"Baku Crystal Hall"da "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatmışdır

Birinci yarımfinalda iştirak edən 18 ölkədən 10-u finala vəsiqə qazanmışdır
Bakının ev sahibliyi etdiyi 57-ci "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsini səbirsizliklə gözləyən hər kəs böyük sevinc içərisində idi. Çünki Almaniyadakı qələbədən sonra hər bir azərbaycanlı "Eurovision-2012" mahnı müsabiqəsinə start veriləcəyi günü səbirsizliklə gözləyirdi. Qısa müddətdə ərsəyə gələn möhtəşəm "Baku Crystal Hall" və bənzərsiz səhnə də bu günə tam hazır idi. Müasir memarlıq üslubunda inşa edilmiş bu möhtəşəm tikili paytaxtımızın sürətlə dəyişən dənizkənarı görünüşünə yeni çalarlar qatmışdır. Burada yerli sakinlərin və əcnəbi qonaqların təhlükəsizliyindən tutmuş hər bir məsələ nəzərə alınmışdır.
Mayın 22-də 25 min tamaşaçı yeri olan və ən yüksək standartlara cavab verən "Baku Crystal Hall" ilk tamaşaçısını qəbul etmişdir. Hər bir qonağı ilk görünüşdən valeh edən "Baku Crystal Hall" "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinal şousu zamanı səhnəyə çıxan hər bir ifaçının təmsil etdiyi ölkənin bayrağı rəngində işıqlandırılmışdır. "Eurovision" müsabiqəsinin tarixində ilk dəfə nümayiş olunan bu şou "Baku Crystal Hall"a qeyri-adi bir gözəllik və möhtəşəmlik bəxş etmişdir. Beləliklə, "Baku Crystal Hall" 18 ölkənin bayrağına bürünmüşdür. Bu hadisə mayın 24-də keçiriləcək ikinci yarımfinal və mayın 26-da reallaşacaq final mərhələsində də təkrarlanacaqdır. Bununla da arena ümumilikdə 42 dövlətin bayrağı ilə işıqlandırılacaqdır.
Mayın 22-də saat 00:00-da "Baku Crystal Hall"da "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalı başlanmışdır. 18 ölkənin iştirakı ilə keçirilən yarımfinalda ilk olaraq səhnəyə Monteneqro təmsilçisi Rambo Amadeus çıxmışdır. Müsabiqədə ölkəsini "Euro Neuro" mahnısı ilə təmsil edən müğənninin performansında ifasının mövzusuna uyğun olaraq uzunqulaq və arxa fonda çılğınlığı artıran posterlər nümayiş etdirilmişdir.
"Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalında "Baku Crystal Hall"un səhnəsinə ikinci İslandiya təmsilçiləri Qreta Salome & Yonsi çıxmışlar. Müsabiqədə İslandiyanı "Never Forget" mahnısı ilə təmsil edən iştirakçıların səhnə geyimində qara rəng üstünlük təşkil etmişdir. İslandiyalı müğənnilərin səhnədə nümayiş etdirdikləri performans, o cümlədən Qreta Salomenin skripka ifası tamaşaçıların marağına səbəb olmuşdur.
Yunanıstan təmsilçisi Eleftheria Eleftheriouun təqdim etdiyi "Aphrodisiac" mahnısı olduqca xoş təsir bağışlamışdır. İfa zamanı canlı performans, xoreoqrafiya da daxil olmaqla səhnə şousu mükəmməl şəkildə yerinə yetirilmişdir.
Birinci yarımfinalda "Beautiful song" mahnısı ilə səhnəyə çıxan Latviya təmsilçisi Anmari tamaşaçılara gözəl bir performans nümayiş etdirmişdir. Müğənninin səhnə geyimi parıldayan elementlərlə diqqəti cəlb etmişdir. İfa zamanı müğənninin kameralarla işləmək bacarığı xüsusilə seçilmişdir.
Müsabiqədə ölkəsini "Soos" mahnısı ilə təmsil edən Albaniya təmsilçisi Rona Nişliu ifasını özünəməxsus şəkildə təqdim etmişdir. Maraqlı səhnə geyimi və saç düzümü ilə seçilən müğənninin səhnədəki performansı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Müğənninin saçını boyunbağı yerinə boğazına dolaması diqqəti cəlb etmişdir.
"Mandinga" qrupu "Eurovision-2012" mahnı müsabiqəsində Rumıniyanı ispan və ingilis dilləri, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil etmişdir. Qrup səhnədə canlanma yaratmışdır. Təqdim edilmiş şux nömrə arxa fonda və səhnədə əks olunan rəngarəng çalarlarla ifanı tamamlamışdır.
Birinci yarımfinalda səhnəyə yeddinci çıxan növbəti ifaçı İsveçrəni "Eurovision-2012"də təmsil edən "Sinplus" qrupunun üzvləri İvan və Qabriel qardaşları olmuşlar. Bakı səhnəsində "Unbreakable" mahnısı ilə çıxış edən qardaşlar canlı performans və rok ifası yaratmağa nail olmuşlar.
Bakı səhnəsinin növbəti qonağı Belçika təmsilçisi Laura van den Bruel (İris) "Would you" balladası ilə səhnədə həzin ifa nümayiş etdirmişdir. Performans başlayarkən tamamilə qaranlıq olan səhnə yalnız müğənninin ifası zamanı işıqlanmışdır.
Finlandiyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Pernilla Karlssonun ifa etdiyi "Nar jag blundar" ("Gözlərimi yumarkən") mahnısı da böyük maraqla qarşılanmışdır. 22 yaşlı müğənni Finlandiyanın həndbol üzrə yığma komandasının üzvüdür.
İsrail təmsilçiləri də öz hisslərini tamaşaçılarla bölüşməyi bacarmışlar. Ölkəsini "Time" mahnısı ilə təmsil edən "İzobo" rok qrupunun səhnə tərtibatı və geyimi diqqəti cəlb etmişdir.
San-Marinonun "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Valentina Monetta yarışmanın birinci yarımfinalında "Baku Crystal Hall"un səhnəsində maraqlı performans göstərmişdir. Valentina Monetta müsabiqədə ölkəsini "The Social Network Song" mahnısı ilə təmsil etmişdir. İfaçı tünd mavi geyimdə səhnəyə çıxmışdır.
Kipr təmsilçisi İvi Adamounun ifası xoreoqrafiya ilə tamamlanmışdır. Arxadakı dörd qadın rəqqasənin dövrə vurması, müğənninin kitablardan düzəlmiş skamyanın üzərində ifası çıxışa xüsusi ovqat qatmışdır.
Danimarkanı "Should Have Known Better" mahnısı ilə təmsil edən Soluna Samay maraqlı şou təqdim etmişdir.
"Buranovskiye babuşki" qrupunun "Baku Crystal Hall"un səhnəsində çıxışı alqışlarla qarşılanmışdır. Rusiyanı müsabiqədə "Party for Everybody" mahnısı ilə təmsil edən qrupun üzvləri sobada kökə bişirmiş, yaddaqalan ifa nümayiş etdirmişlər.
Bakıda olduqları müddətdə rusiyalı nənələrin repertuarına udmurt dilində Azərbaycan haqqında mahnı da daxil edilmişdir.
"Baku Crystal Hall"da rusiyalı nənələrin çıxışını Buranovo kəndindən gəlmiş qohumları, həmkəndliləri, jurnalistlər və minlərlə azarkeş hərarətlə izləmişlər.
Macarıstan və Avstriya təmsilçilərinin də ifaları hərarətlə qarşılanmışdır. Macarıstanı təmsil edən "Compact Disco" qrupu "Sound of our hearts" mahnısını, Avstriyanın "Trackshittaz" qrupu isə yarışmada "Woki Mit Deim Popo" ("Shake Your Ass") mahnısını ifa etmişlər.
Bakı səhnəsində "Lautar" mahnısını səsləndirən moldovalı müğənninin də çıxışı maraqla qarşılanmışdır. Səhnəyə özünün şəxsi qarderobundan olan qəhvəyi rəngli geyimdə çıxan Paşa Perfenini beş qadın ifaçı müşayiət etmişdir.
"Baku Crystal Hall"un səhnəsində birinci yarımfinalın son iştirakçısı İrlandiyanın "Jedward" qrupu olmuşdur. Qrupun üzvləri səhnəyə ifa etdikləri "Waterline" mahnının məzmununa uyğun tərzdə - parıldayan gümüşü rəngli geyimdə çıxmışlar.
Səhnədə yaradılmış fəvvarə, sonda ifaçıların bu fəvvarənin altında durmaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Bununla da Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalı böyük uğurla başa çatmışdır. Uzun müddət yaddaşlarda yaşayacaq Bakı səhnəsində interval aktı şousu nümayiş etdirilmişdir. Qədim Azərbaycan musiqi mədəniyyətinin rəmzi sayılan qavaldaş "Eurovision" səhnəsinə çıxarılmışdır.
Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı bir daha Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olmuşdur.
Şou zamanı Avropaya Azərbaycanın milli musiqi alətləri - tar, balaban, nağaranın canlı ifası təqdim edilmişdir. Qədim qavaldaşda "Natiq" ritm qrupunun bədii rəhbəri Natiq Şirinovun ifası və Azərbaycan Dövlət rəqs ansamblının çıxışı yaddaşlara həkk olunmuşdur.
Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olmuşdur. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanmışdır. Birinci yarımfinalda 18 ölkə təmsilçisindən finala vəsiqə qazanan 10 ölkənin sıra ardıcıllığı belədir: 1. Rumıniya, 2. Moldova, 3. İslandiya, 4. Macarıstan, 5. Danimarka, 6. Albaniya, 7. Kipr, 8. Yunanıstan, 9. Rusiya, 10. İrlandiya.
Birinci yarımfinalda çıxış edən Monteneqro, Latviya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San-Marino və Avstriya təmsilçiləri isə finala vəsiqə qazana bilməmişlər.
Sonra qalib ölkələrin təmsilçiləri mətbuat konfransı keçirmişlər. Finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri jurnalistlərin suallarını cavablandırmışlar.
Mətbuat konfransında 10 ölkə təmsilçisinin finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma keçirilmişdir.
Püşkatmanın nəticələrinə görə, "Eurovision-2012" mahnı müsabiqəsinin finalında Rumıniya 14-cü, Moldova 26-cı, İslandiya 7 -ci, Macarıstan 2-ci, Danimarka 15-ci, Albaniya 3-cü, Kipr 8-ci, Yunanıstan 16-cı, Rusiya 6-cı, İrlandiya isə 23-cü çıxış edəcəkdir.
"Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakıya gəlmiş xarici jurnalistlər Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm musiqi yarışmasına hazırlığı, "Baku Crystal Hall"un bənzərsizliyini, xalqımızın milli adət - ənənələrini, səmimi münasibətini, qonaqpərvərliyini yüksək qiymətləndirmişdir.
İsveçli jurnalist Hakan Engstrom demişdir: "Bakının mədəniyyətində əksini tapan Şərq və Qərb elementləri insanın zövqünü oxşayır. Şəhərin memarlığı, qədim və modern tikililəri insanı valeh edir".
Təxminən on iki ildir "Eurovision" mahnı müsabiqəsini işıqlandıran jurnalist Bakıda bu yarışmaya hazırlığı yüksək dəyərləndirmişdir. O, jurnalistlər üçün təşkil olunmuş Mətbuat Mərkəzinin, konfrans zalının geniş və rahat olduğunu, burada hər cür şərait yaradıldığını bildirmiş, həmçinin Azərbaycan mətbəxindən zövq aldığını diqqətə çatdırmışdır.
Danimarkalı jurnalist Kristian Pedersen isə öz növbəsində vurğulamışdır ki, Azərbaycan çox maraqlı ölkədir. İnsanları mehriban, qayğıkeş və gülərüzdür.
Bakıya ilk dəfə gəldiyini deyən Kristian Pedersen şəhərin qədim və modern tikililərini, son iyirmi ildə ölkənin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. O, "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Mətbuat Mərkəzində jurnalistlər üçün hər cür şərait yaradıldığını qeyd etmiş, təhlükəsizliyə xüsusi diqqət yetirildiyini nəzərə çatdırmışdır.
Kristian Pedersen müsabiqədən sonra iki həftə Azərbaycanda qalacağını və ölkəmizlə daha yaxından tanış olacağını bildirmişdir.
"Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri yüksək professionallıqla həyata keçirilmişdir. Bunu hər yerdə görmək mümkündür". Bu fikirlərin müəllifi isə irlandiyalı jurnalist Garrett Mulhalldır.
İndiyədək bir çox "Eurovision" mahnı müsabiqələrində iştirak etdiyini söyləyən irlandiyalı jurnalistin fikrincə, Bakıda keçirilən yarışma bunların arasında ən yaxşılarındandır. Qonaq bildirmişdir ki, Mətbuat Mərkəzi çox geniş və rahatdır, həmçinin konfrans zalında hər bir şərait yaradılmışdır.
Artıq bir həftədir Bakıda olan Garrett Mulhall şəhərimizlə tanışdır, Xəzər dənizi, İçərişəhər, Qız qalası onda unudulmaz təəssürat oyatmışdır. Bu yerlərdən zövq aldığını deyən jurnalist Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırmışdır. Garrett Mulhall, həmçinin şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu diqqətə çatdırmışdır. Demişdir ki, bu ölkənin insanları çox mehriban, qayğıkeş və enerjilidirlər. Ölkəmizdə hamıya Bakını görmələrini tövsiyə edəcəyəm.
"Eurovision-2012" mahnı müsabiqəsindən danışan irlandiyalı jurnalist yarışma iştirakçılarından Səbinə Babayevanın ifasını çox bəyəndiyini bildirmiş, həmçinin İrlandiyadan "Jedward" qrupunun, İtaliya və İsveç təmsilçilərinin çıxışlarını yüksək qiymətləndirmişdir.
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalı 45 ölkədə canlı yayımlanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında