Mədəniyyət xadimlərinə qayğı ildən-ilə artmaqdadır

Son illər Azərbaycanda başqa sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də islahatlar davam etməkdədir. Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev mədəni həyatımızın zənginləşməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində çox əhəmiyyətli tədbirlərin reallaşmasını təmin etmişdir. Mədəniyyət və incəsənət xadimlərinə qayğının artması, bu sahədə çalışan sənətçilərin sosial vəziyyətinin ildən-ilə yaxşılaşdırılması dövlətin mədəniyyət siyasətinin prioritetlərindəndir. 
Müstəqillik illərində, xüsusilə 2003-cü ildən sonrakı dövrdə həyata keçirilən tədbirlər mədəni həyatımızda böyük dönüş dövrü oldu.
Qarşımda "Prezident İlham Əliyev və mədəniyyət" adlı ikicildlik bir kitab var. Bu kitabı vərəqlədikcə ölkə Prezidentinin mədəniyyətimizə necə böyük həssaslıqla yanaşması, Prezidentin bu sahədəki fərman və sərəncamları, çıxışları hər bir azərbaycanlı kimi mənim də qəlbimdə böyük fəxarət hissi doğurur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin layihəsi əsasında çap olunan bu kitabın giriş məqaləsində cənab İlham Əliyevin bu sözləri diqqətimi çəkdi: "Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur". Bu, mədəniyyətə verilən yüksək qiymətdir. Cənab Prezident bir də deyir ki, "Azərbaycanın qabaqcıl mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir". Doğrudan da, 2003-cü ildən sonra nə qədər mədəniyyət və incəsənət xadimi fəxri adlara layiq görülmüş, nə qədər sənət adamları Prezident təqaüdü almış, onların böyük bir hissəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Elə bu yaxınlarda cənab Prezdinetin sərəncamı ilə mədəniyyət və incəsənt xadimlərinin bir qrupu yenidən fəxri adlara, Prezident təqaüdünə layiq görülmüşdür. Mən bir sənət adamı kimi bundan böyük məmnunluq duyuram. Prezidentimizin mənim də fəaliyyətimi yüksək qiymətləndirib, "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görməsi məni gələcəkdə daha məsuliyyətlə işləməyə sövq edir.
Doğrusu, son dövrlər xalqımızın mədəni həyatında baş verən yeniliklər, mənəvi dəyərlərimizin qorunmasına göstərilən yüksək səviyyədə qayğı və diqqət mədəniyyət işçisi kimi məndə də böyük qürur hissi doğurur. Ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyətlə müqayisədə ölkəmizin mədəniyyəti sanki bir əsrlik inkişaf yolu keçib. Bunun çox aydın səbəbi var. O da müstəqillik illərində Azərbaycanda həyata keçirilən davamlı mədəniyyət siyasətidir.
Təkcə 2003-cü ildən sonra nə qədər mövcud mədəniyyət müəssisələri əsaslı təmir olunub xalqın istifadəsinə verilmişdir. Bu, təkcə paytaxtımızdakı müəssisələri deyil, həm də regionlarımızı əhatə edir. Bu gün Dövlət Filarmoniyası, Nizami Kino Mərkəzi, Milli Akademik Teatrı, Tarix Muzeyi, Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi və s. müasir üslubda təmir edilərək tamaşaçıların ixtiyarına verilmişdir.
Yeni açılmış Müasir İncəsənət Muzeyi milli rəssamlıq sənətimizin təbliğində bu gün çox əhəmiyyətli rol oynayır.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən Muğam Mərkəzi, inşası tamamlanmaqda olan Xalça Muzeyləri şəhərimizin görünüşünə xüsusi gözəllik bəxş edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Mədəniyyətlərarası Dialoq forumları milli mədəniyyətimizin dünyaya inteqrasiyası baxımından çox əhəmiyyətli tədbirlərdir.
Mən xarici ölkələrdə keçirilən Azərbaycan rəssamlarının əsərlərinin sərgisində iştirak etdiyim anları böyük məmnunluq hissi ilə xatırlayıram. Dünyada Azərbaycan incəsənətinə maraq, doğrudan da, son illər artmaqdadır. Bu, məni bir sənət adamı kimi çox sevindirir. Bizim mədəniyyətimiz dünyanı, həqiqətən, fəth edir.
Biz mədəniyyət işçiləri cənab Prezidentin apardığı siyasəti dəstəkləyir və bu siyasətin xalqımızın xoşbəxt gələcəyə qovuşmasını təmin edəcəyinə inanırıq.
Mədəniyyət bu siyasi kursda çox önəmli yer tutur. Cənab Prezident deyir: "Milli-mənəvi dəyərlərə sadiqlik, onlara olan hörmət mütləq davam etdirilməlidir".
Bəli, bu gün həqiqətən milli-mənəvi dəyərlərimizə dövlət qayğısı var və bu qayğı ildən-ilə artmaqda davam edir. Heç təsadüfi deyil ki, mədəniyyət və incəsənətimizin inkişafı ilə bağlı son illər Prezidentin xüsusi sərəncamları ilə dövlət proqramları təsdiq olunmuşdur. Muzey, kitabxana işi, teatr, kino, musiqi sənəti və s. sahələrdə qəbul olunan dövlət proqramları uğurla həyata keçirilir. Mədəniyyətin hər sahəsində inkişaf, tərəqqi var. Mədəniyyət ocaqları təmir edilərək müasir tələblərə cavab verən formaya salınır. Bu cənab Prezidentimizin tapşırığıdır. Ölkə başçısı deyir ki, "Bizim mədəniyyət ocaqlarımız yüksək səviyyədə olmalıdır".
Bu gün Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunda çox mühüm nəticələr qazanmışdır. Azərbaycan mədəniyyətlərarası dialoqların mərkəzinə çevrilmişdir. Bakıda keçirilən yüksək səviyyəli belə dialoqlarda minlərlə mədəniyyət işçisi, incəsənət xadimi iştirak edir.
Bu gün dünyanın əksər ölkələrinin paytaxtlarında, böyük şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Bu işlərin təşkili bilavasitə ölkəmizin mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutur.
"Eurovision - 2012" beynəlxalq musiqi müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi də Azərbaycan Prezidentinin mədəniyyətə qayğısının real nəticəsidir. Bu günlər Bakımız bu müsabiqəyə hazırlaşır və artıq Azərbaycan qonaqları qəbul edir.
Bir sözlə, mədəniyyətimiz ölkəmizi dünyaya tanıdır. Biz mədəniyyət işçiləri də bütün qüvvələrimizi səfərbər edib, mədəni həyatımızı daha da zənginləşdirməliyik.

{nl}

Elçin ORUCOV, əməkdar mədəniyyət işçisi, rəssam

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında