına bəslənən xalq sevgisindən söz açmışdır.
R.Hüseynov demişdir ki, ürəyinin çırpıntılarını barmaqları ilə kamanın tellərində dilləndirən Habil Əliyev Azərbaycan mədəniyyətində öz məktəbini, ənənəsini yaratmış görkəmli ifaçılarımızdandır. Ustad sənətkarımız kamançanın həyatını tamam dəyişmiş, onun avazına yeni xallar, rənglər gətirmiş, xalqımızın bu qədim musiqi alətini erməni əsarətindən qurtarmışdır. O, öz təkrarsız ifası ilə kamanı xoşbəxt etmişdir, onu danışdıra bilmişdir. Görkəmli sənətkar kamanına ürəyini verməklə "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Bayatı-Kürd", "Segah" və "Zabul" muğamlarına yeni həyat, təravət və cazibə gətirmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarı əlamətdar yubiley münasibətilə təbrik etmişdir.
Tədbirdə bildirilmişdir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Habil Əliyevin sənətinə daim hörmətlə yanaşmaları milli musiqimizə göstərilən ehtiramın təzahürüdür. Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə Habil Əliyev 1964-cü ildə əməkdar artist, 1978-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür. Dövlət tərəfindən müxtəlif orden və medallara layiq görülən Habil Əliyev hazırda Prezident təqaüdçüsüdür. O, 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən "Şöhrət", 2007-ci ildə anadan olmasının 80 illiyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Qeyd edilmişdir ki, televiziyada ilk konserti 1961-ci ildə olan görkəmli sənətkar ötən əsrin 50-ci illərindən başlayaraq mahir kamança ustası kimi məşhurlaşmışdır. 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya gələn Habil Əliyev hələ sovet dövründə dünyanın 30-dan artıq ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Onun kamanının səsi Fransa, Polşa, Misir, Bolqarıstan, Monqolustan, Hindistan, Pakistan, Türkiyə, İran, İsveç, Hollandiya, Şotlandiya, Əlcəzair, Tunis, İngiltərə, İrlandiya, Yaponiya, Suriya, Mozambik, İtaliya, Almaniya, İsveçrə, Amerika kimi ölkələrin möhtəşəm səhnələrindən gəlmişdir. Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun 15-dən artıq mahnısı bu gün də incəsənət ustaları tərəfindən sevilə-sevilə oxunur.
Digər çıxış edənlər də muğam sənətinin inkişafında əvəzsiz xidmətləri olan sənətkarla bağlı xatirələrini bölüşmüşlər.
Yubiley gecəsində xalq artisti Arif Babayevin çıxışı isə əsl dost sevgisinin təzahürü olmuşdur. Həmçinin respublika muğam müsabiqəsinin laureatları İlkin Əhmədovun, Babək Niftəliyevin, Ehtiram Hüseynovun, Səbinə Ərəblinin ifaları məclisin xoş ovqatını daha da artırmışdır.
Filarmoniyanın foyesində kaman ustadının ömrünün ən gözəl anlarını canlandıran fotosərgi də maraqla qarşılanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında