Dünya şöhrətli müğənni Cenifer Lopez Bakıda geniş konsert proqramı ilə çıxış etmişdir

Sentyabrın 23-də dünya şöhrətli müğənni Cenifer Lopez "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Crystal Hall"un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış etmişdir.
AzərTAc xəbər verir ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə baş tutmuşdur.
Konsertə qonaq qismində qatılan tanınmış müğənni və bəstəkar Emin Ağalarov tamaşaçıların qarşısına ilk olaraq "Just for one night" mahnısı ilə çıxmışdır.
Nəfis səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni ötən səhnə çıxışlarında olduğu kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, yeni işıq üzü görən və artıq dünyanın bir çox ölkələrində məşhurlaşan "After the Thunder" albomuna daxil olan mahnıları tamaşaçılara təqdim etmişdir.
Emin Ağalarov bildirmişdir ki, "Baku Crystal Hall"un səhnəsində Cenifer Lopezlə birlikdə böyük konsert proqramı ilə çıxış etmək onun üçün çox xoşdur. Müğənni, həmçinin "Eurovision-2012" mahnı müsabiqəsindən sonra təqribən 25 min tamaşaçı tutumu olan bu möhtəşəm salonun səhnəsində yenidən çıxış etməyin çox həyəcanlı olduğunu söyləmişdir.
"Mən bu konserti çoxdan gözləyirdim. Burada çıxış etmək həmişə böyük məsuliyyətdir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqrama çox təəccüblənəcəklər", - deyə E.Ağalarov bildirmişdir.
Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
E.Ağalarov, həmçinin SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından "Dəniz" mahnısını da səsləndirmişdir.
Müslüm Maqomayevin adını hər zaman uca tutduğunu dilə gətirən müğənni məhz ondan nümunə götürərək sənətdən zövq aldığını qeyd etmişdir.
Tamaşaçılar həmçinin Bakıda keçirilmiş 57-ci "Eurovision" mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olmuşlar.
"After the Thunder" albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin "Eurovision-2012" mahnı müsabiqəsinin finalında oxuduğu "Never enough" mahnısı da alboma daxildir.
Daha sonra səhnəyə çıxan dünya şöhrətli müğənni Cenifer Lopez Bakıdakı pərəstişkarları üçün misilsiz şou nümayiş etdirmişdir.
Tamaşaçılara "Mənimlə oynayın" deyə səslənən C.Lopez ilk olaraq "Love don't cost a thing" mahnısını ifa etmişdir. Möhtəşəm atəşfəşanlıq və mükəmməl akustika ilə müşayiət olunan müğənninin ifası daha sonra "Stay on the floor", "İ'm into you", "Jenny from the block", "Dance again" mahnıları ilə davam etmişdir.
Müğənni ilə birgə ABŞ-ın Los-Anceles şəhərindən ölkəmizə 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıq gətirilmişdir. Konsertin hazırlıq işlərinə 500-dək heyət cəlb olunmuşdur.
Anşlaqla keçən konsertdə C.Lopezin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Müğənninin Bakıdakı konsertini dinləmək üçün dünyanın bir çox ölkəsindən fanatları da gəlmişlər. Nadir vokal diapazonu, pop musiqisini özündə əks etdirən qeyri-adi üslubu ilə seçilən müğənni beynəlxalq musiqi arenasının misilsiz incisi kimi məşhurdur.
Cenifer Lopez iki "Qremmi", iki "Latın Qremmi" mükafatı və üç "American Music Awards" daxil olmaqla, çoxsaylı uğurlara imza atmışdır.
Qeyd edək ki, C.Lopez Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"nin təntənəli açılış mərasimində də çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında