Milli kinomuz yeni inkişaf yolundadır

114 il əvvəl yaranmış Azərbaycan kinosu milli mədəniyyətimizin ayrılmaz bir hissəsi kimi formalaşmış, dünya kinosunda da özünəməxsus bir yer tutmuşdur.
Ümummilli lider Heydər Əliyevin istər sovet dövründə, istərsə də dövlət müstəqilliyi illərində milli kinomuza göstərdiyi böyük diqqət və qayğı bu sahədə ciddi uğurların qazanılmasını təmin etmişdir. Ulu öndərin tövsiyələri ilə hazırlanmış kino haqqında qanun yeni şəraitdə Azərbaycan kinematoqrafiyasının inkişafına hüquqi-normativ əsaslar yaratmışdır. 2000-ci ildən hər il 1 aprel kino işçiləri günü kimi qeyd olunması isə cəmiyyət miqyasında incəsənətin bu sahəsinin nüfuzunun yüksəldilməsinin, onun dövlət himayəsi ilə əhatə edilməsinin göstəricisidir.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev 23 fevral 2007-ci ildə Azərbaycan kinosunun problemlərinin həlli ilə bağlı sərəncamı imzalamış, 4 avqust 2008-ci ildə isə milli kinomuzun 10 illik müddətdə inkişafını nəzərdə tutan dövlət proqramını təsdiq etmişdir. Bütün bunlar milli kinomuzun müstəqillik illərində çətinliklərdən yaxa qurtarmasına, yeni inkişaf yoluna çıxmasına etibarlı zəmin yaratmışdır.
Hazırda kinematoqrafiyamız uğurlu yoldadır. Milli kinomuzun müxtəlif nəsilləri təmsil edən yaradıcıları əl- ələ verib onu dünyada qabaqcıl mövqelərə çıxarmağa çalışırlar. Bu prosesdə, şübhəsiz, kino ictimaiyyətinin təşəbbüskarlığı, mütəşəkkilliyi önəm daşıyır. Lakin bu sahədə illərdən bəri gözlənilən dəyişiklik baş vermirdi. Uzun illər kino xadimlərinin əsas təşkilatı olmuş Kinematoqrafçılar İttifaqı passiv mövqedən çıxa bilmədi, əksinə, son vaxtlarda lüzumsuz siyasətə sürükləndi.
Bu ittifaqın rəhbərliyində təmsil olunan ayrı- ayrı kino xadimlərinin cəhdləri maneələrlə üzləşdiyindən həmin adamlar kino ictimaiyyətinin istəyinə və dəstəyinə arxalanaraq yeni, seçilən bir qurum - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaratma təşəbbüsünü bu günlərdə gerçəkləşdirdilər. Məqsəd aydın, məram xoşdur: milli kinomuzun inkişafı üçün yaranmış əlverişli şəraitdən faydalanmaqla kino təbliğatı işini canlandırmaq və uğur qazana bilən dəyərli əsərlər yaratmaq. Şübhəsiz, əvvəllər ittifaq bu missiyanı həyata keçirə bilsəydi, yeni qurum yaratmağa da ehtiyac qalmazdı.
Lakin kino həyatında baş vermiş bu zəruri, qanuni hadisəyə müxtəlif don geyindirmək istəyənlər tapılır. Belələri, əvvəla, iddia edirlər ki, guya, yeni ittifaq yaradılması kinoda parçalanmaya səbəb olur. Əslində bu, belə deyil, dünya təcrübəsindən də məlumdur ki, demokratik cəmiyyətdə digər yaradıcı adamlar kimi, kinematoqrafçılar da məramlarına görə müxtəlif qurumlarda, cəmiyyətlərdə birləşə bilərlər. Misal üçün, qonşu Rusiyada, Polşada, Macarıstanda və başqa ölkələrdə kino işçilərinin 2 və daha çox peşə qurumları fəaliyyət göstərir.
İkincisi, yeni qurumu yaradanları və burada birləşənləri gözdən salmağa, nüfuzsuz qeyri- peşəkar adamlar kimi qələmə verməyə çalışırlar. Bu da belə deyil. Xalq artisti, professor Şəfiqə Məmmədova, xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" kinostudiyasının direktoru, Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, " Nərimanfilm" şirkətinin prezidenti Nəriman Məmmədov, xalq artistləri, məşhur kinorejissorlar Eldar Quliyev və Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, xalq rəssamı Mais Ağabəyov, xalq artisti, Milli Konservatoriyanın rektopru Siyavuş Kərimi kimi mədəniyyət xadimləri barədə nə haqla belə düşünürlər? Milli kinomuzun yüksəlişinin bütöv bir dövrü bu simaların adı ilə bağlıdır.
Kinomuzun yeni yolla irəlilədiyi bir dövrdə xırda hisslərlə yaşayanlar, köhnə şöhrətə aludə olub yerindən tərpənmək istəyənlərə mane olmasınlar, təcrübəsiz cavanları səhv yola çəkməsinlər.
Görülən iş isə çoxdur. Kinematoqrafçılar İttifaqını yaradanların məramı dövlətin qayğı və himayəsindən yararlanmaqla yaradıcılıq səylərini səfərbər etmək, kinomuzun uğurlarını artırmaqdır. İnanırıq ki, yeni ittifaqda birləşən və ona qoşulacaq adamlar bu yolda gərəkli işlər görə biləcək, milli kinomuzun çağdaş mərhələsini yaddaqalan əməllərlə zənginləşdirəcəklər.

{nl}

Cəmil QULİYEV, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında