Mayın 15-dən iyunun 15-dək Bakı Müasir İncəsənət Muzeyində Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə "Birləşən körpülər" adlı orijinal sərgi keçiriləcəkdir.
"YARAT!" qeyri-kommersiya təşkilatından AzərTAc-a bildirmişlər ki, "Birləşən körpülər" çərçivəsində ilk sərgi mayın 15-də Bakı Müasir İncəsənət Muzeyində baş tutacaqdır. Azərbaycan rəssamları ilə yanaşı, Böyük Britaniyanın və digər ölkələrin fırça ustalarının da iştirak edəcəkləri bu sərgidə Sara Lukas, Kit Kaventri, Ceyms Turrell, İdris Xan və Olimpiya Skerri kimi dünya şöhrətli sənətkarların işləri nümayiş olunacaqdır.
Bu qeyri-adi işlər kolleksiyası ilə yanaşı, sərgidə həm də Altay Sadıqzadə, Ağa Hüseynov, Niyaz Nəcəfov, Rəşad Ələkbərov və Fərid Rəsulov kimi Azərbaycanın ən tanınmış müasir rəssamlarının əsərləri nümayiş etdiriləcəkdir.
Sərginin kuratorları "YARAT!"ın təsisçisi və direktoru Aida Mahmudova və Böyük Britaniyadan olan Adam Vaymutdur. Onlar birlikdə dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işlərinin toplusunu təqdim edəcəklər.
Aida Mahmudova və Adam Vaymut karyeraları boyunca müasir və xüsusilə də yeni rəssamlar üçün imkanlar yaratmağa cəhd göstərmişlər.
"YARAT!" qeyri-kommersiya təşkilatının əsası Aida Mahmudova tərəfindən 2011-ci ilin oktyabrında qoyulmuşdur. "Ön söz" adlı ilk sərgisi və hazırda davam edən "012 Baku Public Art Festival" kimi layihələrlə bədii diskussiyalara səbəb olan "YARAT!" bu beynəlxalq sərgi ilə diskussiyaları daha da artıracaqdır. "Birləşən körpülər" "YARAT!"ın bütün dünyanın və Azərbaycanın müasir incəsənət cəmiyyətləri arasında dialoqu inkişaf etdirmək kimi əsas məqsədini bir daha təsdiq etmiş olacaqdır.
Sərgi həm də Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə üst-üstə düşəcəkdir. Şübhəsiz, bu mahnı müsabiqəsi Bakıya minlərlə tamaşaçı cəlb edəcəkdir. Beləliklə, sərgidə nümayiş etdirilən işlər daha böyük, beynəlxalq auditoriyalara açılmış olacaqdır. "YARAT!" ölkəmizin həm tanınmış rəssamlarına, həm də gənc istedadlarına imkan yaratmaq, onların işlərini məşhur və sevilən beynəlxalq rəssamların işləri ilə birgə sərgiləməklə, Azərbaycan incəsənətini daha da inkişaf etdirmiş olacaqdır.
Beynəlxalq arenada məşhur olan və Bakı Müasir İncəsənət Muzeyinin tikinti layihəsinin tərtibatçısı və əlaqələndiricisi Altay Sadıqzadədən başlamış, Azərbaycanı 2007-ci il Venesiya Biennalesində təmsil etmək üçün seçilən Faiq Əhmədə qədər sərgidə iştirak edən azərbaycanlı rəssamlar da öz beynəlxalq həmkarları kimi geniş təcrübəyə malikdirlər.
Bütün dünyada tanınmış İdris Xanın xüsusi olaraq Bakıya gətirilmiş installyasiyası da "Birləşən körpülər" sərgisində nümayiş etdiriləcəkdir. Xan ən çox həm Qərb, həm də islam ənənələrinin musiqi və mətn tarixlərini araşdıran və rəqəmsal işlənən çapları ilə məşhurdur. Buna baxmayaraq, bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltəraşlıq əsərini nümayiş etdirəcəkdir. Heykəlin üzərində Oliver Messayanın kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı "End of Time" (1941, "Zamanın sonu") əsərinin notları qumla həkk olunmuşdur.
Kurator Aida Mahmudova deyir: "Bu çox cəsur və heyranedici bir layihədir. Bundan əvvəl heç vaxt belə nüfuzlu azərbaycanlı və xarici rəssamlar bir araya gəlməmişlər. Beləliklə, "Birləşən körpülər" 2012-ci ilin ən maraqlı incəsənət tədbirlərindən birinə çevriləcəkdir8.
Adam Vaymut öz fikirlərini bu sözlərlə bölüşür: "Sərginin bu qədər maraq doğurmasının səbəbi yalnız orada iştirak edən nüfuzlu incəsənət xadimləri ilə bağlı deyil. O, həm də Bakının beynəlxalq incəsənət mərkəzləri ilə çiçəklənən əlaqələrini bir daha vurğulayır. Bu layihədə iştirak etməkdən və "YARAT!" kimi təşkilatla birgə işləməkdən qürur duyuram, çünki o, azərbaycanlı rəssamlar və onların dünyadakı müasirləri ilə dialoq qurur".
Aida Mahmudova tərəfindən 2011-ci ildə yaradılmış "YARAT!" Azərbaycanın müasir incəsənətini həm milli, həm də beynəlxalq səviyyədə təbliğ edən qeyri-kommersiya və özəl təşkilatdır. "YARAT!"ın ilk sərgisi olan "Ön söz" 2011-ci ilin oktyabrında nümayiş olunmuş və bir ay ərzində 20 mindən artıq tamaşaçı cəlb etmişdir. "YARAT!" bu layihənin uğurunu davam etdirərək 2012-ci ilin fevralında "012 Baku Public Art Festival"a start vermişdir.
"YARAT!"ın əsas məqsədi Azərbaycan və xarici qeyri-kommersiya incəsənət fondları ilə dialoq və ideya mübadiləsinin əsasını qoymaqdır. "YARAT!" həm də təhsil təşəbbüslərini və beynəlxalq incəsənət mükafatını təmin etməyi öz vəzifəsi hesab edir.
"YARAT!" qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru olan Aida Mahmudova rəssamlıq təhsilini Londonda, Central Saint Martins məktəbində aldıqdan sonra doğma Bakıya qayıtmışdır. Londonda bir sıra rəssamlarla tanış olan Aida Mahmudova hələ o zaman bu qərara gəlmişdi ki, yaradıcı dialoq yaratmaq və onu inkişaf etdirmək üçün belə bir təşkilata böyük ehtiyac vardır. Bu fikir Aida Mahmudovanı Azərbaycanın müasir incəsənətini təbliğ və təşviq edəcək qeyri-kommersiya təşkilatını yaratmağa ruhlandırmışdı. "YARAT!" vasitəsilə Aida Mahmudova Azərbaycanın müasir rəssamları üçün imkanlar yaratmağa və incəsənəti daha geniş yerli və beynəlxalq auditoriyalar arasında təbliğ etməyə çalışır.
Təhsilini City and Guilds İncəsənət Məktəbində alan Adam Vaymut sonralar "20 Hoxton Square Projects"in təsisçilərindən biri və dörd ildən artıq layihənin direktoru olmuşdur. Daha sonra bir il ərzində Lazarides Çap Qalereyasına başçılıq etmiş və müstəqil olaraq bədii təşkilatlarda və xeyriyyəçilik işlərində yaxından iştirak etmişdir. 2011-ci ildə o, "AdamWaymouthArt"ın əsasını qoymuşdur. Bu, müasir rəssamlar, muzeylər, qalereyalar və özəl şirkətlərlə birlikdə çalışan bədii əlaqələndirmə üzrə məsləhət mərkəzidir. Son altı ay ərzində "Vaymut Pertwee" , "Anderson and Gold" , "the Victoria & Albert Museum", "Shelter", "Flora Fairbairn Projects", "Gazelli Art House", "Parasol Unit and Bold Tendencie" ilə əməkdaşlıq etmişdir.
Sərgidə britaniyalı və beynəlxalq rəssamlar - Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Bruce High Quality Foundation, Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klementsin, həmçinin azərbaycanlı fırça ustaları Ağa Hüseynov, Altay Sadıqzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aida Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımovun əsərləri nümayiş etdiriləcəkdir.
Sərginin sponsorları "İtaldizain Qrup", "Bakcell", "Rapid Solutions" şirkətləri və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.