Şriftin ölçüsü:
11.10.2012 04:05 | Oxunma sayı: 1110
Oktyabrın 10-da dünya şöhrətli müğənni Şakira Bakıya gəlmişdir. Müğənni bu gün şəhərimizdə qarşıdakı konsert proqramı ilə bağlı məşqlərə başlamışdır.
Dünya estradasının tanınmış müğənnisi oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"-nin təntənəli bağlanış mərasimində iştirak edəcək, oktyabrın 14-də isə "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Crystal Hall"un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış edəcəkdir.
Dünya şöhrətli müğənninin Bakıdakı konserti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə baş tutacaqdır.
Şakira Bakı səhnəsində konsertinin yüksək səviyyədə keçirilməsi üçün ölkəmizə 75 nəfərlik heyətlə gəlmiş, proqramın hazırlıq işlərinə çoxlu sayda komanda üzvü cəlb olunmuşdur.
Müğənni rəsmi internet səhifəsində Bakıdakı tamaşaçıları üçün möhtəşəm şou nümayiş etdirəcəyinə söz vermişdir.
Təqribən 25 min tamaşaçı tutumu olan "Baku Crystal Hall"un möhtəşəm səhnəsində müğənninin ölkəmizdəki konsertinə tamaşa etmək üçün dünyanın bir çox ölkələrindən pərəstişkarlarının da gələcəyi gözlənilir.
Nadir vokal diapazonu, pop musiqisini özündə əks etdirən qeyri-adi üslubu ilə seçilən kolumbiyalı müğənni Şakira son illər beynəlxalq musiqi arenasının misilsiz incisi kimi məşhurlaşmışdır. Livan əsilli müğənni, eyni zamanda, bəstəkar, rəqqasə və aktrisadır.
Dünya şöhrətli müğənni ötən əsrin 90-cı illərinin sonlarından tanınmağa başlamış və hazırda müasir estrada musiqisinin ən parlaq simalarından biridir. Ərəb və latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanan tanınmış müğənni iki "Qremmi", yeddi "Latın Qremmi", iyirmi iki "Billboard Latın Musiqi" mükafatları da daxil olmaqla, çoxsaylı uğurlara imza atmışdır.
Tanınmış müğənninin müxtəlif vaxtlarda işıq üzü görmüş musiqi albomları dünya xit-paradlarında birinciliyə yüksəlmişdir.
Şakiranın hələ 13 yaşında olarkən işıq üzü görmüş "Magia" musiqi albomu onun dünyada məşhurlaşmasına səbəb olmuşdur.
Sadə studiyada lentə alınmış albomları dünya səviyyəsində 75 milyondan artıq pərəstişkarı tərəfindən alınmışdır. Şakiranın ABŞ-da satılan albomlarının sayı 10 milyona yaxındır. Müğənninin "Hips Don't Lie" musiqisindən ibarət albomu son 10 ilin ən çox satılan musiqi albomu adına layiq görülmüşdür. Həmin albom onun 20 milyondan çox pərəstişkarı tərəfindən alınmışdır.
Tanınmış müğənninin 2010-cu ildə səsləndirdiyi futbol üzrə dünya çempionatının musiqisi - "Waka Waka" ən çox sevilən dünya kuboku mahnısı olmuşdur. Həmin musiqiyə çəkilmiş klip "Youtube" sosial şəbəkəsində 495 milyondan artıq tamaşaçı tərəfindən baxılmışdır.
Müğənnini bir dünya ulduzu kimi məşhurlaşmasında "Laundry Service" musiqi albomuna daxil olan "Whenever, Wherever" mahnısı olmuşdur. Onun bu ilin martında işıq üzü görmüş "Addicted to you" albomu "Billboard Latin Music"in 13 nominasiyasından 6-nın qalibi olmuşdur. Şakiranın müğənni Beyonce ilə ifa etdiyi "Beautiful liar" mahnısı "MTV Music awards"ın mükafatına layiq görülmüşdür.
Şakira 1994-cü ildə Kolumbiya kinomatoqrafçılarının istehsalı olan "El Oasis" (Vahə) teleserialında da rol almışdır.
UNİCEF-in xoşməramlı səfiri olan Şakira həm də xeyriyyə işləri ilə fəal məşğuldur. Müğənni Kolumbiya və bütövlükdə Latın Amerikasından olan aztəminatlı ailələrin uşaqlarının təhsil almaları məqsədilə "Fundacion Pies Descalzos" (Çılpaq ayaqlar) xeyriyyə fondunu yaratmışdır. Şakira xeyriyyəçilik fəaliyyətinə görə 2010-cu ildə BMT-nin Cenevrədə keçirilən təltifetmə mərasimində təşkilatın xüsusi mükafatına layiq görülmüşdür.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.