Professor Sante de ANGELİS: Azərbaycan dövləti kimi, bu ölkənin insanları da mədəniyyətlərarası dialoqa xüsusi töhfələr verirlər

Krans Montana Forumunun vatikanlı qonağı ölkəmizə böyük rəğbət bəsləyir
İyunun 29-da Bakıda, Heydər Əliyev Mərkəzində öz işinə başlayan və böyük uğurla başa çatan Krans Montana Forumunun qonaqları ölkəmizin paytaxtından çox zəngin təəssüratla ayrılmışlar. Bunu tədbir iştirakçıları həm forum çərçivəsində, həm də bu çərçivədən kənarda üzləşdikləri həqiqətlər və şəxsi təmasları əsasında söyləyirdilər.
Vatikanlı qonaq, Bonifatsiya Akademiyasının prezidenti, professor Sante de Angelisin forum və ölkəmiz haqqında fikirləri isə daha maraqlı idi: - Mən öncə bu forumun təşkilatçılarına, xüsusən, Azərbaycan dövlətinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bu tədbir yer üzərində yaşayan bütün insanların barış və dialoq masası ətrafında əyləşməsinə xidmət edirdi. Biz-elm adamları isə daim həmin prosesin önündə olmalıyıq. Məmnunam ki, Azərbaycan ziyalıları və dövlətiniz həmin missiyanın öhdəsindən məharətlə gəlir. Mən hələ Bakıya gəlməzdən çox-çox əvvəl bilirdim ki, Azərbaycan paytaxtında sivilizasiyalar və mədəniyyətlər arasındakı dialoqun genişləndirilməsi üçün dövri olaraq çoxsaylı beynəlxalq tədbirlər keçirilir.
Bu, müasir dövlət və müasir cəmiyyət üçün xüsusi önəm kəsb edən amillərdən biridir. Bakıda keçirilən Krans Montana Forumuna gəlincə isə qeyd edim ki, bu tədbir Avropanın öz yaxın qonşularına, Azərbaycanın isə Avropaya daha dərindən bələd olması, bir-birini daha yaxşı tanıması baxımından çox əhəmiyyətli idi. Qətiyyətlə deyə bilərəm ki, Bakı Forumunun təşkilatçıları öz qarşılarına qoyduqları ali məqsədə yüksək səviyyədə nail oldular. Dərin müzakirələr aparıldı, müasir dünyanı narahat edən məsələlərin həlli yolları araşdırıldı və sairə. Ancaq mənim üçün maraqlı olan məqam ondan ibarət idi ki, bu ölkənin dövləti kimi insanları da sülhə, xalqlar və dövlətlər arasında dostluğun genişləndirilməsinə xüsusi töhfələr vermək əzmindədirlər. Fikrimi bəzi konkret məqamlarla davam etdirmək istəyirəm.
Mən hələ ötən il Romada azərbaycanlı yazıçı-filosof Hacı Fərhad Mirzənin Moskvada rus dilində çap olunmuş "Kəlamlar" adlı kitabı ilə tanış olmuşdum. Mətni oxuya bilməsəm də, məzmun haqqında mənə məlumat verdilər və müəllifin məramı məni maraqlandırdı. Ona görə də internetdən bu yazıçı haqqında material öyrənməyə çalışdım. Məlum oldu ki, bu alimin şəxsi internet saytı var. Mən həmin saytda müasir kəlamların ingiliscə variantı ilə tanış oldum. Orada cəmiyyət həyatının bütün sahələrini əhatə edən yüzlərlə dəyərli kəlam toplanmışdır. Çox məmnun oldum. Ona görə məmnun oldum ki, bizim bəzi qərəzli həmkarlarımızın dediklərindən fərqli olaraq müsəlman dünyasının dövlətləri arasında olduğu kimi ayrı-ayrı fərdləri arasında da bəşəri dəyərlərə önəm verən, planetimizin aydın sabahı naminə çağırışlar səsləndirən dəyərli şəxslər vardır.
Məni məmnun edən digər bir məqam isə ondan ibarətdir ki, müasir Şərq kəlam məktəbinin ən nüfuzlu nümayəndəsi olan Hacı Fərhad Mirzənin yaradıcılığına ən böyük qiyməti məhz xristian dünyasının ziyalıları vermişlər. "Kəlamlar" kitabı rusca və ingiliscə-Moskvada və Frankfurtda çap olunmuş, Avropa Təbiyyat Elmləri Akademiyası ilə yanaşı, İtaliya Sosial- İqtisadi Tədqiqatlar Akademiyası bu kitabı yüksək qiymətləndirmişdir.
Hacı Fərhad Mirzənin Romanın fəxri vətəndaşı seçilməsi faktını da buraya əlavə etsək, görərik ki, doğrudan da müsəlman dünyasının bu ünlü ziyalısı xristian aləmində də böyük nüfuza malikdir.
Yeri gəlmişkən qeyd edək ki, Vatikanda fəaliyyət göstərən İtaliya Bonifatsiya Akademiyası Krans Montana Forumunda üç nəfərlə təmsil olunurdu. Akademiyanın prezidenti ilə yanaşı, vitse-prezidentlər Paolo Patrizi və Luca Cardinali də Bakı forumunun qonaqları arasında idilər. Əlavə olaraq bildirək ki, bu gün Bonifatsiya Akademiyası Vatikanın aparıcı elmi-ictimai birliklərindən biridir. Bu qurum insanların ruhani aləminin zənginləşdirilməsi və ruhi- mənəvi dəyərlərin daha geniş şəkildə qorunması və inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Akademiyanın prezidenti Santa de Angelis öz elmi mərkəzini formalaşdırarkən Roma Papası İkinci İohan Pavelin şəxsi xeyir-duasını almışdı. Bu gün də akademiyanın ən sıx əməkdaşlıq etdiyi qurum məhz Roma Katolik Kilsəsidir.
Vatikanlı qonaqlar Bakıda səfərdə olarkən məqamdan istifadə edərək yazıçı-filosof Hacı Fərhad Mirzə ilə görüşmüş onun kəlamlarını yüksək qiymətləndirən fikirlər səsləndirmiş, soydaşımıza yeni-yeni yaradıcılıq uğurları arzulamışlar. Hacı Fərhad Mirzə romalı qonaqlara "Kəlamlar" kitabının ingilis dilində olan nüsxələrini də hədiyyə etmişdir.

{nl}

Natəvan İsmayıllı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında