Musiqi işığında

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun "Musiqi tarixi və nəzəriyyəsi" şöbəsi yeni "Azərbaycan musiqi tarixi" adlı kitabın birinci cildini çapdan buraxmışdır.
Kitab Azərbaycan musiqi tarixinin ən qədim zamanlardan XX əsrə qədərki dövrünü əhatə edir. Qədim dövrün musiqisinin icmalı və təfsirindən sonra ayrıca bölmə kimi musiqimizin təməlini təşkil edən şifahi ənənəli peşəkar xalq musiqimiz- aşıq sənətimiz, muğamlarımız, musiqi folklorumuz-mahnılarımız, rəqslərimiz təhlil edilir, qədim musiqi alətlərimiz təqdim olunur. Burada Nizami dövründə musiqimizin inkişafı, XIII-XV əsrlərdə musiqi elmimizin korifeyləri -S.Urməvi, Ə.Marağayi, F.Şirvani yaradıcılığı haqqında geniş məlumatlar verilir. Kitabda orta əsrin bir sıra musiqi risalələrinin təhlili təqdim edilir. Azərbaycan muğam sənətinin inkişafında Şuşa, Şamaxı və Bakı muğam məclislərinin böyük rolu qeyd olunur.
Burada Qarabağın milli musiqimizin beşiyi, musiqi məbədi olması göstərilir, böyük alim M.M.Nəvvabın və ustad xanəndə C.Qaryağdıoğlunun həyat və yaradıcılığının təhlili verilir. Azərbaycanın çoxəsrlik musiqi mədəniyyətinin XX əsrin əvvəllərində yaranan bəstəkarlıq məktəbinin təməli olması vurğulanır. Onu da deyək ki, musiqi tariximizlə maraqlanan hər kəs üçün bu kitab maraqlı məlumatlar verə bilər.
Sözü gedən kitab haqqında bu günlərdə Azərbaycan Bəstəkarlar Ittifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda keçirilən təqdimat mərasimində geniş və ətraflı məlumat verildi. Mərasimi giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açdı. O, layihənin rəhbəri Zemfira Səfərovanın Azərbaycan musiqi tarixinin öyrənilməsində böyük əməyi olduğunu vurğuladı. Onun "Azərbaycan musiqi elmi", "Dədə Qorqudun musiqi dünyası", "Ölməzlik" kitablarının musiqiçilərə böyük töhfə olduğunu söylədi. "Azərbaycan Musiqi Tarixi" kitabındakı yazıların hər biri lazimi məlumat yükü daşımaqla yanaşı, həm də müəllifin ürəyinin hərarəti ilə oxucuya ünvanlanmış elmi düşüncələrdir.
Sonra tədbirdə akademik Teymur Bünyadov, professor Tariel Məmmədov çıxış edərək nəşrin musiqi tariximizin öyrənilməsində böyük rol oynadığını qeyd etdilər. Çıxış edənlər bildirdilər ki, kitabın paytaxtımızda keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı ərəfəsində çap olunması musiqi dünyasına qiymətli töhfə oldu. Azərbaycanın xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kəriminin rəhbərlik etdiyi qədim xalq çalğı alətləri ansamblının ifasında səslənən Əbdülqadir Marağayinin "Naxış bəstəsi" musiqisi, əməkdar artist Nuriyə Hüseynovanın ifa etdiyi "İrəvanda xal qalmadı" mahnısı məclisə əlavə bir rəng qatdı.
Sonda Zemfira Səfərova mərasimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Kitabın növbəti cildlərinin yaxın vaxtlarda hazırlanıb oxucuların ixtiyarına veriləcəyini bildirdi.

{nl}

Ülviyyə VAHİDQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında