Şriftin ölçüsü:
05.06.2012 06:16 | Oxunma sayı: 785
AMEA Folklor İnstitutunun elmi işçisi Nizami Muradoğlunun rəhbərlik etdiyi "Araz" Ziyalılar İctimai Birliyi Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Naxçıvan Muxtar Respublikasının qədim mədəniyyəti və tarixinin xaricdə təbliği" adlı layihəsi çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində konfrans-sərgi keçirmişdir.
İctimai Birlikdən AzərTAc-a bildirmişlər ki, konfrans-sərgi Azərbaycan-Rusiya dostluq əlaqələrinin 20 illiyi və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü tədbirlərinin keçirildiyi əlamətdar tarixə təsadüf etmişdir.
Sankt-Peterburq şəhərinin tarixi yeri olan Petropavlovsk qalasında keçirilən tədbirin yüksək səviyyədə təşkilində Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Naxçıvan" Azərbaycanlıların Dostları Cəmiyyətinin rolu qeyd edilməlidir.
Tədbir keçirilən zalda Naxçıvan MR-nın ərazisində mövcud olan qədim tarixi abidələrin 40-dan artıq fotoşəkilləri nümayiş etdirilmişdir.
Konfransı giriş sözü ilə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni açaraq Naxçıvanın Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatında oynadığı rolun əhəmiyyətini qeyd etmişdir.
"Araz" Ziyalılar İctimai Birliyinin sədri Nizami Muradoğlu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Burada yaşayan azərbaycanlılar bu yurdun ən qədim sakinləridir. Onların məişətində, mədəniyyətində, folklorunda, memarlıq abidələrində yaşı min illərlə ölçülən izlərin aşkar edilməsi dünya alimlərinin bu yerlərə diqqətini cəlb etmişdir. Orta əsrlər dövrünün tarixçi alimi Stefan Arbeliani Naxçıvan şəhərinin əsasının bizim eradan əvvəl 1539-cu ildə qoyulduğunu yazmışdır.
Naxçıvanın ərazisində tapılan qədim yazılı mənbələr, arxeoloji materiallar, Gəmiqaya rəsm yazıları bir daha sübut edir ki, Naxçıvanın 5 min ildən çox yaşı vardır.
Bu nadir diyar bütün zamanlarda Azərbaycanın, ümumiyyətlə, Yaxın Şərqin iqtisadi-siyasi və mədəniyyət mərkəzlərindən biri olmuşdur. 2010-cu ildə türk dövlətləri prezidentlərinin Naxçıvanda yüksək səviyyədə görüşlərin keçirilməsi bunu bir daha sübut edir.
Naxçıvan, eyni zamanda, görkəmli şəxsiyyətlərin vətənidir. Böyük memar Əbubəkr Əcəmi, görkəmli rəssam Bəhruz Kəngərli, dahi dramaturq Hüseyn Cavid, görkəmli yazıçılar Cəlil Məmmədquluzadə, M.S.Ordubadi, kimyaçı alim Yusif Məmmədəliyev bu torpaqda böyüyüb boya-başa çatmışlar. Naxçıvan həm də, ümummilli lider, Azərbaycan xalqının əbədiyaşar oğlu Heydər Əliyevin vətənidir.
Məlumat verilmişdir ki, Naxçıvan heç vaxt Azərbaycandan ayrı olmamışdır. Sovet imperiyası dövründə Naxçıvan torpağının böyük bir hissəsi, 623 kvadratkilometr sahəsi kəsilib ermənilərə verilmişdir. Naxçıvanın Azərbaycan ilə dəmiryol əlaqəsi ermənilər tərəfindən kəsilmiş, muxtar respublika faktiki olaraq blokada şəraitinə salınmışdır. Lakin biz inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində erməni işğalına son qoyulacaq, Qarabağ torpaqları işğaldan azad olunacaq, Naxçıvan ilə Azərbaycan arasında dəmiryol xətti bərpa ediləcəkdir.
Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov Sankt-Peterburq şəhərində belə bir tədbirin keçirilməsini müsbət dəyərləndirmişdir. O qeyd etmişdir ki, Azərbaycanın qədim diyarı Naxçıvanın təbliği ilə bağlı olan tədbirin Sankt-Peterburq şəhərinin möhtəşəm Petropavlovsk qalasında keçirilməsinin tarixi əhəmiyyəti vardır. Bu tədbirin Azərbaycan-Rusiya dostluq əlaqələrinin yaradılmasının 20 illiyi və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü gününə təsadüf etməsi əlamətdar bir hadisədir
Tədbirdə çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, filologiya üzrə fəlsəfə doktoru Müslüm Şahbuzlu, iqtisad elmləri doktoru Aydın Mehdiyev, "Naxçıvan" Azərbaycanlıların Dostları Cəmiyyətinin sədri İdris Qəhrəmanov, yazıçı-jurnalist Həsən Məsimov, Peterburq Vilayət Məclisinin deputatı Səyyad Əliyev, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi Asif Qasımov, "Lider" televiziyasının Sankt- Peterburqdakı müxbiri Anar Ələkbərov, "Vətən" Cəmiyyətinin sədri Məzahir Həsənov və digər iştirakçılar tədbirin əhəmiyyətindən danışmışlar.
Konfransın sonunda 8 dəqiqəlik "Azərbaycanın qədim diyarı Naxçıvan" filmi nümayiş etdirilmiş və 50 ədəd disk, Naxçıvana həsr edilmiş kitablar, broşürlər tədbir iştirakçılarına paylanmışdır. Bundan əlavə, tədbirin fəal iştirakçıları "Araz" Ziyalılar İctimai Birliyinin və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun hədiyyələri ilə mükafatlandırılmışlar.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.