Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməyə tamamilə hazırdır

Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin milyonlarla izləyicisi birinci yerin sahibini müəyyən edən səsvermənin nəticələrini gözləyərkən ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində öz müştərilərinə Azərbaycan və türk mətbəxinin zəngin çeşidləri ilə xidmət göstərən dəbdəbəli "Levantes" restoranında yarışmanın finalını izləyənlər gecənin qalibini artıq seçmişdilər.
"Eurovision"a dəstək" yayım tədbirinin iştirakçıları üçün əsl qalib bu mötəbər yarışmaya yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan və onun paytaxtı Bakı şəhəri idi. Azərbaycan icmasının 70-dən çox üzvü amerikalı dostları ilə bir araya gələrək Vətənə dəstək vermək və bütün dünya azərbaycanlılarının sevincini bölüşmək üçün mahnı müsabiqəsini izləmişlər.
Müsabiqədə ifaçıların çıxışları arasındakı fasilələrdə ölkəmizin tarixi, mətbəxi, təbiəti və mədəniyyətini əks etdirən kadrlar nümayiş etdirilərkən restoranın Azərbaycan bayraqları ilə bəzədilmiş zalı alqışlara bürünürdü. Azərbaycanı bu müsabiqədə təmsil edən Səbinə Babayevanın məşhur muğam ustası Alim Qasımovun müşayiəti ilə "When The Music Dies" mahnısını ifa etməsini həmvətənlərimiz həyəcanla ayaq üstə dinləmişlər.
"Eurovision"a dəstək" yayım tədbirinin iştirakçılarından olan Qarabağ Fondunun icraçı direktoru Diana Koen Altman möhtəşəm final şousu ilə bağlı fikirlərini bölüşərək demişdir: "Bakıda keçirilən "Eurovision-2012"nin finalını burada canlı izləyənlər əsl beynəlmiləl bir qrupdur. Hamı müxtəlif ölkələrin təmsilçilərini dəstəkləyir, müxtəlif mahnılara rəğbət bəsləyir. Lakin burada Azərbaycan mədəniyyətinə xas əsl dostluq ruhu və ab-havası hökm sürür. Ekranda Azərbaycanın adı səslənərkən tamaşaçıların üzündəki təbəssüm və yekdil şəkildə alqışları buna sübut idi. Bakının gözəlliyinə hamı heyran qaldı".
ABŞ Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov isə demişdir: "Əlbəttə ki, biz Bakının bu mötəbər müsabiqəyə mükəmməl şəkildə ev sahibliyi edəcəyinə əmin idik. Lakin Azərbaycanı yaxşı tanımayanlar, ekranda inkişaf etməmiş, kasıb sabiq sovet ölkəsini görəcəklərini düşünürdülər. Belə möhtəşəm şoudan sonra onların rəyi tamamilə dəyişdi. Gördülər ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməyə tamamilə hazırdır. Ümid edirəm ki, gələcəkdə biz, Vətənimizin irimiqyaslı idman və digər tədbirlərə ev sahibliyi etməsini tez-tez görəcəyik. İcmamızın üzvləri adətən, xalqımızın tarixində əlamətdar hadisələrin ildönümləri ilə bağlı keçirilən tədbirlərdə bir yerə toplaşır. Bu gün isə bizim üçün əsl bayramdır. Çünki bizə ruh yüksəkliyi və qürur hissi gətirən gözəl bir şouya tamaşa etmək üçün toplaşmışıq".
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da "Eurovision"na dəstək" yayım tədbirinin iştirakçılarına qoşulmuşdur. Sevinc hisslərini bölüşən diplomat qeyd etmişdir: "Xaricdə yaşayan həmvətənlərimiz və Azərbaycanın hər bir dostu ölkəmizlə fəxr edə bilər. Belə mötəbər tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsi iki amili sübut edir: Azərbaycan bütün sahələrdə böyük irəliləyişlər əldə etmişdir və ölkəmiz nəinki "Eurovision" mahnı müsabiqəsində qalib gəlməyi, eyni zamanda, bu yarışmaya mükəmməl şəkildə ev sahibliyi etməyi bacarır. Bir Azərbaycan vətəndaşı kimi Vətənimizlə bu qədər qürurlandığımıza görə mahnı müsabiqəsinin təşkilatçılarına minnətdarlığımı bildirirəm".
"Eurovision"na dəstək" yayım tədbirləri Nyu-York, Boston, Hyuston, Portland şəhərlərində də təşkil edilmişdir.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında