"Mən Azərbaycanı kəşf edirəm" mövzusunda inşa müsabiqəsinin qalibləri "Eurovision-2012"nin finalını canlı izləyəcəklər

Heydər Əliyev Fondu tərəfindən elan edilən "Mən Azərbaycanı kəşf edirəm" mövzusunda beynəlxalq inşa müsabiqəsi başa çatmışdır. "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçı dövlətlərində 9-18 yaşında fiziki qüsurlu məktəblilər arasında keçirilən inşa müsabiqəsinin 18 nəfər qalibi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizə səfərə gəlmişdir. 
Müsabiqənin qalibləri və onları müşayiət edən yaxınları 3 saylı uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsində yerləşdirilmişlər. Düşərgədə fiziki qüsurlu uşaqların rahatlığı və əylənmələri üçün hər cür şərait yaradılmışdır.
Paytaxtımızın qonağı olan inşa müsabiqəsinin qalibləri mayın 25-də Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə tanış olmuşlar. Burada onlara Qala qəsəbəsinin tarixi, əhalisinin həyat tərzi və məşğuliyyəti barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, 5 min il əvvəl burada yaşayış olmuşdur. Bakının digər yaşayış məskənləri kimi, Qala kəndi də yadelli işğalçıların hücumlarının dəf olunmasında mühüm rol oynamışdır. Ta qədimdən kənd sakinləri dulusçuluq, heyvandarlıq, əkinçilik, dəmirçiliklə məşğul olmuşlar. Ötən əsrin 30-cu illərindən başlayaraq kəndin ərazisində ilk neft quyuları qazılmışdır. Əkin sahələri neft mədənlərinin altında qaldığından qalalılar kənddən köçməyə başlamışlar. Kəndin evləri sökülmüş, tarixi abidələri dağıdılmışdı. Lakin 1988-ci ildə Qalanın tarixi hissəsində Azərbaycan hökumətinin qərarı ilə Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılması bu kəndin itməkdə olan etnoqrafiyasını özünə qaytarmışdır.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Abşeron yarımadasında tapılmış eramızdan əvvəl III və II minilliklərə aid kurqanlar, qayaüstü rəsmlər, məişət və bəzək əşyaları, silah və sikkələr toplanmış, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi bərpa olunmuşdur.
Qala Muzey Kompleksi və Əntiq Əşyalar Muzeyinin eksponatları inşa müsabiqəsi qaliblərinin marağına səbəb olmuşdur.
Sonra uşaqlar paytaxtın Dənizkənarı Milli Parkında gəzintiyə çıxmışlar. Burada yunanıstanlı Erini Tampakinin 14 yaşının tamam olması münasibətilə çay süfrəsi açılmış, ona gül dəstəsi və hədiyyələr təqdim edilmişdir.
İnşa müsabiqəsinin qalibləri üçün Xəzər dənizində gəmi gəzintisi də təşkil olunmuşdur. Milli Parkın əsrarəngiz gözəlliyi, Bakının dənizdən açılan füsunkar panoramı uşaqlarda xoş təəssürat yaratmışdır.
Mayın 27-dək paytaxtımızda qonaq olacaq bu humanitar aksiyanın qalibləri Bakının görməli yerlərini gəzəcək və "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsini canlı izləyəcəklər.
Azərbaycanı tanımaq, ölkəmizin tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan inşa müsabiqəsinin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlmişdir. Eyni zamanda, bu müsabiqə fiziki qüsurlu uşaqların cəmiyyətin həyatında fəal iştirak etmələrinə dəstək məqsədi daşıyır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında