Vaxtın yel qanadında Azərbaycanın ev sahibliyi ilə keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı da arxada qaldı. Avropanın mədəni həyatında çox mühüm hadisəyə çevrilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsindən artıq bizi günlər deyil, saatlar ayırır.
İkinci yarımfinalda da bütün Avropanın təkcə nəzərləri deyil, eləcə də ən baxımlı telekanalları ekranlarını Bakı vaxtı ilə köklədi. Canlı efirlərə çıxış anına Xəzərin sahilində ucaldılmış bənzərsiz "Baku Crystal Hall"dan başlanan ikinci yarımfinal da unudulmaz tarixə çevrildi. Bu mərhələdə də Azərbaycan paytaxtı yaddaqalan bir gün yaşadı. İstər yerli, istərsə də xarici qonaqların çılçırağa, nura qərq olmuş bəmbəyaz Bakı gecəsinin aydınlığında saatın fərqinə belə varmadan "Baku Crystal Hall"a doğru istiqamətlənməsi və bu möhtəşəm yarışmanın canlı tamaşaçısına çevrilməsi bütövlükdə on minlərlə insanın yaddaşında unudulmaz tarixə döndü.
"Baku Crystal Hall" "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinal şousu zamanı da səhnəyə çıxan hər bir ifaçının təmsil etdiyi ölkənin bayrağı rəngində işıqlandırılması arenaya qeyri-adi bir gözəllik və möhtəşəmlik bəxş etmişdir. Beləliklə, Bakı səhnəsi 18 ölkənin bayrağına bürünmüşdür. Bu hadisə mayın 26-da reallaşacaq final mərhələsində də təkrarlanacaqdır. Bununla da arena ümumilikdə 42 dövlətin bayrağı ilə işıqlandırılacaqdır.
Mayın 24-də saat 00:00-da "Baku Crystal Hall"da "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı başlanmışdır.
İlk olaraq səhnəyə çıxan "Eurovision-2012" şoularının aparıcıları Eldar, Leyla və Nərgiz bu mötəbər layihənin tamaşaçılarını yenidən salamlamış, bütün iştirakçılara uğurlar arzulamışlar.
Sonra 57-ci "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinal şousunun iştirakçıları olan 18 ölkənin -Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina və Litvanın təmsilçiləri bir-birinin ardınca "Baku Crystal Hall"un səhnəsinə çıxmışlar.
Bakı səhnəsində ilk olaraq Serbiya təmsilçisi Zeljko Yoksimoviç görünərək müsabiqədə ölkəsini özünün bəstələdiyi "Nije Ljubav Stvar" mahnısı ilə təmsil etmişdir. Müsabiqədən əvvəl verdiyi müsahibələrdə Zeljko Yoksimoviç "Baku Crystal Hall"da çıxışı üçün qeyri-adi şou hazırlandığını və bu şounun digərlərindən fərqlənəcəyini bildirmişdi. Müğənninin mahnısının ritmində olduğu kimi, təqdimatında da hərəkət və enerji daha qabarıq hiss olunmuşdur.
"Baku Crystal Hall"un səhnəsinə ikinci çıxan Makedoniya təmsilçisi xanım Kaliopi Bukle gözəl performansı ilə yadda qalmışdır. Kaliopi Bukle müsabiqədə ölkəsini müəllifi olduğu "Black and White" mahnısı ilə təmsil etmişdir.
Makedoniyalı təmsilçi ölkəsində məşhur pop ifaçısı, bəstəkar, şairə kimi tanınmaqla yanaşı, humanitar tədbirlərdə də fəal iştirak edir.
Niderland təmsilçisi xanım Joan Frankanın Bakı səhnəsində ifa etdiyi "You And Me" müsabiqə mahnısı alqışlarla qarşılanmışdır.
Əsl adı Aytən Kalan olan Niderland təmsilçisi müğənni olmaqla yanaşı, bəstəkar və şairədir. Əslən türk olan, uşaqlıqdan teatra və musiqiyə həvəs göstərən müğənni ilk mahnısını 17 yaşında ifa etmişdir. Teatr, poeziya və musiqini həyatının mənası adlandıran ifaçının səhnə geyimi hindu qiyafətlərini xatırlatmışdır.
Maltanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Kurt Kalleya "This is the night" mahnısı ilə çıxış etmişdir. Gözəl performansla yadda qalan 22 yaşlı müğənni 2005-ci ildən ifaçılıq sənəti ilə ciddi məşğul olmağa başlamışdır. Malta təmsilçisi İngiltərədə olduğu müddətdə boş vaxtlarını piano dərsləri almağa, kiçik səhnələrdə çıxış etməyə sərf etmişdir.
Ölkəsini "We are The Heros" mahnısı ilə təmsil edən Belarusun "Litesound" rok qrupu 2005-ci ildə Dmitri və Vladimir Karyakin qardaşları tərəfindən yaradılmışdır. Qrupun üzvləri nəinki Belarusda, onun hüdudlarından kənarda da xeyli populyardırlar. Qrupun məşhur "Solo Per Te" mahnısı isə 20 həftə müddətində İtaliya hit-paradlarının zirvəsində durmuşdur.
"Baku Crystal Hall"da "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalında səhnəyə çıxan növbəti ifaçı isə Portuqaliya təmsilçisi xanım Filipa Sousa olmuşdur. Ölkəsini "Vida Minha" mahnısı ilə təmsil edən iyirmi yeddi yaşlı Filipa Sousa 16 yaşından müntəzəm olaraq Portuqaliyanın milli musiqi növü sayılan "Fado" ilə məşğuldur.
Ukrayna təmsilçisi Qaytana Essami "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalında "Baku Crystal Hall"un səhnəyə yeddinci çıxmışdır. Beş yaşınadək Konqoda yaşamış xanım Qaytana Essami müğənnilik karyerasına 1991-ci ildə başlamışdır. Ötən il "UEFA Avro 2012"nin rəsmi dostu" adına layiq görülmüş Qaytana Essami Bakı şousunda Ukraynanı "Be my guest" mahnısı ilə təmsil etmişdir.
Bolqarıstan təmsilçisi Sofi Marinova bir sıra festivalların iştirakçısı və qalibidir. Qaraçı mənşəli müğənni geniş səs diapazonuna sahibdir. Repertuarında pop-folklor və etnik musiqi janrlarının üstünlük təşkil etdiyi Bolqarıstan təmsilçisinin mahnılarından ibarət "Stari Rani" toplusu ən çox gəlir gətirən musiqi albomları siyahısındadır.
"Eurovision-2012" mahnı müsabiqəsində ölkəsini "Love Unlimited" mahnısı ilə təmsil edən Sofi Marinovanın səhnədə nümayiş etdirdiyi performans tamaşaçıları heyran etmişdir.
Sloveniya təmsilçisi Eva Boto "Eurovision-2012" mahnı müsabiqəsinin ən gənc ifaçısıdır. Gitarada da ifa etməyi bacaran 16 yaşlı xanım Eva Boto müsabiqədə ölkəsini "Verjamem" mahnısı ilə təmsil etmişdir.
İkinci yarımfinalda Bakı səhnəsinə çıxan növbəti ölkənin təmsilçisi isə xorvatiyalı Nina Badriç olmuşdur. Müxtəlif musiqi müsabiqələrində uğurla çıxış edən müğənni "Nebo" mahnısı ilə çıxış etmişdir. O, bu gün Xorvatiyanın ən məşhur estrada ulduzlarından biridir.
Yarışmada "Euphoria" mahnısını ifa edən İsveç təmsilçisi Lorin əslən Mərakeşdəndir. Onun əsl adı Lorine Zineb Noka Talhaouidir. O, İsveçin "İdol 2004" müsabiqəsindən sonra populyarlıq qazanmışdır.
Bakı şousunda çıxış etmək üçün 9 ifaçı arasından seçilmiş Gürcüstan təmsilçisi Anri Joxadze yaddaqalan performans göstərmişdir. O, 57-ci "Eurovision" mahnı müsabiqəsində ölkəsini "I'm a jocker" mahnısı ilə təmsil etmişdir.
"Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalında "Baku Crystal Hall"un səhnəsinə çıxan növbəti ifaçı qardaş Türkiyəni bu yarışmada təmsil edən Can Bonomo olmuşdur. Müsabiqədə ölkəsini "Love Me Back" mahnısı ilə təmsil edən gitaraçı Can Bonomo sənətdə ilk addımlarını 8 yaşında atmışdır. O, İstanbuldakı Bilgi Universitetinin kino və televiziya fakültəsində təhsil almışdır.
Estoniya təmsilçisi Ott Lepland kiçik yaşlarından həyatını musiqi ilə bağlamışdır. Müsabiqədə ölkəsini "Kuula" ("Listen") mahnısı ilə təmsil edən Ott Leplandın 1995-1996-cı illərdə uşaq mahnılarından ibarət 4 musiqi albomu buraxılmışdır. Onun sonuncu musiqi albomu isə 2011-ci ilin dekabrında işıq üzü görmüşdür.
Slovakiya təmsilçisi Max Jason Mainin ifa etdiyi "Don't Close Your Eyes" mahnısının musiqisi və sözləri özünə məxsusdur. Müğənninin əsl adı Miroslavl Smajdadır. Slovakiya təmsilçisinin repertuarında pop, rok janrında musiqilər üstünlük təşkil edir.
"Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalında ölkəsini "Stay" mahnısını ifa edən Norveç təmsilçisi Touraj Keshtkar tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. İranda doğulmuş bu ifaçı bir yaşında olarkən ailəsi Norveçə köçmüşdür. 16 yaşından model sənətinə gələn Touraj Keshtkar daha sonra karyerasını televiziyada davam etdirmişdir. Norveç təmsilçisi uşaqların müdafiəsi üzrə təhsil almışdır və hazırda reabilitasiya şöbəsində uşaq müdafiəsi üzrə məsləhətçi işləyir. O, bu işini gərgin və ictimai cəhətdən faydalı hesab edir.
Bosniya və Herseqovinanın "Eurovision- 2012" mahnı müsabiqəsindəki təmsilçisi Maya Sar yarışmanın ikinci yarımfinalında ölkəsini "Korake Ti Znam" ("I know your footsteps") mahnısı ilə təmsil etmişdir. Maya Sar gənc olmağına baxmayaraq musiqi aləmində bir sıra nailiyyətlərə imza atmışdır.
"Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalında "Baku Crystal Hall"un səhnəsinə sonuncu çıxan müğənni Litva təmsilçisi Donny Montell olmuşdur. O, Bakı səhnəsində ölkəsini "Love is blind" mahnısı ilə təmsil etmişdir. Əsl adı Donatas Montvidas olan müğənninin musiqi həyatı ölkəsinin "Pesnya, pesenka" müsabiqəsindən başlamışdır.
Tamaşaçılar bu performansların sonunda 15 dəqiqəlik fasilə zamanı səs verə bilmişlər.
Münsiflər və tamaşaçıların səsverməsi nəticəsində 18 ölkəni təmsil edən ifaçılar arasından finala keçən 10 ölkənin təmsilçisi müəyyən olunmuşdur.
İkinci yarımfinalda 18 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: 1. Litva, 2. Bosniya və Herseqovina, 3. Serbiya, 4. Ukrayna, 5. İsveç, 6. Makedoniya, 7. Norveç, 8. Estoniya, 9. Malta, 10. Türkiyə.
İkinci yarımfinalda çıxış edən Niderland, Belarus, Portuqaliya, Bolqarıstan, Sloveniya, Xorvatiya, Gürcüstan və Slovakiya təmsilçiləri isə finala vəsiqə qazana bilməmişlər.
Gecədə son beş ilin "Eurovision" qalibləri Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalında "Baku Crystal Hall"un səhnəsində interval aktında çıxış etmişlər.
"Eurovision" mahnı müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performans nümayiş etdirmişdir.
"Eurovision" ulduzları tamaşaçılar qarşısında indiyədək görmədiyimiz bir üslubla, Azərbaycanın milli instrumentlərinin - tar, kamança, nağara, saz və balabanın müşayiəti ilə çıxış etmişlər.
Məşhur beşlik birlikdə 1974-cü ildə İsveçin "ABA" qrupuna qələbə qazandıran "Waterloo" mahnısını səsləndirmişdir.
Canlı şoudan dərhal sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçirmişlər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırmışlar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin mayın 26-dakı finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilmişdir.
Püşkatmanın nəticələrinə görə, "Eurovision-2012" mahnı müsabiqəsinin finalında Litva 4-cü, Bosniya və Herseqovina 5-ci, Serbiya 24-cü, Ukrayna 25-ci, İsveç 17-ci, Makedoniya 22-ci, Norveç 12-ci, Estoniya 11-ci, Malta 21-ci, Türkiyə 18-ci çıxış edəcəklər.
Müsabiqənin ikinci yarımfinalını dünyanın 46 ölkəsində televiziya ilə canlı yayımlanmışdır. Televiziya tamaşaçılarının sayı isə 300 milyon nəfərdən çox olmuşdur.
Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı da böyük uğurla başa çatmışdır.
Bununla da "Eurovision-2012" mahnı müsabiqəsinin final şousunda iştirak edəcək ölkələrin adları və çıxış ardıcıllığı məlum olmuşdur: 1.Böyük Britaniya, 2.Macarıstan, 3.Albaniya, 4.Litva, 5.Bosniya və Herseqovina, 6.Rusiya, 7.İslandiya, 8.Kipr, 9.Fransa, 10.İtaliya, 11.Estoniya, 12.Norveç, 13.Azərbaycan, 14.Rumıniya, 15.Danimarka, 16.Yunanıstan, 17.İsveç, 18. Türkiyə, 19.İspaniya, 20.Almaniya, 21.Malta, 22.Makedoniya, 23.İrlandiya, 24.Serbiya, 25.Ukrayna, 26.Moldova.
"Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakıya gəlmiş xarici jurnalistlər Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm musiqi yarışmasına hazırlığı, "Baku Crystal Hall"un bənzərsizliyini, xalqımızın milli adət - ənənələrini, səmimi münasibətini, qonaqpərvərliyini yüksək qiymətləndirmişdir.
Niderlandlı jurnalist Sipke Yan demişdir ki, "Eurovision" müsabiqəsinin bir cəhəti də burada müxtəlif millətlərin, müxtəlif baxışların bir araya gəlməsidir. Azərbaycanda isə bütün bunlar üçün çox yaxşı şərait yaradılmışdır. Qonaq bildirmişdir ki, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olunmuşdur. Mətbuat Mərkəzində də müxtəlif millətlərdən olan jurnalistlər yanaşı işləyirlər. Bu da çox yaxşıdır. Burada hər şey mükəmməldir. Jurnalistlər üçün hər cür şərait yaradılmışdır. Azərbaycan xalqı çox mehribandır. Ölkədə millətindən asılı olmayaraq hər kəsə mehribanlıq göstərilir.
Birinci yarımfinalda əvvəlcədən təxmin etdiyi ölkələrin hamısının finala çıxdığını söyləyən Norveç Fanklubunun prezidenti Mortan Tomassen müsabiqəyə həm də jurnalist kimi qatıldığından məşqləri Mətbuat Mərkəzindən izləmişdir.
Ümumiyyətlə, iyirmi ildir fanat, son altı ildə isə Norveç Fanklubunun prezidenti kimi fəaliyyət göstərən Mortan Tomassen "Eurovision-2012" yarışmasının Bakıda keçiriləcəyini eşidəndə heç də təəccüblənmədiyini söyləmişdir. Onun fikrincə, əgər Azərbaycan bu tədbirə bir neçə ildir qatılmışdırsa və nəhayət təmsilçiləri müvəffəqiyyət əldə etmişlərsə, deməli, ölkə tədbirin keçirilməsinin öhdəsindən gələcəkdir.
İki həftədir Bakıda olduğunu söyləyən Mortan Tomassen şəhərimizlə kifayət qədər tanışdır. Onun qənaətinə görə, Bakı Avropanın inkişaf etmiş ölkələrinin paytaxtları ilə rəqabət aparmaq səviyyəsində olan gözəl şəhərdir.
Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün qısa müddətdə böyük işlərin görüldüyünü söyləyən bildirən Böyük Britaniyadan olan jurnalist Rob Furber demişdir: "Baku Crystal Hall" moderndir. Başqa bir cəhət isə burada jurnalistlər üçün yaradılmış şəraitdir".
İlk dəfə Bakıda olduğunu deyən jurnalist şəhərin meqapolisə çevrildiyini diqqətə çatdırmışdır. Bakı xüsusilə gecələr çox gözəl görünür. Gəzməli yerləriniz, fəvvarələriniz adamda yaxşı təəssürat yaradır, hər şey təmiz və səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər.
Azərbaycan təmsilçisindən danışan Rob Furber Səbinə Babayevanın fantastik və heyranedici vokalçı olduğunu, onun ilk beşliyə çıxa biləcəyini söyləmiş və bütün iştirakçılara uğurlar arzulamışdır.
"Baku Crystal Hall"un səhnəsi və jurnalistlər üçün yaradılmış şərait bütün standartlara cavab verir. Burada hər şey xoş təsir bağışlayır". Bu fikirlərin müəllifi isə "Eurovision" mahnı müsabiqəsi üzrə xarici medianın nümayəndəsi Şarlen Raytşdir. Bütün məşqlərdə iştirak etdiyini söyləyən jurnalist iştirakçıların müsabiqəyə ciddi hazırlaşdıqlarını, ifa etdikləri mahnıların, səhnə davranışlarının və geyimlərinin bir-birini tamamladığını söyləmişdir. Həmçinin Bakı səhnəsində onların məşqləri üçün hər cür imkan olduğunu demişdir.
Artıq iki həftədir Bakıda olduğunu söyləyən Şarlen Rayt işin çoxluğundan yalnız həftənin son günlərində şəhəri gəzdiyini, bununla belə buradan zövq aldığını diqqətə çatdırmışdır.
Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsinə yüksək səviyyədə hazırlaşdığını, müsabiqənin keçirildiyi "Baku Crystal Hall"un çox modern olduğunu isə Avstriya jurnalisti Maria Mackinqer demişdir. O, bildirmişdir ki, yüksək standartlara cavab verən Mətbuat Mərkəzində şounun işıqlandırılmasını təmin edən əsas amillər - kompyuterlər, sürətli internet, müsahibələrin alınması üçün ayrılmış xüsusi yerlər, jurnalistlərin istirahəti ilə bağlı yaradılmış şərait KİV nümayəndələrinin səmərəli işləməsinə imkan verir.
Bir həftədir Bakıda olduğunu söyləyən jurnalist vaxtının böyük bir hissəsini əsasən Mətbuat Mərkəzində keçirdiyini, yalnız qısa bir müddətə şəhəri gəzdiyini söyləsə də, gördüklərindən heyran olduğunu bildirmişdir.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.