Şriftin ölçüsü:
24.05.2012 11:34 | Oxunma sayı: 1127
Sərlövhəyə çıxardığımız bu sözləri Rusiya Federasiyası Orenburq vilayəti Novotroitsk şəhər mədəniyyət şöbəsinin müdiri Vladimir Stak demişdir. Xatırladaq ki, vilayətin Novotroitsk və Orsk şəhərlərində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə anım mərasimi keçirilmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən bu tədbirlərə təkcə ruslar deyil, burada yaşayan digər xalqların nümayəndələri də qoşulmuşlar. Tədbirlərdə müğənni Səyyad Əlizadənin rəhbərlik etdiyi "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinin kollektivi də iştirak edirdi. Mərkəzin rəhbəri bu səfər barədə deyir:
- Ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş tədbirlər təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində yüksək səviyyədə qeyd olundu. Doğrudan da Rusiyada Azərbaycanın ümummilli lideri Heydər Əliyevə böyük hörmət və məhəbbət var. Bunu biz Orenburq vilayətinə səfərlərimizdə aydın hiss edirdik. Bu böyük şəxsiyyətin adı çəkilən kimi həmişə zalda böyük alqış sədaları səslənirdi. Biz bu münasibətdən fəxarət hissi duyurduq.
Bu şəhərlərdə azərbaycanlıların "Ocaq" adlı mərkəzi var. Həmin mərkəzin rəhbəri Aşur Həsənov Azərbaycanla bağlı bütün tədbirlərimizin təşkilində bizə yaxından köməklik göstərir və elə hər vaxt biz onun qayğısını hiss edirdik. Bütün təşkilati işlər də onun rəhbərliyi ilə həyata keçirilirdi.
Tədbirin açılışında Aşur müəllim ulu öndər Heydər Əliyevin fəaliyyəti barədə ətraflı danışdı. Dedi ki, dünya şöhrətli siyasətçi, Azərbaycanın xilaskarı ulu öndərə uzaq Orenburq vilayətində əhalinin bu qədər məhəbbəti, sevgisi bir daha onu göstərir ki, Heydər Əliyev dünya şöhrətli siyasətçi, dövlət xadimi idi.
Heydər Əliyevin siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu böyük siyasi xadimin ideyaları Azərbaycanda davamlı olaraq həyata keçirilir. Bunun nəticəsidir ki, doğma Azərbaycanımız Cənub Qafqazda lider dövlətə çevrilmişdir.
Səyyad müəllim onu da bildirdi ki, yol nə qədər uzun olsa da nümayəndə heyəti böyük həvəslə bu tədbirə gəlmişdi. Orsk və Novotroitsk şəhərlərində keçirdiyimiz tədbirlərə minlərlə yerli sakin qoşulmuşdu. İnsanlar Azərbaycan haqqında, onun inkişafı ilə bağlı məlumatlara malik olduqlarını bildirirdilər.
Tamaşaçılar bizim mahnılara böyük həvəs göstərirdilər. Çıxışlarımızı sevə-sevə dinləyirdilər. Hətta zaldan bizə qoşulub oxuyanlar da olurdu.
Mədəniyyət şöbəsinin müdiri Vladimir Ştak söhbət zamanı dedi ki, biz azərbaycanlılardan çox şey öyrənməliyik. Bu sözlər mənim heç zaman yaddaşımdan silinməyəcək.
Söhbət zamanı Səyyad müəllim bildirdi ki, Novotroitsk şəhərində diyarşünaslıq muzeyinə Azərbaycanla bağlı xeyli material aparıblar: "Tar, kamança, qaval və digər milli musiqi alətlərimizlə yanaşı, muzeyə ulu öndərin portreti toxunmuş xalça da bağışladıq. Bu gün həmin muzeyin eksponatları arasında yaradılmış xüsusi Azərbaycan guşəsini muzeyə gələn hər bir tamaşaçı seyr edir. Onlar xalqımızın milli-mənəvi dəyərləri ilə yaxından tanış ola bilirlər.
Bütün bunlarla yanaşı, biz Novotroitsk şəhərindəki 1 saylı internat məktəbində də olduq. Orada 150 uşağa hədiyyələr payladıq.
Konsertdə təkcə ruslar deyil, oradakı müsəlman xalqlarının ağsaqqalları, gəncləri də iştirak edirdilər. Onlarla söhbətlərimiz oldu, hamısı Azərbaycan haqqında ürək dolusu danışırdı.
Tədbirin iştirakçıları arasında elə insanlar var idi ki, ulu öndərlə Baykal-Amur dəmir yolunun tikintisində görüşmüşdülər. Deyirdilər ki, Heydər Əliyev yüksək təşkilatçılıq qabiliyyətinə malik bir dövlət xadimi idi. Başqa xalqların nümayəndələrinin ulu öndərimiz haqqında belə yüksək fikirdə olmaları bizə ruh verirdi. Fəxr edirdik ki, belə bir insan məhz Azərbaycana rəhbərlik etmişdir.
Səyyad müəllimlə söhbət zamanı dedi ki, orada yaşayanlar Qarabağın tarixən Azərbaycan torpağı olduğunu yazşı bilirlər. Deyirdilər ki, ermənilər heç bir şərt qoymadan o torpaqlardan çəkilib getməlidirlər. Hətta söhbət etdiyimiz bir tarixçi alim faktlarla Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirdi. Bilirsiniz, onlar da ermənilərin xislətinə yaxşı bələddirlər. Bilirlər ki, bu millətin gözü həmişə özgə torpaqlarında olub və bu gün də belədir.
Ziyalılarla görüşümüzdə çıxış edənlər bildirdilər ki, Azərbaycanın indiki iqtidarı çox doğru siyasət yürüdür. Azərbaycan iqtisadi inkişafına görə ildən-ilə möhkəmlənir. Ermənistanda isə əhali getdikcə azalır. Çünki orada yaşayış ildən-ilə ağırlaşır. Bir rus ziyalısı çıxışında dedi ki, Azərbaycanın qələbəsi çox da uzaqda deyil. Çünki sizin çox uzaqgörən və güclü dövlət başçınız var.
Səyyad Əlizadə son olaraq onu bildirdi ki, ulu öndərin ad gününə həsr olunmuş bu tədbirlərin keçirilməsi Azərbaycan - Rusiya mədəni əlaqələrinə yeni bir töhfə oldu.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.