Şərəf və ləyaqət anlayışı Cazibə obrazı ilə Azərbaycan qadınını təhqir edənlərə yaddır

Qani Müjdənin türk olması böyük şübhə doğurur
Dünyanın bir sıra nüfuzlu siyasətşünasları birmənalı şəkildə bəyan edirlər ki, regional və qlobal məsələlərin həllində, yeni çağırışların reallaşdırılmasında Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin əvəzsiz müttəfiqidir. Sevindirici haldır ki, bu gün iki ölkə arasında olan münasibətlər yüksək səviyyədədir və bu əlaqələr sürətlə inkişaf edir. Bizi birləşdirən tarixi köklərimiz, dilimiz, dinimiz həmrəyliyimizi daha da möhkəmləndirir, əməkdaşlığımızın genişlənməsinə şərait yaradır.
Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi "Bir millət, iki dövlət" olan Azərbaycan ilə Türkiyənin milli mənafeləri həmişə üst-üstə düşdüyü kimi, düşmənləri də dəyişməz olaraq qalır. Bu gün dünya miqyasında Azərbaycana qarşı təbliğat kampaniyası aparan erməni lobbisi, həm də Türkiyəyə qarşı da geniş fəaliyyət göstərir, onun imicinə zərbə vurmaq üçün hər cür hiyləyə əl atır. Ölkələrimizin qardaşlığa, dostluğa əsaslanan münasibətlərinə qısqanclıqla yanaşan bəzi dairələr isə gecə-gündüz müxtəlif ssenarilər hazırlayaraq həyata keçirməyə çalışır, Türkiyə və Azərbaycan ictimaiyyəti arasında çaşqınlıq yaratmaqla qarşılıqlı sevgi münasibətlərinə mənfi təsir etməyə cəhd göstərirlər. Onların yekun məqsədi odur ki, bu yolla Ankara və Bakının ölkələrimiz üçün xüsusi əhəmiyyətə malik olan məsələlərdə həmrəylik nümayiş etdirməsinə maneçilik törətməklə, regiondakı mövqelərinin zəifləməsinə səbəb olsunlar. Təbii ki, bunu ən çox istəyən və arzulayan ermənilər, eyni zamanda, onların dünyadakı məlum "maraq tərəfdaşları"dır.
Bu mənada antitürk qüvvələrin "beşinci kolonu" funksiyasını yerinə yetirən Türkiyədəki və Azərbaycandakı bəzi dairələrin müxtəlif dövrlərdə fəallaşması, necə deyərlər, "saman altından su yeritməsi" başadüşüləndir. Lakin özünü türk sayan, ölkəsinin, millətinin gələcəyini düşündüyünü iddia edən bəzi insanların öz əməlləri ilə həmin dairələrin məqsədlərinə xidmət etməsi heç də başadüşülən deyil. 2 ildir Türkiyənin ATV televiziya kanalında yayımlanan komediya serialı "Yaxşı Cazibə"nin ssenari müəllifləri Ali Gündoğdu və Qani Müjdəni də bu qəbildən olan insanlar sırasına daxil etmək olar. "Süreç film" şirkəti tərəfindən hazırlanan və Azərbaycanda geniş tamaşaçı auditoriyası qazanmış serialın qəhrəmanı -azərbaycanlı qadın Cazibənin son seriyada fırıldaqçı, xəyanətkar kimi qələmə verilməsi haqlı olaraq Azərbaycan və Türkiyə tamaşaçılarının, ziyalıların böyük narazılığına və etirazına səbəb olub. Hətta sosial şəbəkələrdə azərbaycanlılar və türkiyəli qardaşlarımız Qani Müjdəyə və komandasına "Azərbaycanlı qadınlar namusludurlar. Siz isə yazdığınız axmaq ssenari ilə geniş ictimaiyyətə Azərbaycan qadınını əxlaqsız kimi təqdim etmisiniz. Dünyanın heç bir ölkəsində Azərbaycan qadınına qarşı bu cür təhqirlərə yol verilmədiyi halda, qardaş Türkiyədə, özünü bu ölkənin vətəndaşı hesab edən insanlar tərəfindən belə bir şərəfsizliyə qol qoyulması hər kəs tərəfindən nifrətlə qarşılandı. Sizin kimi insanların qardaşlığınız da bu qədərdir, maddiyatın başladığı yerdə qardaşlıq bitir" kimi etirazlar əksini tapıb.
Məlumdur ki, serialın baş məsləhətçisi Azərbaycanın tanınmış aktrisası Məlahət Abbasova idi. Doğrusu, onun tövsiyələri əsasında çəkilən filmdə bu cür sonluğun baş verəcəyinə heç bir azərbaycanlı inana bilmirdi. Sonradan məlum olub ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin heysiyyatı ilə oynayan Ali Gündoğdu və Qani Müjdə serialın son bölümünün çəkilişini Məlahət Abbasova orada olmadığı zamanda reallaşdırıblar. Bu barədə "Lent.az" saytına açıqlama verən xanım aktirisamız deyib ki, o, həqiqətən də baş verənlərdən xəbərsiz olub: "Həmin bölümü izləyəndə şoka düşdüm. Mənim filmin istehsalçısı "Süreç film"lə müqaviləm Cazibənin olduğu müddətə qədər idi. Mən həmin vaxtadək orada baş məsləhətçi vəzifəsində olmalı idim. 92-ci seriyada Cazibə Kamalı tərk edib Bakıya dönür, mənim də baş məsləhətçi vəzifəm burda bitir. Həmin seriya çəkiləndən sonra mən Bakıya gəldim və yenidən Türkiyəyə qayıtdım. Sonra mənə dedilər ki, 93-cü seriya da çəkilib. Amma mən bundan xəbərsiz olmuşam". Məlahət Abbasova olanlara görə çox üzüldüyünü də deyib: "Bir anlam verə bilmirəm buna. Dərhal Qani Müjdəyə zəng elədim, telefonu bağlı idi. Sonra isə rejissoru yığdım. O da bu vəziyyətə heç bir aydınlıq gətirə bilmədiyini və belə bir finaldan çox üzüldüyünü söylədi. Mən inana bilmirəm ki, 2 ildir reytinq qazanan bir serial bir anın içində necə bu hala düşdü? Türkiyədəki tamaşaçılar da çox pis olublar".
Məlahət Abbasova filmin baş qəhrəmanları Cazibə və Kamalın Azərbaycana müraciətlərini də çatdırıb. Cazibənin ifaçısı Aslıhan Gürbüz söyləyib ki, vəkili ilə məsləhətləşdikdən sonra Azərbaycan xalqı üçün yazılı açıqlama verəcək. Abbasova deyib ki, Aslıhan serialın belə sonluqda bitməsinə görə ağlayıb da: "İnanın, o qız olanlara görə o qədər pis olmuşdu. Mənə "nə olar, bütün Azərbaycan xalqından üzr istəydiyimi və buna görə çox üzgün olduğumu çatdırın. Mən böyük bir şok yaşadım. Özlərinin yaratdıqları Cazibə roluna bir anda xəyanət elədilər". Kamal da bu cür final səhnəsinə görə məyusdur. O deyib ki, azərbaycanlılar bizim qardaşlarımızdır, bu cür son olmamalıydı". Aktrisamız bu cür ssenarinin Azərbaycanla heç bir əlaqəsi olmadığını, "Süreç film"lə Aslıhan arasında yaranan hər hansısa bir problemdən qaynaqlandığını ehtimal etdiyini deyib: "Ola bilər ki, Aslıhanla "Süreç film" arasında nəsə problem olub. Onlar da yəqin qisası bu yolla almağı düşünüblər. Bu, Azərbaycana deyil, Aslıhana edilən haqsızlıqdır.
Amma Azərbaycanın mənafeyini düşünməyiblər. Nə olursa-olsun, son belə olmamalı idi. Onlar bizim iki illik əməyimizi heç etdilər. Mənə xəbər vermədən özlərindən ssenari yazıblar. Mətni oxusaydım, ortalığı ayağa qaldırardım". Aktrisamız serialın yaradıcı heyətindən Azərbaycan xalqından üzr istəməyi tələb edib: "Buna görə mənim milli qürurum incidi. Tək mənim deyil, filmin rejissorundan tutmuş aktyorlaradək hamı çox üzgündür. Ən azından filmi istehsal edən şirkət buna imkan verməməli idi. Film istehsaçlısı, ssenari qrupu, başda Ali Gündoğdu və Qani Müjdə olmaqla Azərbaycan xalqından üzr istməlidirlər. Cazibə rolu o qədər təmiz bir roldur ki, hamı bunu bilir. O fırıldaqçı idisə, niyə Kamaldan pul, var-dövlət almırdı? Axı bunu da onlar çəkmişdi. Üç qəpiyə dəyən beyinləri ilə bizim əməyimizi sıfıra endirdilər". Serialın ssenari müəllifi isə utanmadan onu ittiham edənlərə, guya "əsaslı arqumentlərlə" cavab verməyə çalışıb: " Biz serialın finalını Cazibə və Kamalın körpəsi ilə edəcəkdik, lakin prodüsser son seriyaya gəlməyəcəyini bildirdi və biz də tələsik üzdə olan heyətlə sonuncu bölümü çəkdik. Yenə də xoşbəxt sonluqla bitirdik. Kamalın Simgeyi seçməsi üçün mütləq filmdə xəyanət lazım idi, bu səbəbdən Cazibəni istəməyərək mənfi qadın obrazında çəkmək məcburiyyətində qaldıq. Cazibəni mən yaratdım, mən də öldürdüm". Qani Müjdə Cazibəni əxlaqsız qadın rolunda təqdim etməklə Azərbaycan qadınına qarşı təhqirə yol verməsini öz ampuluasına sadiq qalaraq belə izah edib: "Finalda azəri qadınlarının təhqir olunduğunu deyən dostlar, serialın 92-ci bölümündə yerdən yerə vurduğum Simgeyin də türk vətəndaşı olduğunu unutmasınlar. Yersiz ittiham etməyin". Belə yerdə deyirlər ki, "utanmasan oynamağa nə var ki". Ssenari müəllifin belə bir rəzalətə haqq qazandırmaq cəhdi bu insanın və onun fikrini bölüşənlərin maddiyyatı hər şeydən üstün tutduqlarını, türk, Azərbaycan qadınına qarşı həqarətlərini açıq nümayiş etdirir. Azərbaycan ictimaiyyəti Türkiyə ziyalısından, yaradıcı insanlarından özünə qarşı bu qədər alçaldıcı münasibətin ortaya qoyulacağını ağlına belə gətirə bilməzdi. Qani Müjdə kimi insanlar hələ də anlamır və ya anlamaq istəmirlər ki, serialdakı Cazibə gözəlliyi, fədakarlığı, dürüstlüyü ilə sırf Azərbaycan qadınının simvoluna çevrilmişdi. Və həmin filmdəki çox sayda Türkiyə vətəndaşlarının içərəsində yeganə Azərbaycan vətəndaşı idi. Belə olan halda, Cazibə bir xalqın və hətta bir dövlətin vətəndaşlarının ümumi təmsilçisinə çevrilir. Onu təhqir etmək isə istər-istəməz bir xalqı və Azərbaycan dövlətinin vətəndaşlarını təhqir etmək mənasına gəlir ki, bunu ancaq bizə düşmən olan ermənilər, anti-Azərbaycan və anti-türk qüvvələr edə bilərdi. Qani Müjdə bu addımı atmaqla bilərəkdən və ya bilməyərəkdən həmin dairələrin məqsədlərinə xidmət etmiş oldu. Bu isə hər kəsdə dərin təəssüf və qəzəb hissləri doğurur. Sonda onu qeyd etmək istərdik ki, bu məsələdə xarici anti-Azərbaycan dairələrinin əlinin olduğu barədə iddialar da Azərbaycan vətəndaşlarının Türkiyədən belə münasibət gözləmədiynin açıq göstəricisi kimi anlaşılmalıdır. Qani müjdələrin cəhdlərinə anti-türk baxmayaraq Türkiyə ilə Azərbaycan ictimaiyyəti və dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri daim inkişaf edir, güclənir. Sarsılmaz dostluğa, əbədi qardaşlığa söykənən Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı regionda sülhün, sabitliyin bərqərar olmasına, iqtisadi inkişafın daha da sürətlənməsinə istiqamətlənib. Ötən illərin təcrübəsi bir daha belə deməyə əsas verir ki, bu münasibətləri korlamağa çalışan, iki ölkənin cəmiyyətləri arasında çaşqınlıq yaratmağa cəhd göstərənlər öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında