Şriftin ölçüsü:
18.05.2012 02:41 | Oxunma sayı: 777
Bir neçə gündən sonra paytaxtımız Bakının ev sahibliyi etdiyi ən böyük və mötəbər musiqi yarışması olan 57-ci "Eurovision" mahnı müsabiqəsi başlayacaqdır. Artıq iştirakçı ölkələr təmsilçilərinin "Baku Crystal Hall"ın səhnəsində məşqləri keçirilir.
Ölkəmizin "Eurovision 2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi zəngin mədəni irsimizin, musiqimizin, tariximizin, şəhərimizin beynəlxalq aləmdə daha geniş formada təbliği və tanıtımı deməkdir. Əminliklə deyə bilərik ki, builki "Eurovision" mahnı müsabiqəsi öz xüsusiliyi və orijinallığı ilə yadda qalacaqdır.
Ötənilki müsabiqələrdən fərqli olacaq Bakı səhnəsində gözəl musiqilərin və səhnə performanslarının təqdim ediləcəyi "Eurovision-2012" mahnı müsabiqəsi təkcə Avropanı deyil, digər uzaq qitələri də özündə birləşdirir.
"Öz məşəlini alovlandır!" şüarı ilə keçiriləcək şounun parlaq şölələri Cənub-Şərqi Asiyada yerləşən ecazkar təbiətli İndoneziyaya da yayılmışdır. Sahilləri Sakit və Hind okeanları ilə qovuşan, dünyanın ən böyük müsəlman ölkələrindən olan İndoneziya öz tarixi, adət-ənənəsi və musiqisi ilə sayılıb seçilən dövlətlərdən biridir. Zəngin mədəniyyəti ilə tanınan bu ölkədən Bakı şousuna ifası ilə pərəstişkarlarına müasir və qədim İndoneziya musiqisinin vəhdətini, Avropa estradasındakı yenilikləri təcəssüm etdirən Anqqun Cipta Sasmi qatılacaqdır. "Eurovision-2012" mahnı müsabiqəsində Fransanı təmsil edəcək müğənni "Baku Crystal Hall"ın səhnəsində öz füsunkar səsi və şousu ilə birincilik uğrunda mübarizə aparacaqdır. İfa edəcəyi "Mən və sən" (İ and you) mahnısı ilə 41 ölkədən olan rəqibi ilə yarışacaqdır.
Dünya musiqi aləmində Anqqun kimi tanınan ifaçı on iki yaşından müğənniliyə başlamış, ardıcıl olaraq London və Parisdə karyerasını davam etdirmişdir. Avropa üçün yeni səs olan Anqqun məşhur prodüser Erik Bençin köməkliyi ilə ilk fransız dilli "Ay naminə" (Au Nom de la Lune) albomunu sevənlərinə təqdim etmişdir. O vaxtdan etibarən avropalılar Şərq ritmlərini özündə əks etdirən fərqli bir musiqinin sehrinə düşmüşlər.
Avropada ilk sevilən asiyalı müğənni olan Anqqunun uğurunun davamı və bəlkə də ən yüksək zirvəsi 1997-ci ildə musiqi marketlərində yer alan "Saharada qar" (Snow on the Sahara) albomu olmuşdur. Müğənninin pərəstişkarları artıq ölkələri deyil, materikləri aşdı. Dünyanın 33 ölkəsində satış rekordu toplayan albomun çıxış musiqisi olan "Snow on the Sahara" mahnısı müğənni tərəfindən 3 dildə ifa olunmuşdur. Bu mahnıda İndoneziyanın ənənəvi çalarlarını Avropa estrada musiqisi ilə vəhdət şəklində dinləyicilərinə təqdim edən Anqqun dinlənildikcə insanı yormayan bir əsərin müəllifinə çevrildi. Səsi ilə könülləri riqqətə gətirən müğənni bu mahnısı ilə "səhralara qar yağdırmağı" bacardı.
Digər bir uğurlu sinqlı pərəstişkarlarına təqdim edən Anqqun "Qadın olmaq" (Etre une femme) mahnısı ilə musiqi aləmindəki dayağını daha da möhkəmləndirməyi bacarmışdır. Fransız dilində yazılan mahnı artıq təkcə Avropada deyil, bütün dünyada Şərq ritmlərini sevənlər üçün bir hədiyyə olmuşdur. Azərbaycanın hit-paradlarında ilk onluğa daxil olmuş sinql ilə müğənni ölkəmizdə də arzulanmışdır. Digər dillərə tərcümə olunan mahnının ingilis dilli versiyası ("İn your mind") da hit-paradların ən sevimli musiqi nömrəsi olmuşdur. Musiqiyə çəkilən klipdə isə bütün stereotiplər qırılmış, tamaşaçının gözləmədiyi bir süjet xətti və qadın hisslərinin aliliyi öz əksini tapmışdır. Nailiyyətləri bir-birinə calalayan xanım müğənni 2005-ci ildə izlənmə rekordlarını qıran "Transporter-2" kino filminin saundtrekinin (soundtrack) müəllifi olmuşdur. Təsadüfi deyildir ki, onun ifa etdiyi "Xilaskar" (Saviour) mahnısı filmin uğurunu tamamlamışdır.
Anqqun "Eurovision-2012" mahnı müsabiqəsinin finalında - mayın 26-da 9-cu nömrə altında çıxış edəcəkdir.
Şouda çıxış edəcək bütün iştirakçılar kimi ona da uğurlar arzulayırıq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.