Məşhur müğənni və bəstəkar Emin Ağalarov "Eurovision-2012" mahnı müsabiqəsindən sonra Bakıda solo konsert proqramı ilə çıxış edəcəkdir

Məşhur müğənni və bəstəkar Emin Ağalarov mayın 11-də Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirmişdir. 
AzərTAc xəbər verir ki, mətbuat konfransında müğənninin prodüserləri Devid Beynbridc və Piter Berd də iştirak etmişlər.
Emin Ağalarov müsabiqənin final mərasimindəki çıxışına ciddi hazırlaşdığını bildirmişdir. O, finalda "Never Enough" mahnısını təqdim edəcəyini demiş, bu mötəbər yarışmanı böyük sevinc və maraqla gözlədiyini vurğulamışdır.
Devid Beynbridc isə müğənninin Bakı səhnəsindəki çıxışının son illərin ən möhtəşəm şousu olacağına əminliyini söyləmişdir.
Müğənni müsabiqənin əhəmiyyətindən danışaraq builki yarışmada birinci yerə layiq namizədlər arasında Azərbaycan ilə yanaşı, Rusiya və Böyük Britaniya təmsilçilərinin olduğunu demişdir.
Məlumat verilmişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsindən sonra sənətçi mayın 27-də "EuroClub"da solo konsert proqramı ilə çıxış edəcəkdir. Müğənnini səhnədə 20 rus, 20 azərbaycanlı rəqqas və musiqiçi müşayiət edəcəkdir.
Mətbuat konfransında bildirilmişdir ki, Emin Ağalarovun Almaniyanın "EMİ MUSİC" şirkəti ilə birgə çalışdığı yeni albomu Böyük Britaniya və İrlandiyadan əlavə daha 12 ölkədə yayımlanacaqdır.
Emin Ağalarov mayın 14-15-də promo-tur çərçivəsində Böyük Britaniyanın bütün aparıcı radio proqramlarının qonağı olacaqdır. O, mayın 18-də Britaniyanın ən tanınmış "This Morning" səhər proqramında çıxış edəcəkdir. Müğənni Böyük Britaniyanın məşhur "OK" jurnalının növbəti nömrəsinin əsas qəhrəmanı olacaqdır.
Emin Ağalarovun yeni "Baby get higher" mahnısı Böyük Britaniya radiolarında hit-paradlara daxil olaraq, Rihanna və Coldplayin yeni musiqilərini belə geridə qoymuşdur. Mahnı həftə ərzində 18 milyondan çox dinləyici auditoriyası qazanmışdır.
Emin Ağalarovun iştirakı ilə müğənninin prodüseri Devid Beynbridc 8 seriyadan ibarət çəkilişləri həyata keçirəcəkdir. Dünyanın bir çox ölkələrində nümayiş olunacaq həmin serialın bir bölümü Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevə həsr olunacaqdır.
Bildirilmişdir ki, Emin Ağalarov məşhur rejissor, İqor Krutoy, Lara Fabian, Filip Kirkorov kimi ifaçıların kliplərinin müəllifi olan Alan Badoev ilə birlikdə "Hearts keeps beating" mahnısına klipin çəkilişlərinə başlamışdır. Növbəti həftələrdə klipin təqdimat mərasimi keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında