Qabil - Vətən təəssübkeşli böyük şair

Ulu Nəsimiyə doğru can atdı, 
Bir ustad sayağı heykəl yaratdı...

Çağdaş Azərbaycan şeirinin görkəmli nümayəndələrindən olan xalq şairi Qabilə ünvanlanan bu misralar böyük sənətkarımıza məhəbbətdən yoğrulan, istəkdən qaynaqlanan əvəzsiz bir ədəbi qənaət, reallığı dəqiqliklə əks etdirən bədii kəlamdır.
Hamıya bəllidir ki, Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan "Səhv düşəndə yerimiz", "Bakılı", "Qarışdırma", "Çörək", "Təmizlik", "Gülləbaran etdilər", "Nəsimi bazarında", "Beşiyimdir - məzarımdır o mənim", "Dağlar", "Azərbaycan torpağı", "Göygöl", "Mübarəkdir Qız qalası", "Məhəbbət deyil", "Küləkli havalarda, yağışlı havalarda", "Çalma, qaboy", "Çal, qaboy", "Türkün qəbri", "Zarafat eyləmə", "Ümid sənədir ancaq", "Gedən yerim olaydı", "Qoru özünü", "Əslində", "Su qovuşanda", "Gətirmə", "Sənə qurban" kimi fəlsəfi-psixoloji, epik-dramatik fundamental əsərləri ilə əbədiyyət qazanmışdır.
Böyük poeziya qüdrətinə malik şair-filosof Nəsiminin dərin, sarsılmaz inamına və işıqlı idealına üz tutan Qabil bir heykəl ucaltdı. Nəsiminin öz dilində dediyi kimi, onu Azərbaycan ədəbiyyatında bədii-fəlsəfi dillə əbədiləşdirdi:
Mən ol tilsimi pünhan ki, bu gün cahana gəldim,
Əzəli nişansız idim, əbədi nişanə gəldim.
Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o, daima klassikləri, xüsusilə Allaha, gözəlliyə, həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan Nəsimini necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun "Nəsimi"si məhz bu baxımdan sevgiyə canlı bır misaldır. Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah olmuşdur...
On il üzərində işlədiyi poemasmda Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili, fikri-mənəvi aləminin açarını tapmışdır. Nəticədə Qabilin "Nəsimi"sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilmişdir. Onun tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamında və fəlsəfı idrakında qətiyyətlidir, dönməzdir, mənəvi keyfiyyətləri ilə əbədiyaşardır.
Xalq şairi Qabilin 70 illik təntənəli yubiley gecəsində dünya şöhrətli dahi insan, Azərbaycan xalqının əbədi iftixarı, böyük rəhbəri və ümummilli lideri Heydər Əliyev sevimli şairimizin və onun "Nəsimi" poemasının ədəbi və əbədi dəyərini belə qiymətləndirmişdir:
"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da o, çox böyük iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət mükafalına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".
Daha sonra Qabil şəxsiyyətinə də münasibət bildirən ulu öndər dedi:
- Mən bu gün bu yubiley gecəsinə böyük məmnuniyyət hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox böyükdür. Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə dedim ki, sən əsl kişisən. Bu elə-belə söz deyil. Bu, mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə müşahidələrimin nəticəsi idi...
Həmin yubileydə ümummilli lider xalq şairi Qabilin xarakterindəki özünəməxsus incə yumor hisslərindən də söhbət açmışdır.
Bəli, Qabil bu zirvəyə elə-belə gəlib çatmamışdır. O, parlaq istedadı və qüdrətli sənətkar təxəyyülü ilə dövrümüzün ən çox sevilən, oxunan və sayılan şairlərindən olmaqla cəmiyyətimizin elə bir üzvü yoxdur ki, onu tanımasın, sevib qiymətləndirməsin, haqqında qürurla söhbət açmasın.
Qabilin yaradıcılıq yolu şəxsiyyəti ilə daima həmahəng olmuşdur. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Böyük çağdaş şairimizi xalqa sevdirən bir çox amillər vardır ki, onlardan, ən başlıcası Qabil poeziyasına uğur gətirən cəhət yüksək vətəndaşlıq mövqeyinin bu poeziyada güclü şəkildə, poetik dolğunluqla ifadə edilməsidir.
Qabilin dillər əzbəri olan atalar sözü, zərb məsəllər kimi əks-səda verən misraları, rübailəri, beytləri, ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.
Ağrılı yerimizə toxunaq ki, dünənə qədər yaşayıb-yaradan şair dünyadan köç edəndə də hamının qəlbində canlı klassik kimi, deyib-gülən, sevən-sevdirən bir sənətkar kimi qaldı. Ömür karvanının yır-yığış günündə də yazıçı Elçinin, Anarın, Bəkir Nəbiyevin, S.Rüstəmxanlının, Z.Yaqubun, habelə oğlu Mahirin həzin sözlərində, coşqun fıkir və mülahizələrində bu həqiqətə bir daha inandıq ki, sənətkar getdi, lakin, sözü, sənəti, duzlu zarafatları, maraqlı lətifələri əbədi olaraq xalqına yadigar qaldı.
Bunlar bizim üçün bir təsəllidi. Böyük şəxsiyyət, akademik Vasim Məmmədəliyev də bu fıkirdədir ki, Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Onun cismən yoxluğu günü-gündən daha çox bilinir. Lakin biz bir şeylə təsəlli tapırıq ki, Qabilin həmişə oxucusu olub, var və olacaq. Sənətkar üçün əbədiyyət budur. Vaxtı ilə özü öz şeirinə:
Çoxdan ayrılmışıq bir-birimizdən,
Yaxın ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə çevrilmisən sən?
Xatirə eşqinə nahaq düşmüşük.
Hələ xatirəlik bir şeyimiz yox...-
deyən Qabil, artıq xatirəyə çevrilmişdir.
Hələ sağlığında Qabil haqqında Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Cabir Novruzun, Hüseyn Abbaszadənin, Fikrət Sadığın, Tofiq Hacıyevin, Əli Səmədlinin, Abbas Abdullanın, Əzizə Türkanın və onlarca Qabilsevərlərin maraqlı xatirələri və böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri daima yaşayacaqdır.
Qabili bütöv xalq sevir! Qabilə hər bir zəhmətkeş, müəllim, həkim, aqronom, ziyalı olduqca diqqətlidir! Sənətkar üçün bundan böyük xoşbəxtlik yoxdur.

{nl}

Ədalət AĞAGÜLOĞLU, Azərbaycan Universitetinin dissertantı, filoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında