Çoxdan bəri gözlənilən və Avropanın musiqi bayramı hesab edilən "Eurovision" musiqi yarışmasınına ev sahibliyi etməyimizin qürur və sevincini yaşamaqdayıq. Yüksək zövq, müasir texnologiya və işıqlandırma sistemi vasitəsi ilə müsabiqənin keçirilməsi üçün tikilmiş "Bakı Kristal Zalı"nda bir neçə gün öncə yerli və əcnəbi qonaqlar möhtəşəm açılışın şahidi oldu. Yarışın əvvəlində Azərbaycanın milli rəqsini, ornamentlərini, musiqisini özündə əks etdirən möhtəşəm kompozisiya təkcə Azərbaycan musiqisevərlərini deyil, əcnəbi azarkeşləri, media nümayəndələrini heyran qoydu.
Artıq yarışın birinci və sonuncu yarımfinalları arxada qalıb. Bu gün isə yarışın ən önəmli günündə-final gecəsində ölkəmiz başda olmaqla, 26 ölkə çıxış edəcək. Əlli yeddinci dəfə düzənlənən "Eurovision " musiqi yarışmasının Bakıda keçirilməsi Azərbaycanın artıq beynəlxalq arenada nüfuzu, mədəniyyətin və sivilizasiyaların beşiyi olması, mötəbər yarış və konfransların yüksək səviyyədə keçirilməsi və təşkilatçılıq qabiliyyətinin olması təcrübəsi ilə də sıx bağlıdır. Adətən hansısa ölkənin yarışda qalib olması və yarışmaya növbəti il ev sahibliyi etməsi həm də dolayısıyla həmin ölkəyə mədəniyyəti, tarixi, zəngin musiqi irsi ilə Avropadan və digər ölkələrdən axın edən əcnəbi musiqisevərlərin tanışlığı deməkdir. Bu baxımdan yarışmaya ev sahibliyi edən Azərbaycanda uzun müddət idi ki, bütün bunları nəzərə alaraq bir sıra tikinti-quruculuq və abadlıq işləri aparılır, xalqımızın mədəni irsi, tarixi, memarlıq abidələrinin, muzeylərinin ən yüksək səviyyədə tanıtımı üçün tədbirlər planı hazırlanırdı. Artıq Bakıya gəlib küləklər şəhəri, yarışmanın təşkilatı və keçirilmə səviyyəsi, möhtəşəm səhnə ilə tanış olan yarışma iştirakçıları, eləcə də media nümayəndələri gördükləri gözəl mənzərədən razı qalmış, gördüklərinin onlarda zəngin təəssüratlar yaratdığını qeyd etmişlər.
Ukraynanın builki "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Qaytana Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin sənətinə pərəstiş etdiyini bildirib. Qaytananın sözlərinə görə böyük sənətkara daim pərəstiş edib və valideynləri hər zaman onun ifalarını maraqla dinləyirlər. Şəhər gəzintisinə çıxan və İçərişəhərdə, Qız Qalasında olan Qaytanada bu məkanlar müsbət təəssürat yaradıb: "Bakı təbiəti, insanları, qədim tarixi və müasirliyi ilə məni sadəcə heyran qoyub. Bakıdakı "Eurovision" mənə müsabiqə yox, böyük musiqi festivalı təsiri bağışlayır. Bu möhtəşəmliyin bir parçası olmaqdan qürur duyuram. Bizə göstərdiyiniz diqqət və qayğıya görə sonsuz təşəkkür edirəm".
"Eurovision-2009"-un qalibi Aleksandr Rıbak da builki müsabiqəni izləməyə gələnlər sırasındadır. Rıbakın yarımfinal mərhələsinin interval aktında "Eurovision 2009"-dakı mahnısını Azərbaycanın milli aləti olan kamançanın müşayiəti ilə ifa etməsi azərbaycanlı və eləcə də digər jurnalistlər tərəfindən maraqla qarşılanıb. "Mahnımı kamançanın müşayiəti ilə ifa etmək mənə zövq verir. Həqiqətən də mahnımın yeni versiyasını bəyənirəm"-deyə Rıbak milli musiqi alətimizin özünəməxsusluğunu etiraf etmişdi. Bu il Niderlandı təmsil edən türk əsilli Joan Frankanın Bakı haqda fikirləri pozitivdir:"Bakını çox sevdim. Bu ölkədə hər kəs yardımsevərdir, insanlar çox mehriban və gülərüzdür. Bizim Dənizkənarı Bulvarda partimiz oldu, təxminən iki minə yaxın insan gəldi və partidə çox həvəslə iştirak etdilər"-deyə iştirakçı bildirib.
Öz ifası ilə Rusiyanı birinci etmiş Dima Bilan isə mətbuata açıqlamasında Azərbaycanda keçirilən müsabiqənin möhtəşəm olduğunu qeyd edib və bildirib ki, burada gördüklərini çox bəyənir. Ötən gün ölkəmizin "Avroviziya-2011" təmsilçisi Nigar Camalla Dima Bilanın oxuduğu "Qucaqla məni" mahnısının klipi ictimaiyyətə təqdim edildi və maraqla qarşılandı. Litvanı təmsil edən müğənni Donni Montell Bakını xoşladığını qeyd edib və bildirib ki, "Bakı Kristal Zalı"nın səhnəsi ona özünü rahat hiss etməyə kömək edir. "İçərişəhərə getmişəm, Qız qalasından Xəzər dənizinin gözəlliyini seyr etmişəm. Qız Qalasının tarixi mənə çox təsir etdi. Onu da qeyd edim ki, mətbəxiniz inanılmaz dadlıdır. Böyük məmnuniyyətlə Bakıya köçüb yaşayardım"- deyən təmsilçidə Bakı xüsusi təəssürat oyadıb. "Love me back" mahnısı ilə finala yüksəlməyi bacaran Türkiyənin təmsilçisi Can Bonomonun mətbuat konfransına Azərbaycan və Türkiyəbayraqları ilə daxil olması zaldakı azərbaycanlı iştirakçılar tərəfindən müsbət qarşılandı.
Hər il olduğu kimi builki "Eurovision" müsabiqəsi də bir sıra yaddaqalan ifa və kompozisiya ilə seçilməkdədir. Müsabiqənin favoritlərindən sayılan əslən Udmurtiyadan olan "Buranovskie babuşki"-"Buranov nənələri" istər öz ifaları,istərsə də kompozisiyaları ilə diqqət çəkirlər. Rusiyanı təmsil edən nənələr media nümayəndələrini hazırladıqları udmurt milli şirniyyatı olan perepeçi kökələrinə qonaq etməklə daha bir bacarıqlarını da nümayiş etdiriblər. Udmurt nənələrin ifası təkcə ölkəmizdə deyil, digər ölkələrdə də maraqla qarşılanan musiqi parçalarındandır. Nənələrin nüfuzlu yarışmada bu qədər maraq və sevgi ilə qarşılanması Udmurtiyanın Prezidenti Aleksandr Volkov tərəfindən dəqiymətləndirilib. Ölkə başçısının sərəncamı ilə yaşlı ifaçılar "Udmurtiya Respublikasının xalq artisti" fəxri adını alıblar. Musiqi şou dünyasının parlaq simalarından Stano, "69 danquya" və onların prodüseri Eqmontas Bjeskas, Deyvidas Zvonkus, Liepa Mondeykayte, Mia, Kristina İvanovanın rəhbərliyi ilə "ŞarkA" qızlar qrupu Səbinəni dəstəkləyəcək və səs verəcəklər. Bəstəkar Stano Stanislav Səbinə Babayevaya səs verən insanlar sırasındadır: "Azərbaycana azarkeşlik edəcəyik. "Eurovision"da çox nadir hallarda elə mahnılar olur ki, əlini ürəyinə qoyub rahatlıqla deyə bilirsən - bəli, bu mahnı mənə çox xoş gəlir. Sözün düzü, mən izlədiyim dövrdən "Eurovision"da belə hal olmayıb. Mən nə mahnıya, nə Azərbaycana, nə başqa dövlətə qiymət verə bilmərəm. Mən daha çox mahnını və konteksti qiymətləndirirəm."-deyə bəstəkar vurğulayıb. Azərbaycanda keçirilən möhtəşəm musiqi yarışması nüfuzlu ölkələrin də mətbuatının gündəmindədir. Operativ olaraq yarışma barədə baş verən yenilikləri çatdıran əcnəbi jurnalistlər Azərbaycanın müsabiqə təşkilatçılığını yüksək səviyyədə keçirdiyini də vurğulayırlar. Birləşmiş Ərəb Əmirliklərinin " Gulf News" qəzeti yarışma ilə bağlı geniş məqalə ilə çıxış edib. ABŞ-ın nüfuzlu "The Washington Times" nəşri "Azərbaycan yüksəlişdə və füsunkarlıq işığındadır" sərlövhəli məqalə ilə çıxış edib. Bakının dəniz kənarında axşamlar Avropa rəqs musiqisi səslənməsi və ailələrin gəzintiyə çıxması, açıq səma altında konsertlər yazıda xüsusi olaraq qeyd edilir. Məqalədə bildirilir ki, keçmiş sovet respublikasının paytaxtı öz tutqun sənaye imicindən azad olmuş, qədim dünyanın İstanbul cazibədarlığını və Dubayın memarlıq nailiyyətlərini özündə birləşdirən ciddi işgüzar mərkəzə çevrilmişdir. İndi isə bura islahatların nəticələrini nümayiş etdirmək üçün ideal səhnə əldə etmişdir. Çünki Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilir. Müəllif yazır ki, Bakı gecələri bolluq və özünə inam əlaməti kimi gözqamaşdırıcı cəlalı ilə seçilir. Yenilənmiş arxitektura moderni və islam dövrünə aid binalar üç göydələndən ibarət olan və axşamlar işıqlanan, yaxud teleekranlara çevrilən "Flame Towers" kompleksi kimi müasir konstruksiyalarla diqqət uğrunda mübarizə aparır. Yüksək keyfiyyətli restoranlar və eksklüziv dizayner geyimlərinin satıldığı butiklər ölkədə 20 il davam edən neft bumu sayəsində güclənən, sürətlə artan zəngin elitadan xəbər verir. Məqalədə deyilir: "Azərbaycan zənginləşir və 9 milyonluq türkdilli əhalisi olan bu ölkədə əksəriyyət sovet dövründə qadağan edilmiş islam köklərinə qayıdır. İslam çiçəklənir."
"The İndependent" qəzetində dərc olunmuş məqalədə isə ölkəmizin bu nüfuzlu yarışa ciddi hazırlaşması və hər bir şeyə diqqətlə yanaşması yüksək qiymətləndirilir. "Bakının hava limanı yarışın reklamı ilə al-əlvan bəzədilib. Eyni şeyi Azərbaycanın paytaxtındakı hər bir avtobus və ya taksiyə, eləcə də bir çox binalara aid etmək olar."-deyə məqalə müəllifi vurğlayır. "The Wall Street Journal" qəzeti isə Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsinə həsr olunmuş məqalədə yarışmaya marağın çox olacağını və 26 min tamaşaçı tərəfindən izlənəcəyini bildirmişdi. Qəzet qeyd edir ki, bütün dünyada təxminən 125 milyon teletamaşaçı bu mahnı müsabiqəsini izləyəcək ki, bu da onun artan populyarlığından xəbər verir. Bu gün isə "Eurovision- 2012"-nin möhtəşəm final şousu olacaq. Ölkəmizi bu yarışmada təmsil edən Səbinə Babayeva 13-cü çıxış edəcək. O, Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımovla birgə səhnəyə çıxacaq. Alim Qasımovun ifası Səbinəyə Azərbaycan musiqisinin maraqlı elementlərini təqdim etməyə kömək edəcək. "Eurovision 2012" yarışmasının yarım finalları möhtəşəm reallaşdırıldığı kimi, final şousu da bütün dünyanı heyran qoyacaq.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.