Azərbaycanın xalq artisti, professor Zöhrab Adıgözəlzadə son mənzilə yola salınmışdır

Mayın 25-də milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, görkəmli pianoçu, Azərbaycanın xalq artisti, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə son mənzilə yola salınmışdır. 
Vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.
Mərhumun cənazəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Zöhrab Adıgözəlzadənin həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın akademiyanın binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Mərasimdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Türkiyənin Əskişəhər Anadolu Universitetinin professoru Bülənd Alonar, xalq artistləri Firəngiz Əlizadə, Siyavuş Kərimi, Xuraman Qasımova və əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov çıxış edərək bildirmişlər ki, milli ifaçılıq məktəbinin tanınmış nümayəndəsi Zöhrab Adıgözəlzadə Azərbaycan xalqının qədim tarixi köklərə malik musiqi ənənələrinin layiqincə yaşadılmasında, təbliğ edilməsində əvəzsiz xidmətlər göstərmişdir.
Bildirilmişdir ki, 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olmuş Zöhrab Adıgözəlzadə 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirdikdən sonra taleyini bu tədris ocağı ilə bağlamış, burada müəllim, dosent, professor kimi gənc musiqiçilər nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərmişdir. Bir çox ifaçılar ilk yaradıcılıq addımlarını məhz ustad sənətkarın köməyi ilə atmış, böyük səhnədə öz istedadlarını nümayiş etdirmişlər.
Vurğulanmışdır ki, Zöhrab Adıgözəlzadə Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərinin ən məharətli ifaçılarından olmuşdur. O, Azərbaycan fortepiano məktəbini bir çox ölkələrdə uğurla təmsil etmişdir.
Diqqətə çatdırılmışdır ki, 1990-cı ildən ömrünün sonunadək o, Türkiyədə, Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Görkəmli pedaqoqun beynəlxalq festival və müsabiqələrdə iştirak edən tələbələri Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa edirlər.
Sənətkar milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə əməkdar artist, 1981-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Mərhumun ailəsi adından çıxış edən Həsən Adıgözəlzadə qardaşının sənətinin bütün pərəstişkarlarına və matəm mərasimində iştirak edənlərə təşəkkürünü çatdırmışdır.
Sonra tələbələri, ailə üzvləri, qohumları mərhumla vidalaşmışlar.
Xalq artisti Zöhrab Adıgözəlzadənin cənazəsi akademiyanın binasından qaldırılaraq Yasamal qəbiristanlığına gətirilmişdir. Burada mərhumun ruhuna dua oxunmuşdur. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq unudulmaz sənətkar Zöhrab Adıgözəlzadənin cənazəsi doğma torpağa tapşırılmışdır. Məzarın üzərinə əklillər, gül dəstələri düzülmüşdür.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında