Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsi tarixi hadisədir

Bu, həm də ölkəmizin demokratik dəyərlərə sadiqliyinin təzahürü kimi qiymətləndirilir
Bu gün Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, artıq ölkəmiz regional əhəmiyyətli dövlətə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli siyasət strategiyası ölkəmizi indi o səviyyəyə gətirib çıxarmışdır ki, həm beynəlxalq siyasi münasibətlər sistemində, həm də regional müstəvidə Azərbaycan inkişaf etmiş müasir dövlət kimi xarakterizə olunur.
Azərbaycanın xarici siyasət kursu beynəlxalq hüquqa hörmət və dünya siyasi münasibətlər sistemində demokratiyanın dəstəklənməsinə yönəlmişdir. Demokratiyaya keçid imkanlarını sürətlə dəyərləndirən və demokratik dövlət quruculuğu prosesini həyata keçirən ölkəmiz diqqət mərkəzindədir. Bütün bunların məntiqi nəticəsidir ki, respublikamız həm regional, həm də beynəlxalq münasibətlər sistemində inamlı tərəfdaş kimi qəbul edilir. Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edən ölkəmizin siyasi çəkisi getdikcə artmaqdadır. Elə təkcə Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsinin özü xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Bu, həm də onu izah edir ki, Azərbaycanda siyasi sabitlik dövlət siyasətinin əsas prioritetidir. Hətta bəzi Avropa ölkələrində olmayan sabitlik bu gün Azərbaycanda mövcuddur. Bu həqiqəti ifadə edən təkcə rəsmi dövlət qurumları deyil, bu reallığı qəbul edən, eyni zamanda, inkişaf etmiş Avropa ölkələridir. Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsi, göründüyü kimi, heç də təsadüfi deyil. Bu, bütün hallarda ölkənin nüfuzu və qüdrəti ilə sıx bağlı olan məsələdir.
Qloballaşan dünyada mədəniyyət, şübhəsiz, güclü siyasi vasitədir. O baxımdan, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği üçün Bakıda keçirilən "Eurovision - 2012" mahnı müsabiqəsində ölkəmiz tarixi fürsət əldə etmişdir. Zəngin mədəni irsə və gözəl adət-ənənələrə sahib olan Azərbaycan mədəniyyəti bu tarixi fürsətdən uğurla yararlanır. Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsi son 20 ildə baş vermiş böyük dəyişikliklərin və inkişafın sübutu baxımından da önəmlidir. Belə ki, müsabiqəyə qatılan minlərlə xarici qonağın Azərbaycanla və onun gözəl paytaxtı ilə tanışlıq imkanları reallaşıb. Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsi bütün hallarda respublikanın demokratiyaya olan münasibətinin göstəricisi kimi də qəbul edilməlidir. Çünki yalnız demokratiyanı dəstəkləyən və bu prosesə qoşulan ölkələr bu kimi beynəlxalq müsabiqələrə ev sahibliyi edə bilər. İndi bu həqiqəti bütün Avropa ölkələri səmimiyyətlə ifadə edirlər. Bütün bunlarla bərabər, müasir Azərbaycan Respublikası milli xüsusiyyətlərin qorunub saxlanılması istiqamətində də strateji fəaliyyətə sahibdir və demokratiyanın milli maraqlara uyğun olan modelini hissə-hissə həyata keçirir. Bu, eyni zamanda, dövlətçiliyə olan münasibətin təzahürü kimi xarakterizə edilir.
Ancaq təəssüflər olsun ki, radikal müxalifət partiyaları Azərbaycanın bu uğurlu nailiyyətini dar siyasi təsəvvürləri ilə qiymətləndirir və qısqanclıqla qeyri-məntiqi münasibət ortaya qoyurlar. Hansı ki bu tarixi-mədəni qələbə milli iftixar hissinin ifadəsi baxımından hər bir vətəndaş üçün böyük əhəmiyyət kəsb edən haldır və hər hansı partiya mənsubiyyətindən asılı olmayaraq bu qələbəni sevinclə qarşılamalı idi. Azərbaycana düşmən mövqeyi sərgiləyən ölkələrlə radikal müxalifətin eyni mövqeyi bölüşməsi üzücüdür. Bu, eyni zamanda, həmin qüvvələrdə milli təəssüb hissinin olmamasının təzahürüdür. "Eurovision - 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsinə ən çox ermənilər etiraz edirlər. Onda belə çıxır ki, daxildəki bəzi qüvvələr də bu uğurlu nailiyyəti görmək istəmirlər. O zaman tamamilə belə demək mümkündür ki, daxildəki bəzi qüvvələrlə Azərbaycana düşmən xarici qüvvələrin mövqeyi üst-üstə düşür.
Müxalifət partiyalarının mətbuat orqanları Avropa mahnı müsabiqəsinin Bakıda keçirilməsinə siyasi qısqanclıqla yanaşan mövqe sərgiləyirlər. Onlar öz primitiv mövqelərini onunla əsaslandırmağa çalışırdılar ki, guya Azərbaycanda siyasi dustaqlar var, demokratiya yoxdur və s. Həmin qəzetlərdə əsas tezis bundan ibarət idi ki, guya Azərbaycan demokratik ölkə deyil, burada insan haqları kobud şəkildə pozulur və elə ona görə də bu müsabiqə Bakıda keçirilməməlidir. Təsəvvür etmək çətin deyil ki, Ermənistanın və ermənilərə havadarlıq edən bəzi ölkələrin mətbuatında da elə təxminən oxşar informasiyalar yer almışdır. Məqsəd eyni olsa da sadəcə həmin ölkələrin mətbuatı öz ölkələrinin ideoloji və siyasi maraqlarından çıxış edərək, bu cür mövqe ortaya qoyurlar. Ancaq bütün bunların qarşısında siyasi iradə nümayiş etdirən rəsmi Bakı birmənalı şəkildə ifadə etdi ki, Azərbaycan müstəqil dövlətdir və onun müstəqil siyasəti var. Bu, həm də o deməkdir ki, dövlət üçün cəmiyyətin sosial sifarişi hər şeydən üstündür. Onun üçün də kənar qüvvələrin nə istəyib-istəməməsindən asılı olmayaraq, biz öz fəaliyyətimizi davam etdirəcəyik. Bütün bunlarla bərabər həm də bir həqiqət ortaya çıxdı ki, radikal müxalifət partiyaları nəyin bahasına olursa-olsun hakimiyyəti tənqid etmək siyasətindən hələ də əl çəkməyiblər. Əgər belə olmasaydı, Azərbaycan dövlətçiliyinə qənim kəsilmiş bəzi ölkələrin rəsmi dövlət mətbuatı ilə eyni mövqeyi paylaşmazdı. Radikal müxalifət anlamalıdır ki, bütün hallarda milli məsələlərdə birgə fəaliyyət zəruridir və bu, həm də əsl vətəndaş mövqeyi olmalıdır. Əslində, ənənəvi müxalifət partiyalarının bu cür mövqeyi Avropa mahnı müsabiqəsinə kölgə salmayacaqdır. Bu, sadəcə belə qüvvələrin tamamilə siyasi həyatdan uzaqlaşması ilə nəticələnəcəkdir. Necə ki, bu proses baş verir.

{nl}

Zamin AXUNDOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında