Tədbirlərimiz daha intensiv xarakter alacaq

Bu gün ölkəmizin hər yerində ulu öndərin ildönümünün bayram edilməsinə hazırlıq işləri davam edir. Bakı şəhəri Gül bayramına hazırlaşır. Hər il ulu öndərin ad günü paytaxtımız dünyanın müxtəlif ölkələrindən gətirilmiş gözəl güllərin məskəninə çevrilir.
İldən-ilə gözəlləşən Bakımızın Mədəniyyət və Turizm İdarəsinin də bu gözəlliyin yaradılmasında öz payı var. İdarənin strukturlarında bu xalq bayramına hazırlıq işləri davam edir. Və artıq musiqi məktəblərində, klublarda, mədəniyyət evlərində, kitabxanalarda bununla bağlı ilkin tədbirlər keçirilməkdədir. İdarənin rəisi Əlikram Əliyevlə söhbətimiz də bu tədbirlər barədə oldu.
Əlikram müəllim bildirdi ki, ümumiyyətlə may ayı həmişə tədbirlərlə zəngin olur. Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin ad günü də bu aya düşdüyündən bizim üçün bu daha məsuliyyətlidir. Çünki ulu öndərin tarixi xidmətlərini xatırlamaq, yeni nəslə bu barədə ətraflı məlumat vermək bizim mənəvi borcumuzdur.
Ulu öndərin xalqımız qarşısındakı tarixi xidmətləri unudulmazdır, xalqımız nə qədər yaşayır bu böyük şəxsiyyətin ideyaları da yaşayacaq və Azərbaycanımızı qələbələrdən-qələbələrə çatdıracaqdır.
Təsəvvür edin, Şuşanın işğalı günü keçirdiyimiz tədbirlərdə də biz ulu öndəri anırıq. Çünki, Azərbaycanın musiqi beşiyi olan bu basılmaz qalanın düşmənə təslim edilməsinə ilk siyasi qiymət məhz ulu öndərin dövründə verildi. Ulu öndər Şuşanı çox sevirdi, hətta burada bir neçə dəfə olmuşdu. M.P.Vaqifin məqbərəsi qarşısındakı tarixi çıxışı lentlərdə saxlanılmış və bu gün tamaşaçılar böyük nostalji hisslərlə həmin kadrlara tamaşa edirlər.
Demək istəyirəm ki, ulu öndər Azərbaycanın itirilmiş hər qarış torpağının qaytarılması üçün imkan daxilində hər şeyi etdi və bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev bu problemləri həll etmək üçün bütün imkanlardan istifadə edir. Söz yox ki, Qarabağ torpağı tezliklə azad ediləcək və biz ulu öndərə həsr etdiyimiz musiqi tədbirlərimizi Şuşamızda keçirəcəyik.
- Ulu öndərin ildönümü münasibətilə hansı təşkilatlarımızda tədbirlər keçirilməsi nəzərdə tutulur?
- Biz istəyirik ki, bu tdəbirləri məhz ulu öndərin adına layiq, yüksək səviyyədə təşkil edək. Ona görə də qabaqcadan tədbirlər planı hazırlamışıq və bu plana uyğun olaraq bütün təşkilatlarımız bu işə cəlb olunub.
Mayın 7-də Qaradağ rayonu Heydər Əliyev Mərkəzində ulu öndərin ad gününə həsr olunmuş dəyirmi masa keçirəcəyik. Dəyirmi masada görkəmli alimlər, mədəniyyət xadimləri iştirak edəcəklər. Elə həmin gün Ə.Əmirov adına Mədəniyyət Sarayında "Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev" adlı konsert proqramı təqdim edəcəyik.
Digər mədəniyyət evləri və klublarımızda da bu tədbirlər müxtəlif vaxtlarda həyata keçiriləcək.
Məsələn, Bibiheybət, Badamdar qəsəbələrinin mədəniyyət evlərində, Pirallahı qəsəbəsindəki V.Mustafazadə adına Mədəniyyət Mərkəzində, Zığ qəsəbə klubunda, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evində, Binə qəsəbə mədəniyyət evində, Nizami rayon Mədəniyyət Mərkəzində, Qala qəsəbə klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü mayın 10-dək təntənə ilə qeyd olunacaq.
O cümlədən kitabxanalarımızda da belə tədbirlər davamlı olaraq həyata keçiriləcək. Mərkəzi Kitabxana Sistemlərində ulu öndərin kitablarının və onun haqqında kitab və məqalələrin sərgisi, həm də söhbətlər, dəyirmi masalar təşkil ediləcək. "Yaşayır Heydər ata", "Heydər Əliyev və uşaqlar", "Əbədiyaşar lider", "Sən elə bir zirvəsən", "Xalqımızın xilaskarı" və başqa adlarla keçirilən bu tədbirlərə rayonların ziyalıları, gənclər və məktəblilərin cəlb edilməsi nəzərdə tutulmuşdur.
Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunan maraqlı tədbirlərimiz uşaq musiqi və incəsənət məktəblərimizdə də keçiriləcək. Konsert-mühazirə formasında təşkil ediləcək bu tədbirlər zamanı ulu öndər yenidən anılacaq, onun Azərbaycanın müasir tarixindəki rolundan bəhs olunacaq və xüsusi konsert proqramları nümayiş etdiriləcək.
Bundan başqa, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Ə.Əzimzadənin, M.S.Ordubadinin, C.Məmmədquluzadənin ev muzeylərində də tədbirlər keçirilməsi nəzərdə tutulur.
- Bu gün Azərbaycan bir sıra beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edir. "Eurovision - 2012" beynəlxalq müsabiqəsi də bu il Bakıda keçiriləcək. Həmin tədbir də may ayında olacaq. İdarəniz bu tədbirə necə hazırlaşır?
- Mədəniyyət ocaqlarında hazırlıq işləri davamlı olaraq aparılıb. Bütün muzeylər, teatr müəssisələri, eləcə də, digər mədəniyyət müəssisələri yarışma vaxtı tam işlək vəziyyətdə olacaq. Müxtəlif səpkili tədbirlərin təşkili planlı şəkildə hazırlanıb. Azərbaycanın tanınmış və istedadlı rəssamlarının əl işlərindən ibarət sərgilər təşkil ediləcək. Bütün konsert salonlarında zəngin repertuarlar əsasında konsertlər keçiriləcək. Əgər adi günlərdə mədəniyyət müəssisələri müəyyənləşdirilmiş iş saatında işləyirdisə, bu çərçivədə iş saatları uzadılacaq. Belə ki, əgər muzeylərdə iş saatı 18:00-a qədər təyin edilibsə, həmin günlərdə 20:00 və yaxud 24:00-a qədər də fəaliyyətdə olacaqlar. Paytaxtımızın qonaqları milli mədəniyyətimizlə tam asudə şəkildə yaxından tanış ola biləcəklər. Mən deyərdim ki, bu yarışma Azərbaycanı tanıtmaq məqsədi də daşıyır. Açıq havada belə tədbirlərin keçirilməsi, konsertlərin verilməsi, sərgilərin təşkili və s. qonaqların Azərbaycan mədəniyyətinin mənimsənilməsinə xidmət edəcək. Onların asudə vaxtının təşkili üçün hətta mədəniyyət abidələrinə gəzintilər də nəzərdə tutulub.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında