Birləşən körpülər

Xəbər verildiyi kimi, Müasir İncəsənət Muzeyində "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə "Birləşən körpülər" adlı orijinal sərgi açılmışdır.
Rəssam Aida Mahmudovanın rəhbərlik etdiyi "YARAT!"ın sayca üçüncü böyük layihəsində 12 yerli və 13 xarici rəssamın əsərləri nümayiş olunur.
Azərbaycan rəssamları ilə yanaşı, Böyük Britaniyanın və digər ölkələrin fırça ustalarının da iştirak etdikləri bu sərgidə britaniyalı və beynəlxalq rəssamlar - Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klementsin, həmçinin azərbaycanlı fırça ustaları Ağa Hüseynov, Altay Sadıqzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aida Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımovun əsərləri nümayiş etdirilir.
Sərginin kuratorları - "YARAT!"ın təsisçisi və direktoru Aida Mahmudova və Böyük Britaniyadan olan Adam Vaymut birlikdə dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işlərinin toplusunu təqdim edirlər. Bu əsərlərdə incəsənətin dili ilə insan və həyat, ətraf mühit haqqında bir çox mətləblərə toxunulmuşdur.
Bütün dünyada tanınmış İdris Xanın xüsusi olaraq Bakıya gətirilmiş installyasiyası "Birləşən körpülər" sərgisində nümayiş etdirilir. Heykəlin üzərində Oliver Messayanın kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı "End of Time" (1941, "Zamanın sonu") əsərinin notları qumla həkk olunmuşdur.
Görkəmli rəssam Altay Sadıqzadənin "TL-2" əsəri gizli kodlar və həyat fəlsəfəsini əks etdirir.
Uşaqlıq xatirələrini təcəssüm etdirən rəssam, "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudovanın "Abşeron" əsəri bizi də o dövrkü illərə qaytarır.
Rəşad Ələkbərovun "İnsan və goreşən" əsəri onun "Hüsn və xof" və ya "Gözəllik və qorxu" silsiləsindən ikinci işidir. Müəllifin fikrincə, insan, məməli, yaxud digər bir canlının arealına daxil olanda onlara öz qanunlarını zor gücü ilə yeritməməlidir. Bəlkə də elətdirməlidir. Lakin elə gücə malik olmaq, elə faktlardan, arqumentlərdən istifadə etmək lazımdır ki, daxil olduğun cəmiyyət bunu qəbul edə bilsin. Təqdim olunan əsər insanın heç də vacib olmadan heyvanların areallarına müdaxiləsinə qarşı protestdir. Bu gün insanın təbiətə müdaxiləsi, heyvanların qırılması son nəticədə ziddiyyətlərin kəskinləşməsinə səbəb olur. İnsan təbiəti yeyir və bunun xoşagəlməz nəticələri də yaşadığımız mühitdə bu və ya digər dərəcədə əks olunur.
Fərid Rəsulovun plastik kütlədən hazırladığı heyvanın qarşısında ölmüş insanın skeletini əks etdirən əsərində diqqəti cəlb edən ölümdür. Bu dünyada bir çox işləri həyata keçirən insan öləndən sonra onun əməllərinin nəticələri, o cümlədən texnoloji tərəqqi, səhralığa çevrilmiş meşələr, canlıların sıxışdırdığı zonalar qalmaqda davam edir. Bütün bunlar isə, eyni zamanda, heyvanların yaşamağına mane olur.
Niyaz Nəcəfovun təqdim etdiyi portretlərdən biri ("Eskimo") bizi uşaq vaxtı dondurmaya münasibətimizlə bağlı xatirələrə qaytarır. "Barbi" əsəri isə müəllifin fikrincə, məhz 2012-ci ilin "Barbi"sidir.
Faiq Əhməd "Sarı axıntı" əsərində Azərbaycan xalçalarının hamı tərəfindən qəbul olunan strukturunu dəyişikliyə uğratmaqla Şərq cəmiyyətində baş verən dəyişiklikləri, o cümlədən qloballaşmanı təcəssüm etdirir.
"Birləşən körpülər" "YARAT!"ın bütün dünyanın və Azərbaycanın müasir incəsənət cəmiyyətləri arasında dialoqu inkişaf etdirmək kimi əsas məqsədini bir daha təsdiq edir.
Sərginin sponsorları "İtaldizain Qrup", "Bakcell", "Rapid Solutions" şirkətləri və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.
Sərgi iyunun 15-dək davam edəcəkdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında