Azərbaycan "Eurovision" mahnı müsabiqəsi tarixində möhtəşəm bir uğura imza atdı

Hər birimiz bugünlərdə ölkəmizlə daha çox fəxr edir, Azərbaycan Respublikasının vətəndaşı olduğumuza görə daha çox qürur hissi keçiririk. Həqiqətən də respublikamızla fəxr etməyə, qürurlanmağa dəyər. Çünki tarixi nöqteyi-nəzərdən çox qısa müstəqillik dövrü ərzində Azərbaycan qeyri-adi sürətlə inkişaf etmiş, dünya əhəmiyyətli layihələri reallaşdırmış, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş, BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma üzv seçilməklə beynəlxalq siyasətdə söz sahibi olduğunu bir daha təsdiqləmişdir.
Ötən dövr ərzində ölkəmiz mühüm əhəmiyyət kəsb edən beynəlxalq səviyyəli ictimai, siyasi, iqtisadi və mədəni tədbirlərin məkanına çevrildiyini dəfələrlə sübut etmişdir. Növbəti belə bir tədbir isə Bakıda keçirilən Avropanın böyük mədəni hadisəsi hesab olunan "Eurovision-2012" musiqi müsabiqəsi oldu. Müsabiqə yüksək səviyyədə təşkil olundu və keçirildi, müsabiqənin Təşkilat Komitəsi, Azərbaycanın dövlət orqanları, Avropa Yayım Birliyi, İctimai Televiziya üzərilərinə düşən vəzifələri tam yerinə yetirməklə bir daha beynəlxalq ictimaiyyətin rəğbətini qazandılar.
Azərbaycan "Eurovision- 2012" mahnı müsabiqəsinə çox qısa vaxtda hazırlaşdı. Hətta bəzi üzdəniraqlar ironiya ilə iddia edirdilər ki, ölkəmiz hazırlıq işlərini yekunlaşdıra, bu dəfə tədbiri lazımi səviyyədə keçirə bilməyəcək. Ancaq tam əksinə oldu. Qısa zamanda paytaxtımızın arxitekturasına xüsusi gözəllik bəxş edən "Baku Crystal Hall" tikilib istifadəyə verildi, Bakının əvəzsiz incilərindən olan Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışı oldu. Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsini möhtəşəm bir məkanda yüksək səviyyədə keçirdi. Bunun üçün təhlükəsizlik, nəqliyyat, viza, yerləşdirmə və digər məsələlər heç bir problem olmadan, peşəkarlıqla həll edildi. Azərbaycana səfər edən nümayəndə heyətləri, jurnalistlər, qonaqlar onlara olan diqqət və qayğıdan, tədbirin yüksək səviyyədə təşkilindən, Bakının müasirliyi və gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən tam razılıqlarını ifadə etdilər və məmnun qaldıqlarını bildirdilər.
Bu reallıq müxtəlif ölkələrin, o cümlədən qonşu dövlətlərin mətbuat səhifələrində də öz əksini tapdı. Türkiyənin "Hürriyət" qəzetinin köşə yazarı Ertuğrul Özkök Azərbaycanın təşkilatçılığı ilə bağlı öz təəccübünü və sevincini gizlədə bilməyərək yazıb ki, qardaş ölkənin keçirdiyi "Eurovision-2012" indiyədək izlədiyim ən möhtəşəm tədbirdir: "Afərin, Azərbaycan! Bu vaxtadək biz belə bir tədbir görmədik. Bunca ildir "Eurovision" izləyirəm. Bunca ildir hər dəfə həyəcanlanıram. Ancaq heç biri sonuncuya bənzəmir. Biz Türkiyədə tədbirlərin keçiriləcəyi məkanlara, açılışların təşkilinə bu qədər diqqət etməmişik. Biz Azərbaycanda ölkələrin təkcə musiqidə deyil, təşkilatçılıqdakı fərqini də görməyə başladıq. İllər keçdi, Avropanın sərhədlərinin genişləndiyini gördük. Bizim sərhədimizdə sona çatan "mahnı coğrafiyası" bizdən Şərqə doğru genişləndi. Uzun sözün qısası, mən bugünədək belə gözəl "Eurovision" açılışı görmədim... Baxın görün Avropanın estetik keyfiyyəti harada başlayır. Afərin, Azərbaycan!". Rusiyanın kütləvi informasiya vasitələri isə Azərbaycanda keçirilən tədbirləri "Eurovision 2012" musiqi müsabiqəsinin tarixində unikal hadisə adlandırıb. Məsələn, "Qolos Rossii" radiosunun saytında yerləşdirilən məqalədə deyilir: "İş təkcə müsabiqənin keçirildiyi məkanda deyil. Avropanın müxtəlif yerlərindən buraya gələn iştirakçıların, jurnalistlərin və tamaşaçıların sözlərinə görə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Hələ köhnə dünyanın sakinlərini heyrətləndirən ənənəvi Qafqaz qonaqpərvərliyindən danışmırıq".
ABŞ-ın nüfuzlu "The Washington Times" qəzetində dərc olunan "Azərbaycan yüksəlişdə və füsunkarlıq işığındadır" sərlövhəli məqalədə isə qeyd olunur ki, ötən dövr ərzində keçmiş sovet respublikasının paytaxtı öz tutqun sənaye imicindən azad olmuş, qədim dünyanın İstanbul cazibədarlığını və Dubayın memarlıq nailiyyətlərini özündə birləşdirən ciddi işgüzar mərkəzə çevrilmişdir. İndi isə bura islahatların nəticələrini nümayiş etdirmək üçün ideal səhnə əldə etmişdir. Çünki Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilir. Müəllif yazır ki, Bakı gecələri bolluq və özünə inam əlaməti kimi gözqamaşdırıcı cəlalı ilə seçilir. Yenilənmiş arxitektura moderni və İslam dövrünə aid binalar üç göydələndən ibarət olan və axşamlar işıqlanan, yaxud teleekranlara çevrilən "Flame Towers" kompleksi kimi müasir konstruksiyalarla diqqət uğrunda mübarizə aparır. Yüksək keyfiyyətli restoranlar və eksklüziv dizayner geyimlərinin satıldığı butiklər ölkədə 20 il davam edən neft bumu sayəsində güclənən, sürətlə artan zəngin elitadan xəbər verir. "The İndependent" qəzetində dərc olunmuş məqalədə də ölkəmizin bu nüfuzlu yarışa ciddi hazırlaşması və hər bir şeyə diqqətlə yanaşması yüksək qiymətləndirilir: "Bakının hava limanı yarışın reklamı ilə al-əlvan bəzədilib. Eyni şeyi Azərbaycanın paytaxtındakı hər bir avtobus və ya taksiyə, eləcə də bir çox binalara aid etmək olar".
Onu da deyək ki, tədbiri işıqlandıran bütün jurnalistlər onların sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını, tədbirin keçirildiyi "Baku Crystal Hall"da yaradılan Mətbuat Mərkəzinin bütün texniki vasitələrlə təmin edildiyini və yüksək standartlara cavab verdiyini xüsusi vurğulayıblar. Azərbaycana gələn qonaqlar Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın sürətli inkişafı, müasir cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, əhalinin rifahının yaxşılaşması və digər sahələrdə əldə edilmiş mühüm nailiyyətləri də yüksək qiymətləndirmiş, Azərbaycanın avrointeqrasiya istiqamətində sürətlə irəliləyən ölkə olduğunu xüsusi qeyd etmişlər. Onların fikrincə, "Eurovision-2012" bu yarışmanın 57 illik tarixində ən möhtəşəm müsabiqə oldu. Azərbaycan Avropa ailəsinə yüksək səviyyəli şou təqdim edə bildi. "Eurovision-2012" Azərbaycan dövlətinin güclü potensialını, onun istənilən məsələni həll etmək bacarığını, dünya səviyyəli tədbirləri təşkil etmək və keçirmək üçün geniş imkanlara malik olduğunu açıq nümayiş etdirdi. Əminliklə demək olar ki, "Eurovision-2012" Azərbaycan üçün dünyaya öz zəngin mədəniyyətini, adət-ənənələrini, milli xüsusiyyətlərini, müstəqillik illərində əldə etdiyi uğurları, o cümlədən müasir, demokratik cəmiyyət quruculuğunu, güclü iqtisadi potensialını təqdim etmək, həmçinin öz milli problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün gözəl fürsət olmuşdur.
Yuxarıda qeyd etdiyimiz bütün bu təqdirəlayiq məqamlarla yanaşı "Eurovision-2012" mahnı müsabiqəsi daxili anti-milli və xarici anti-Azərbaycan qüvvələrin yarışmanı siyasiləşdirmək, Azərbaycana qarşı piar kampaniyası aparmaq, ölkəmizi nüfuzdan salmaq, beynəlxalq ictimaiyyətin diqqətini süni şəkildə qabardılmış əsası olmayan məsələlərə yönəltmək cəhdləri ilə də yadda qaldı. Maraqlıdır ki, indiyədək Avropanın müxtəlif ölkələrində keçirilən 56 "Eurovision" musiqi müsabiqəsinin heç birində tədbirin siyasiləşməsi istiqamətində cəhdlər olmamışdır. "Eurovision-2012" musiqi müsabiqəsinin bu cür cəhdlərə səhnə olması sadəcə təəssüf doğurur. Siyasi ekspertlər belə hesab edirlər ki, qüdrətlənən, beynəlxalq aləmdə mövqeləri möhkəmlənən ölkəmizin reallıqlarını təhrif etmək, bizə zərbə vurmaq üçün anti-Azərbaycan qüvvələri bu dəfə daha hiyləgər vasitəyə əl atmışdılar. Erməni lobbisi, Azərbaycanda müəyyən maraqlarını gerçəkləşdirmək istəyən bəzi Qərb dairələri və dağıdıcı müxalifət sinxron şəkildə bütün qüvvələrini səfərbər etmək zərurətinin olduğunu anlamışdılar və bu istiqamətdə ardıcıl işlər görürdülər.
Dağıdıcı müxalifət növbəti dəfə açıq şəkildə öz anti-milli, satqın, riyakar simasını nümayiş etdirdi. Öz cılız ambisiyalarını reallaşdırmaq üçün xalqın maraqlarını tapdalayan Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev bir daha sübut etdilər ki, onlar məkrli niyyətlərinə çatmaq üçün istənilən qüvvə ilə, o cümlədən erməni lobbisi ilə əməkdaşlıq edə bilərlər. Onlar və "İctimai Palata" adlı qondarma qurumun digər üzvləri isə, həmişəki kimi, ölkəmiz əleyhinə aparılan bu böhtan və qarayaxma kampaniyasın əsas oyunçularına çevrilmişdilər. AXCP sədri Almaniyada nəşr olunan müxalifət qəzetlərinə müsahibələr verir, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər Almaniya Azad Demokratlar Partiyasının (FDP) sədr müavini, xanım Bricit Homburgerlə görüşür və ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı, demokratiya və insan haqları ilə bağlı, həqiqətə uyğun olmayan cəfəngiyatlar danışır. Yəni xaricdəki havadarlarından daha çox qrant almaq üçün onların sifarişlərini canla-başla yerinə yetirirdilər.
Azərbaycanın "Eurovision- 2012" musiqi müsabiqəsini keçirməyə layiq demokratik ölkə olmadığı barədə ictimai rəy formalaşdırılmağa çalışıldığı bir vaxtda, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasser Azərbaycanda "Eurovision"u boykot çağırışı ilə bağlı çıxış edir, Almaniya Bundesdaqında təmsil olunan "Yaşıllar" fraksiyası və Almaniyanın insan haqları üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı ittihamlar səsləndirir, əsassız olaraq insan haqlarının pozulduğunu iddia edirdilər. Almaniyanın ölkəmizdəki səfiri Herbert Kveller isə heç bir diplomatik qaydalara uyğun olmayaraq ölkəmiz əleyhinə aparılan kampaniyada iştirak edirdi. Anti-Azərbaycan qüvvələrin "beşinci kolonu" funksiyasını yerinə yetirən dağıdıcı müxalifət gələn sifarişləri xüsusi canfəşanlıqla yerinə yetirməklə, müxtəlif qanunsuz aksiyalar keçirməklə, xarici mətbuata qərəzli açıqlamalar verməklə Azərbaycanın reputasiyasını ləkələmək üçün bütün mümkün vasitələrdən istifadə etdilər. "Beşinci kolonun" digər elementi olan bir neçə QHT-dən ibarət şəbəkə "Demokratiya naminə oxu" kampaniyası adı altında müxtəlif tədbirlər təşkil edərək beynəlxalq ictimaiyyətdə guya Azərbaycanda insan haqlarının pozulduğu, söz və məlumat azadlığının məhdudlaşdırıldığı haqqında rəy formalaşdırmağa çalışdılar. Leyla Yunus, Emin Hüseynov və digər anti-milli ünsürlər aldıqları qrantların müqabilində Azərbaycana düşmən xarici qüvvələrin vassalı rolunda çıxış etdilər.
Xatırlayırsınızsa, Azərbaycandakı dağıdıcı müxalifət, daxildəki və xaricdəki anti-Azərbaycan qüvvələri ilə birlikdə ermənilər də hər cəhdlə Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə kölgə salmaq üçün hər cür vasitələrə əl atdılar. Demək olar ki, son aylaradək Ermənistanı Azərbaycanda keçiriləcək "Eurovision-2012"mahnı müsabiqəsində əslən Bakıdan olan və hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan Lusina Mun adlı sənətçinin təmsil edəcəyi barədə xəbərlər yayılırdı. Lakin bu il martın 7-də yayılan məlumatlarda Ermənistan tərəfinin "Eurovision-2012" mahnı müsabiqəsində iştirakdan imtina etdiyi məlum oldu. Göstərilən səbəb isə hətta müsabiqənin təşkilatçıları, beynəlxalq ictimaiyyət tərəfindən də ironiya ilə qarşılandı. Guya, tolerantlıqdan uzaq olan Azərbaycan Ermənistana və dünya erməniliyinə qarşı düşmənçilik edir. Ona görə də belə bir ölkədə erməni təmsilçisinin iştirakı yolverilməzdir. Çox gülünc bir arqument idi. 1992-ci il fevralın 26-da əli yüzlərlə xocalının qanına batmış cinayətkar Serj Sarkisyan və onun terrorçu komandası görün Azərbaycanı nə ilə ittiham edirdi? Heç şübhəsiz, "Eurovision-2012" mahnı müsabiqəsində imtina da əliqanlı Sarkisyanın erməni təmsilçisinə və ölkənin İctimai teleradio şirkətinə təzyiqləri nəticəsində olmuşdu.
Bəli, erməni lobbisi və Ermənistanın "Eurovision-2012" musiqi müsabiqəsini əngəlləmək, onun keçirilməsinə mane olmaq üçün bütün resurslarını səfərbər etmişdilər. Lakin nəticədə Ermənistan dünya ictimaiyyətinin gözü qarşısında pis vəziyyətdə qaldı və bu ölkənin ictimai yayımçısı Avropa Yayım Birliyi tərəfindən cərimələndi. Azərbaycandakı radikal müxalifət isə növbəti dəfə ictimai qınaqla üzləşdi, xalqımız hər zaman olduğu kimi, onların çağırışlarına əhəmiyyət vermədi. Bakıda Avropanın böyük və şərəfli mahnı müsabiqəsi hesab olunan "Eurovision-2012" mahnı müsabiqəsi yüksək səviyyədə keçirildi. Ölkəmiz bununla öz müstəqillik tarixinə daha bir şərəfli səhifə yazdı, mötəbər tədbirlərin keçirilməsinə qadir olduğunu bir daha təsdiqlədi. Azərbaycan müstəqil və güclü dövlət kimi öz iradəsini reallaşdırmaq qüdrətinə malik olduğunu, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün maneələri dəf etməyi bacardığını hamıya göstərdi.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında