Camaat soruşur ey, Zəlimxan müəllim, harada olmağınızı. Mən bilirəm haradasınız, daha doğrusu haralardasınız. Bilirəm ki, namərd xəstəlik sizi gah Almaniyaya aparır, gah da evinizə gətirir. Zəng edəndə gah sizinlə Almaniyadan danışırıq, gah da evinizdə.
{nl}
İyulun 26-da sizə zəng vurdum ki, hal-əhval tutum. Səsimi eşidən kimi soruşdunuz:
- Xeyrəddin, haradasan?
Bu sualınız da, bilirəm, mənim xəstələnməyimlə əlaqədar narahatlığınızdan, qayğınızdan doğur. Çünki bir neçə aydır (deyəsən, siz məndən əvvəl gediş-gəlişə başlamısınız...) Siz Almaniyaya gedib-gəlirsiniz, mən Türkiyəyə, dəqiq desəm, İstanbula. İstanbul demişkən, İstanbulda mənim baş konsul olarkən yaşadığım evin qarşısınıda, böyük sahəni tutan yaşıl ağacların arasında səhər-səhər birlikdə gəzintilərimiz yadınızdamı? Həmişə birlikdə dərdləşmişik, sənət, ədəbiyyat, ictimai həyat haqqında bir-birindən maraqlı söhbətlər etmişik, fikir və düşüncələrimizi bölüşmüşük. Böyük qardaşım kimi - axı, Siz məndən 8 gün böyüksünüz - söhbətlərinizə diqqətlə qulaq asır və bu söhbətlərdən heç zaman doymamışam. Heç indi də sizin söhbətlərinizdən doymuram, danışıqlarınız, fikirləriniz, düşüncələriniz mənim üçün həmişə maraqlı olacaq. Necə ki, bütün xalqımız üçün maraqlıdır...
Neçə vaxtdır sizi məclislərin başında görmürük, bal kimi şirin, axıcı, mənalı, yalnız özünüzə məxsus danışıqlarınızı eşitmirik. Hər dəfə sizi dinləyəndə yadıma çox dəyərli fikirləriniz düşür: "Adam danışanda kişi kimi danışar, mızıldamaz!" Bu fikrin arxasında çox mətləblər dayanır. Yəni, söhbət yalnız səlis, gözəl danışmaqdan getmir, xarakterdən, simadan, şəxsiyyətdən gedir. Yəni, danışanda doğru-dürüst danışın, məntiqə söykənin, ağzınızdan çıxanı özünüzün də, başqalarının da qulaqları yaxşı eşitsin, nitqinizlə insanları yormayın... demək istəyirsiniz...
Zəlimxan müəllim, tam səmimi deyirəm, bir ildən çoxdurmu, azdırmı bilmirəm, verilişlərin, məclislərin, yubileylərin dadı-duzu azalıb. Siz, doğrudan, heyrətamiz nitqə sahibsiniz. Sizi sevə-sevə dinləməmək, hər kəlmənizə qulaq kəsilməmək mümkün deyil. Siz ekranda olanda şəxsən mən qapını arxadan bağlayıram ki, evdə mane olan olmasın. Sizə qulaq asa-asa bu dünyadan ayrılıram, sizin dünyanıza düşürəm.
Hələ sizin yaddaşınız məni lap heyran edir. Başqa şairlərin şeirlərini sizin qədər əzbərdən bilən heç bir şair tanımıram. Yaddaş demişkən, bu sətirləri yazarkən 2000-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən 50 illik yubileyimi xatırlayıram. Xahiş etmişdim ki, yubileyi siz aparasınız. Həmin gün Naxçıvandan oxucularınızla görüşdən qayıtmışdınız. Deyəsən, heç evə baş çəkməyə də vaxtınız qalmamışdı. Yorğunluqdan gözləriniz də qızarmışdı. Amma yubileyi elə şövqlə apardınız ki, salonda əyləşən Azərbaycanın görkəmli yazıçıları, mədəniyyət, elm və siyasət xadimləri də vurğunluqlarını bildirdilər. Ən təəccüblüsü o idi ki, siz mənim həyatım və yaradıcılığım haqqında elə müfəssəl danışdınız ki, təəccüb etdim, öz-özümə düşündüm: Görəsən, Zəlimxan müəllim uşaqlığımdan indiyədək həyat yolumu haradan bilir? Yubileydən sonra həmin sualı sizə də verdim. Özünüzə məxsus zarafat və gülümsəməklə cavab verdiniz: "Xeyrəddin, mən sənin həyat yolunu sənin özündən yaxşı bilirəm". Doğrusu, indiyə kimi mənim haqqımda səhih məlumatları necə öyrəndiyinizi bilmirəm. Balalarımın xeyir işlərində iştirakınız, sizin bir ailə başçısı, ata kimi mənə verdiyiniz qiymət hamının yanında başımı uca edib. Təqdim etdiyim şəkil də qızlarımdan birinin toyunda çəkilib. Mənə olan hörmət və ehtiramınıza görə minnətdaram! Bilməlisiniz ki, həm də yəqin bilirsiniz, mən sizə böyük hörmət və ehtiram bəsləyirəm. Həyatda elə günlər olur ki, heç zaman unudulmur. Belə günlərdə siz həmişə mənim yanımda olmusunuz. Mən də sizin unudulmaz günlərinizdə iştirak etməyi özümə şərəf sanmışam. Ümumiyyətlə, sizin kimi şəxsiyyətləri görəndə qəlbim qürurla döyünür. Zarafat deyil, öz istedadınla, öz nitqinlə hamıdan fərqlənəsən! Əlbəttə, dövlət də, xalq da sizi lazımınca fərqləndirir. Bütün banlara - bu qayğıya, diqqətə baxmayaraq, həmişə fikirləşirəm: Gərək sizin kimi insanların dünyada heç vaxt, heç bir qayğısı, ehtiyacı olmasın. Gərək belə böyük insanlar ömürlərini pambığın içərisindəki kimi yumşaqlıqla keçirsinlər. Özüm də bilirəm ki, bu mümkün deyil. Nə edim, könül belə istəyir...
Zəlimxan müəllim, yuxarıda qeyd etdim, siz məndən cəmi səkkiz gün böyüksünüz, 1950-ci il yanvarın 21-də siz dünyaya gəlmisiniz, yanvarın 29-da mən. Ad günlərimizdə əvvəlcə mən sizi təbrik edirəm, səkkiz gündən sonra isə siz. Altmış üç yaşın içərisində olsaq da, nə siz qoca görünürsünüz, nə də mən. Amma həyat bizə çox şeyləri öyrədib. Hər ikimiz doğulduğumuz kənddən, obadan gəlib həyatın burulğanlarına atılmışıq. Böyük çətinliklərdən, məhrumiyyətlərdən çıxıb bu günə qədər gəlmişik. Sizi bilmirəm, mən düz beş dəfə əməliyyat olunmuşam. Xəstəliklərə, ehtiyaclara sinə gərə-gərə yaşamışıq. Hər dəfə sizinlə görüşəndə, telefonla danışanda mən sizə demişəm "özünüzə yaxşı baxın", siz mənə. Amma biz heç zaman özümüzə baxa bilməmişik. Kim bilir, bəlkə də həyat elə belə olmalıdır. Onun üçün şirindir. Birdən fikirləşirəm ki, bu yaşa çatdıq, nə gördük ki?! Lakin sizə də, mənə də dövlət tərəfindən qayğı, diqqət göstəriləndə düşünürəm ki, görünür, həyatda nə isə etmişik, kimlərinsə hörmətini qazanmışıq. Bilirəm ki, siz böyük şair olmaqla yanaşı, dövlətimizə, xalqımıza çox bağlısınız. Mən də belə olmağa çalışıram. Ona görə də dövlət bizə qayğı göstərəndə mütəəssir oluruq, qəlbən razılıq hissləri keçiririk. Şəxsən böyük insan Heydər Əliyev mənim ürək əməliyyatıma maddi və mənəvi kömək göstərməsəydi, 14 il əvvəl həyatda olmamalı idim. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi qayğısını görməsəydim, sadəcə, yaşamaq mənim üçün bir az da çətin olardı. Belə qayğı və diqqətin sizə də göstərildiyini bilirəm və qəlbimdə dövlətimizə, dövlətimizin rəhbərliyinə dərin minnətdarlıq hissləri keçirirəm. Dövlətimiz bizim qürur mənbəyimizdir. Yoxsa şairin, yazıçının bir qələmdən başqa nəyi var ki?!
Həmişə eşidirəm, hiss edirəm, belə minnətdarlıq hisslərini siz də keçirirsiniz, yeri gələndə dilinizə də gətirməkdən şərəf duyursunuz. Bəlkə bizi yaşadan elə bu hisslərdir! Biz qardaşımızdan, bacımızdan, qohumlarımızdan görmədiklərimizi dövlətimizdən görürük. Deməli, yaşamağa dəyər!
Əziz dostum, qardaşım! Bəlkə də bu yazıda mən bunları deməməliydim. Amma səmimiyyətim üstün gəlir. Onlar elədikləri yaxşılıqları heç zaman demirlər. Görünür, "Bir əl verəni, o biri əl bilməməlidir" el məsələni unutmurlar. Amma düşünürəm ki, bizi yaşadanları biz də unutmamalıyıq. Hərdən xeyirxahlığı dilə gətirmək lazımdır. Yoxsa, yaxşı işlər arada-bərədə unudulub gedər...
Zəlimxan müəllim, yəqin yadınızdadır, bir-iki ay əvvəl sizin evinizdə görüşdük. Bir gün sonra siz növbəti dəfə Almaniyaya getdiniz, mən də İstanbula. Mən sizdən nigaran qaldım, Siz də məndən. Görünür, ona görə iki gün əvvəl sizə zəng vuranda "Xeyrəddin, haradasan?" - deyə soruşdunuz. Hələlik evimizdə-eşiyimizdəyik, şair! Sonrası nə olacaq, bilmirəm. Amma ürəyimə damıb ki, hər şey yaxşı olacaq. Siz də sağalacaqsınız, mən də. Daha bir-birimizə "haradasan" sualını verməyəcəyik. Bircə onu bilirəm ki, mən və sizi sevən insanlar - hamımız sizin yeni çıxışlarınızı, dəyərli şeirlərinizi gözləyirik. Mən də "Az-az uydururam yeri gələndə". Nə edək, biz də yazı-pozu yolunu tutmuşuq. Bacardığımız budur. Ona görə də səbr eləyin, hər şey yaxşı olacaq. Mən buna inanıram!
{nl}
Xeyrəddin QOCA
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.