Loran MOZAR: Azərbaycan rəqsləri məni hədsiz dərəcədə heyrətləndirdi

Azərbaycan rəqsləri məni hədsiz dərəcədə heyrətləndirdi.
Bu fikri Lüksemburq deputatlar palatasının sədri Loran Mozar "Azərbaycan qartalları" rəqs və "Mahirlər" ailə ansambllarının konsertindən sonra yerli və xarici jurnalistlərə verdiyi müsahibəsində səsləndirmişdir.
Müasir üslubda inşa edilmiş möhtəşəm filarmoniyada lüksemburqlular ilk dəfə Azərbaycan musiqisindən ibarət konserti dinləmək imkanı əldə etmişlər. Konsertin aparıcıları Azərbaycanın Lüksemburqdan uzaqlarda, Qafqazın cənubunda Xəzər dənizinin sahilində yerləşməsi, qədim tarixə malik ölkə kimi Qərblə Şərq arasında körpü rolunu oynaması, məşhur İpək yolu üzərində yerləşməsi, yeraltı sərvətlərlə, xüsusilə neft və qazla zənginliyi, Azərbaycan xalqının öz milli dəyərlərindən biri olan mədəniyyətini əsrlərdən bəri qoruyub saxlaması, musiqimizin ilk dəfə Lüksemburqda səsləndirilməsi barədə tamaşaçılara məlumat vermişlər.
Azərbaycanın əməkdar artisti Xanlar Bəşirovun "Xəzər" Universitetinin tələbə və məzunlarından, habelə 9-14 yaşlı uşaqlardan ibarət Mərdəkan mədəniyyət sarayı nəzdində iki il yarım əvvəl yaratdığı "Azərbaycan qartalları"nın ifasında "Yallı", " Zorxana", "Şəki", "Çobanlar", "Şalaxo", "Mirzəyi" və digər rəqs nömrələri lüksemburqluların arası kəsilməyən alqışlarına səbəb olmuşdur. Uşaqların ifasındakı rəqs nömrələri tamaşaçılara daha böyük təsir bağışlamışdır. Onlar balaca rəqqasları sürəkli alqışlarla dəfələrlə yenidən səhnəyə çağırmışlar.
"Mahirlər" ansamblının da çıxışı maraqla qarşılanmışdır. Həsənağa Sadıqovun başçılıq etdiyi ansamblın ifasında səslənmiş musiqi nömrələri tələbkar tamaşaçıların rəğbətini qazanmışdır. H.Sadıqovun nəlbəkilərlə ifa etdiyi nömrə lüksemburqluların maraq və təəccübünə səbəb olmuşdur.
Lüksemburq deputatlar palatasının sədri Loran Mozar konsertlə bağlı jurnalistlərə verdiyi müsahibəsində demişdir: İlk dəfə eşitdiyimiz bu konsert bir daha əyani şəkildə sübut etdi ki, Azərbaycan nəinki güclü enerji mənbəyinə, eyni zamanda zəngin mədəniyyətə malikdir. Ölkəmdə ilk dəfə səslənən bu musiqi, inanıram ki, Azərbaycan haqqında heç bir məlumata malik olmayan lüksemburqlularda müəyyən təsəvvür yarada bildi. Ritmik, sürətli, çevik rəqslər, xüsusilə kiçikyaşlı uşaqların "Çobanlar" rəqsi məni hədsiz dərəcədə heyrətləndirdi.
Bir-birindən uzaq məkanda yerləşən xalqların yaxınlaşmasında mədəniyyətin rolu danılmazdır. Xalqları yaxşı tanıtmaq üçün belə tədbirləri tez-tez keçirmək məqsədəuyğundur. Biz məhz buna çalışmalıyıq.
Lüksemburqla Azərbaycan arasında ikitərəfli əlaqələr qısa müddətdə yaranmasına baxmayaraq sürətlə inkişaf etməkdədir. Buna səbəb Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanması, zəngin enerji ehtiyatlarına malik olmasıdır. Avropa İttifaqının üzvü kimi, Lüksemburq da Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır.
Katrin Berje (tamaşaçı): Açığını deyim ki, belə bir konserti gözləmirdim. Azərbaycanın necə də zəngin mədəniyyəti, folklor rəqsləri var imiş. Balaca uşaqların rəqsi məndə əminlik yaratdı ki, haqqında məlumatım olmadığı, yalnız adını eşitdiyim Azərbaycan istedadlar ölkəsidir.
Rəngarəngliyi ilə bir-birindən daha maraqlı, daha önəmli olan musiqi nömrələrinin həmyerlilərimə böyük təsir bağışladığını düşünürəm. Biz uzun müddət bu konsertdən aldığımız təsirin altında olacağıq. Gələcəkdə Azərbaycan incəsənətinin digər sahələri ilə də tanış olacağımıza qətiyyən şübhə etmirəm. Sonda maraqlı rəqs nömrələrinə görə həm kiçikyaşlı uşaqlara, həm də böyüklərə "Əhsən!" deyirəm.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Lüksemburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında