Nizami poeziyasının rasionalist və kosmoloji paradiqmaları (07.04.2012)

{nl}

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi geniş qeyd olunmaqdadır. Dövlət başçımızın Gəncə səfəri zamanı böyük Nizaminin məqbərəsini ziyarət etməsi, ətrafda görülən tikinti-quruculuq və abadlıq işləri ilə tanış olması, əməli tövsiyələr verməsi, Nizami irsini yüksək dəyərləndirməsi yubiley tədbirlərinin daha geniş vüsət almasının təməlini qoymuşdur.
Ölməz Nizami poeziyası təkcə Azərbaycanın deyil, həm də bütün dünyanın əvəzsiz mənəvi xəzinəsidir. Bu danılmaz həqiqəti dünyanın bir çox uyğun mədəniyyət mərkəzləri, beynəlxalq qurumları çoxdan bəyan etmişlər.
Nizami irsinin öyrənilməsinə hələ şairin öz sağlığında başlanılmış, aradan keçən əsrlər boyunca tədqiqatlar daim dərinləşmiş, təkmilləşmiş, bu ölməz poeziya öz aktuallığını bütün əsrlərdə qoruyub saxlamışdır. Nizami irsi bu gün də dünya tədqiqatçılarının diqqət mərkəzindədir və aparılan tədqiqatlar bu möhtəşəm fəlsəfi poeziyada hər dəfə yeni-yeni çalarlar, nüanslar aşkara çıxarır.
Nizami poeziyasının epik-fəlsəfi xarakteri öz çoxcəhətli əhatə dairəsi ilə diqqəti cəlb edir. Bütünlükdə Şərq poeziyasına xas olan kosmoqonik baxışlar sistemi Nizami yaradıcılığında həm poetiklik, həm də empirik təbiətşünaslıq baxımından yeni yüksəlişə qalxmışdır.
Nizami irsinin rasionallığını onun maddi aləmə obyektiv yanaşması, təbiətin fiziki parametrlərinə diqqət yetirməsi artırır. Böyük şair kainatın quruluşuna zəmanəsinin bilikləri müstəvisində yanaşmışdır. Bütün bunlar Nizami yaradıcılığına elmi, kosmoloji, həndəsi və riyazi paradiqmalardan nəzər salınmasını gündəmə gətirir. Şairin bədii düşüncəsi ilə bağlı rasionalizmin özəllik kimi problemə çevrilməsi məhz onun poetik sistemində elmi biliklərin geniş istifadəsindən doğur.
Bu söylədiyimiz fikirlərə nümunələrdə baxaq. Nizamidə belə bir deyim var: "Eşitmişəm ki, hər ulduz bir dünyadır, onun da bizim kimi yeri və göyü var". Orta əsrlər dövrünün adi şüurları və doqmatik teoloji bilik sistemi üçün bu deyim çox cəsarətli idi. Nöqtə kimi balaca görünən ulduzların yer modelində açılmasının əsasında empirik metod dura bilməzdi. Yalnız "ratio"ya söykənən düşüncə ulduzların böyük sistem faktı olmasını güman edə bilərdi. Biz Nizami rasionalizmindən danışarkən məhz belə cəhətləri nəzərdə tuturuq.
Nizami fizika, həndəsə, triqonometriya, astronomiya kimi dəqiq elmlərdə geniş bilik sahibi idi. O, Şərqdə Bətlimus adı ilə tanınan Ptolomeyin geosentrik sistemi ilə, yəni kainatın hərəkətsiz mərkəzi kimi götürülmüş yerin çevrəsinə günəş və başqa göy cisimlərinin fırlanması təlimi ilə yaxşı tanış idi. Eyni zamanda o, Evklid (İqlidis) həndəsəsini bilirdi, əsərlərində nöqtə, xətt, müstəvi, kürə, cisim kimi həndəsi-riyazi anlayışlara müraciət edirdi. Astronomiyanın yüksək bilicisi olan şair o dövrdə bəlli olan planetləri, bürcləri tanımış, əsərlərində tez-tez onların adlarını çəkmişdir.
Günəşə ən yaxın planet olan Merkuridə kraterlərin birinə Nizaminin adı verilmişdir.
Nizaminin kainatın quruluşu haqqındakı görüşlərinə heliosentrik sistemin təsirinin də olduğunu təsdiq edən məqamlar var. "Sirlər xəzinəsi"nin başlanğıcında, şair Tanrı haqqında "Günəş qurşağına "əllər düzəndir" ifadəsini işlətmişdir. Zənnimcə, bu deyim Nizaminin heliosentrik bilgisinin poetik dilə transformasiyasından doğmuşdur. Şair göy qurşağı yox (məntiqlə geosentrik sistemdə belə olmalıdır), Günəş qurşağı deyir. Özü də bu seçim heç də vəzn və ya qafiyə diktəsindən irəli gəlmir.
Nizaminin idealist görüşləri onun naturfəlsəfəsi ilə ziddiyyət təşkil etməmişdir. Varlıq və idrak münasibətlərində maddi aləmin obyektiv mövcudluğunu önə çəkən böyük mütəfəkkir onların meydana çıxmasında ilkin gücün rolunu inkar etmirdi. Nizami idealizmi obyektivdir, həm də bu idealizm maddi aləmin təkamülü haqqında təlimə xidmət etdiyindən onu heç cür subyektivizmlə bir araya sığışdırmaq olmaz. Nizami yaradan gücdən bəhs edərkən materiyanın zaman və məkan kimi obyektiv mövcudluq formalarının adlarını çəkmiş ("O, zaman və məkandan çox ucadır" - "Sirlər xəzinəsi", Başlanğıc), bu iki kateqoriyanı öz kosmoqonik və təbiətşünaslıq görüşləri müstəvisində (Yerə və Göyə şamil etməklə) açıqlamışdır.
"Xəmsə"nin sayca üçüncü əsəri olan "Leyli və Məcnun"da da kosmoloji təsəvvürlər güclüdür. Əvvəlki poemalarında olduğu kimi, burada da fəlsəfi-poetik kosmologiya riyazi formulalarda öz ifadəsini tapır. Nizami beytlərinin riyazi əsası həm aşkar, həm də müəmma şəklində verilir. Ancaq onun müəmmaları nisbətən sadə olub dövrün savadlı adamları üçün asan yozumlu idi.
Nümunə üçün belə bir fakta nəzər salaq. Nizami "Leyli və Məcnun"un yazılma tarixini saylar dilində şifrələmişdi. O, "Kitabın nəzminə səbəb haqqında" bölməsində l4 rəqəminə simvolik məna vermiş və bunu dünyanın dörd cəhəti ilə əlaqələndirmişdi. Şair dörd min beyti dörd aya yazdığını deyir və əlavə edir ki, əgər başqa işlər olmasaydı, o, əsəri 14 gecəyə tamamlayardı. Burada "14 gecə" ifadəsi Ayın Yer kölgəsindən çıxışının əvvəlindən sonuna qədər (təzə aydan bədirlənmiş Ayadək) keçdiyi sinodik mərhələyə işarədir. Nizamiyə görə, göstərilən sinodik mərhələ yaranışdan kamilliyədək olan məsafəni (müddəti) ifadə edir. Sözsüz ki, burada rəqəmlərin dili ilə rəmzi məna gizlədilmişdir; şair bununla əsərin yaranışını, getdikcə ərsəyə gəlməsini və nəhayət, tam kamilləşməsini, bitməsini vurğulamaq istəmişdir.
Növbəti misralarda şair əbcəd hesabında (rəqəmlərin ərəb əlifbasında qəbul edilmiş hərf qarşılıqları vasitəsi ilə) əsərin gerçək yazılma tarixini "elitar" oxucuya nisbətən asan "müəmma" şəklində bildirir. O, "sə", "fə" və "dal" hərflərini sadalayır və bunları əsərin sona çatdığı il olduğunu deyir. Aya və günə gəlincə, bunun rəcəbin sonuncu günü olduğu qeyd edilir. Xatırlayaq ki, "əbcəd" hesabında "sə" 500-ə, "fə" 80-ə, "dal" 4-ə bərabərdir, rəcəb ayı isə hicri (qəməri) təqvimdə ilin 7-ci ayıdır. Daha sonra Nizami yazılış tarixini açıq formada da göstərir və əlavə edir ki, yuxarıdakı misralarda olan müəmma "qeyri-elitar" oxucuların zənnini azdırmaq üçündür. Ancaq istənilən halda bizim üçün daha maraqlı olan tarixin "örtülü" verilməsi deyil, onun riyazi rəmzlərin kosmoloji ifadə formalarında əks etdirilməsi və bu üsulun Nizamidə xeyli geniş yayılmasıdır.
"Xosrov və Şirin" poemasında da şair öz doğum tarixini ədədi simvollar vasitəsilə (əbcəd üsulu ilə) müəmma şəklində ifadə etmişdir. Buradan onun hicri tarixlə 535-ci ildə, şir bürcündə anadan olduğu (1140-cı il 17-22 avqust arası) anlaşılır.
Nizaminin yaradıcılığında təbiətşünaslıq və kosmologiya ciddi vəhdətdədir. Riyazi formullardan istifadə edən şair bu bağlılığı özünün bütün əsərlərində dəfələrlə əsaslandırmışdır. Şair bununla həm əsərdəki poetikliyi gücləndirmiş, həm də göy mexanikası və geosferin quruluşu haqqındakı bilgiləri əsərin məzmununa uyğunlaşdırmışdır. Sözsüz, bütün bunlar həm təşbehlərin, həm də ədədi simvolların (rəqəmlərin) vasitəsilə həyata keçirilirdi. Şairin bir çox əsərlərində 1, 3, 4, 5, 6, 7, 9, 12, 40, 100 və daha çox simvolik ədədlər sisteminə təsadüf edilir. Bu simvolları məharətlə işlədən şair bədii sözə həm rasionalist sxem verir, həm də mistik cazibə əlavə edirdi.
Nizaminin yaradıcılığında rasionalizm təbiətin ilahiləşdirilməsi ilə bir qədər panteist xarakter alır. Ancaq bu panteizm elmi biliklərin poetik ifadə forması olub orta əsrlər dövründə geniş yayılmış sufi-mistik görüşlərdən uzaq idi və hətta onlara qarşı yönəlmişdi. "Sirlər xəzinəsi"nin girişində şair "Mütləqi görməyin mümkün olmadığını" iddia edənlərə gülür və onları kor adlandırır. Kainatı mütləqin obyektiv maddi siması hesab edən şair öz panteizmini təbiətşünaslıqla yaxınlaşdırmış, bunun üçün yenə də "riyazi" formullardan poetik vasitə kimi yararlanmışdı.
Nizaminin rəqəmlər sistemi bir sıra hallarda universal xarakter daşıyaraq müxtəlif simvolik yozumlarda açıla bilər. Məsələn, "Leyli və Məcnun"dakı "Məlik Axsitanın mədhinə" bölməsində şair 12 elmdən bəhs edir. Bu, həm 12 bürc kimi yozula bilər, həm də dörd səmavi kitabın (Zəbur, Tövrat, İncil və Quranın), dörd ünsürün (torpaq, səma, su və atəşin) və dörd maddənin (qan, sevda, səfra və bəlğəmin) toplusu kimi açıla bilər. Eləcə də əsərlərində tez-tez təsadüf olunan 7 ədədi Tanrının dünyanı yeddi günə (6+1) yaratmasını, göy qübbəsinin yeddi qurşağını, yeddi əsas səma cismini (Günəş, Ay və beş planeti) bildirə bilər.
Ümumiyyətlə, 7 rəqəminin rəmzləşdirilməsi Şərq mistikasında və fəlsəfəyə meyilli poetikasında güclü amillərdəndir. Nizaminin poeziyasında isə o, özünün ən yüksək poetik ifadəsini tapır. O, "Leyli və Məcnun"dakı "Leylinin vəziyyəti barədə söz" bölümündə 7 ədədindən poetik təşbeh kimi istifadə edərək Leylinin gözəlliyini "Göy camalının föhristi (yəni cəmi)» adlandıraraq onu 7 səma cismi ilə tutuşdurur. Onu da deyək ki, poemadakı 7 simvolu qəzavü-qədər mistikasından uzaqdır, irreal deyil, zəkaya sığandır, realdır. Bu təşbehdə riyazi modelləşdirmə meyilləri duyulmaqdadır. Çünki riyazi modelləmə, hər şeydən öncə, proseslərin (hadisələrin) riyazi modelini qurmaqla onların tədqiq olunmasını ehtiva edir. Burada Nizami fiziki təbiəti müxtəlif olan (şəxsiyyət və səma cismləri), lakin təsvirində identiklik müşahidə edilən təşbeh metodundan istifadə etmiş, beləliklə də riyazi modelləmənin poeziyada orijinal nümunəsini yaratmışdır. Qeyd edim ki, şairin yaradıcılığında (xüsusilə "Sirlər xəzinəsi" və "Yeddi gözəl"də) riyazi modelləmənin poetik tətbiq formaları daha güclüdür.
Nizami "xeyri-şəri bilinməyən", "təzadlı" 7 rəqəmini nəinki mistik səciyyədən təmizləmişdir, həm də ona yüksək estetik kateqoriya olan gözəlliyin kosmoloji təcəssümünü vermişdir. Beləliklə, Nizami yaradıcılığında 7 ədədi mövhumi dəyərləndirmədən uzaqlaşaraq real estetik ideal səviyyəsinə yüksəlmişdi. Ancaq Nizaminin bu ədədlə bağlı daha mühüm əsəri "Xəmsə"nin dördüncü poeması olan "Yeddi gözəl" əsəridir. Burada göy mexanikasına əsaslanan riyazi kosmoqoniya açıq ifadə olunmuşdur. Əsərin adı orijinalda (klassik fars dilində) "Həft peykər" kimi səslənir. Burada "peykər" termini gözəllikdən daha çox səma cismləri (planet, yaxud ulduz) mənasını verir. Əlbəttə, şair səma cismlərini poetik vasitələrlə gözəllik simvollarına çevirmiş və vəsf edilən hər gözəli bir səma cismi ilə identifikasiya etmişdir (burada biz yenə riyazi modelləşdirmə meyllərini görürük).
Ümumən bütün Şərq poeziyasında olduğu kimi, Nizami yaradıcılığında da səma cismlərinin təfsirinə meyl güclüdür. Şərq təfəkkürüncə Tanrının qüdrəti böyük coğrafi obyektlərdən daha çox məhz göy cismlərində, onların uzaqlığında, əsrarəngizliyində, dövriliyində təcəssüm edir (ilahi nizam). Göy mexanikası qanunlarına tabe olan səma cismlərinin hərəkəti qarşılıqlı riyazi formullarla tənzimlənir və müəyyən bir dayanıqlığa tabe olur. Şərq idealizmində göy mexanikası Tanrı qüdrətinin ölçüyəsığmazlığı kimi dəyərləndirilir. İslam dünyasında səma cisimlərinin gündəlik məişət fəaliyyəti üçün zaman etalonu kimi daha artıq əhəmiyyət daşıması onlara olan mistik marağın əsas səbəblərindəndir.
Nizami poeziyasında Günəş, Ay, səyyarələr (planetlər), bürclər və ulduzlar önəmli yer tutur. Əslində ay və qismən ulduzlar hər zaman poetik ilham mənbəyi olmuşlar. Ancaq Nizami poeziyasında səma cismləri sadə poetik ifadə vasitələri olmayıb riyazi kosmoqonizm ilə birləşən naturfəlsəfənin və "ilahi qüvvə" konsepsiyasının obyektləri kimi daha böyük əhəmiyyət kəsb etmişdir. Maraqlıdır ki, səma cismlərinə münasibətdə Nizaminin empirik bilgilərə tabe olmayan rasionalizmi özünü aydınca göstərir. Məsələn, Nizami Ayın öz işığının olmadığını söyləmiş, ay diskinin günəşin şüalarını əks etdirməklə işıqlandığını təsdiq etmişdir. O, ayı "qara", yəni işıqsız adlandırmışdır. Antik təbiətşünaslıq və astronomiyada düzgün müddəaları dəyərləndirən şair, yanlış müddəaları da duymuş, poetik vasitələrlə onlara "düzəliş" vermişdi. O, Ptolomeyin geosentrik sisteminə qarşı "Günəş qurşağına "əllər düzəndir" fikrini söyləmiş, Kopernikdən çox-çox öncə Biruninin irəli sürdüyü heliosentrik sistemdən xəbərdar olduğunu və hətta onu müdafiə etdiyini dolayısı ilə bildirmişdi.
(ardı var)

{nl}

Timuçin ƏFƏNDİYEV, professor

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında