Yol da bir taledir, çoxdan yazılıb...

Yaxud, bir şəklin tezləşdirdiyi sətirlər

{nl}


Əvvəllər elə bilirdim ki, nə zamansa - 50 yaşdan, 60 yaşdan sonra oturub asanlıqa, rahatca bir yazı qələmə ala biləcəm. Amma... olmur qardaş, alınmır ki, alınmır. Asan yazmaq... mümkün deyil. Bir ildən də çoxdur ki, Səməd Qaraçöpün kitabını az qala hər həftə vərəqləyir, nədən başlayacağımı götür-qoy edirəm. Heyrət yaradacaq qədər istedada, hamıya nəsib olmayan müşahidələrə malik bir şairin bədbinliyi adamın ürəyini ağrıdır.
Təxminən 30 il əvvəl uğurlu şeirləinə görə az qala hər həftə təbrik etdiyim Ramiz Qusarçaylının ən yeni və ən mükəmməl şeirlər kitabı barədə... mütləq yazacağam. On il əvvəl, aprelin bu günlərində 50 yaşı tamam olan dostumuz Mehdi Mükərrəmoğluya demişdim ki, sənin 60 yaşında, görərsən, necə yazı qələmə alacağam. Amma, Səməd də, Ramiz də, Mehdi də uşaq deyillər, bilirlər ki, nə zamansa, mütləq yazacam. "Müşfiq bulağı" ədəbi birliyi haqqında 80-ci illərin əvvəllərində "Bakı" qəzetində getmiş bir təqdimat yazımı da tapıb hazır saxlamışam. Orada Ramiz Qusarçaylının çox gözəl bir şeiri verilib. Qərəz...
Belə vaxtlarda tez-tez hind filosoflarının fikirlərinə müraciət edirəm. Yazmaq istədiyin, ərsəyə gətirdiyin və oxucuların istifadəsinə verdiyin fikirlərin müxtəlif mərhələlərini bar verən ağacın bir ildə keçdiyi dövrlərlə müqayisə edən hind filosofu yazır: nə isə yazmaq barədə düşündün - ağac tumurcuqlandı, yazını qələmə almağa nə isə mane oldu - qəfil küləklər əsir və hava soyuyur, imkan tapıb yazdın - hava necə də xoşdur, fikirlərin hamının istifadə edə biləcək bir formaya düşdü - payız öz nemətləri ilə gözəldir.
Bax belə, Mehdiyə verdiyim söz də Səmədin və Ramizin kitabları barədə fikirlərim kimi hələ xeyli vaxt tumurcuq şəkilində qala bilərdi. Əgər üç gün öncə Mehdi Mükərrəmoğlunun "Məni Qubadlıya aparan yollar" kitabını görməsəydim. Kitabın 5-ci səhifəsində Qubadlının Dondarlı kəndindən-Mehdinin ata-baba ocağından geniş bir ərazini əhatə edən fotoşəkil verilib. Şəkli çəkən adama ən yaxın məsafədə olan uca qamətli, yaşıl ağac, ağacın zirvəsində leylək yuvası, yuvada bir ayaq üstə dayanıb öz "isti ocağını" kimdənsə qoruyan leylək... və cəmi beş səhifə o tərəfdə öz yurdunu qoruya bilməyən, fəqət, "Qubadlıya qış ağısı" deyən müəllifin yuvanı yada salan sətirləri:
Gözlərimdən qar suyu kimi
Ağ yaşlar tökülür,
Çöldə soyuqdur.
Ağ gecənin qaranlığında
Şaxtadan hər kəs
Öz yuvasına çəkilib.
Hamı -qışın, sazağın soyuğundan qorunmaq istəyən hər kəs öz yuvasına çəkilib. Qubadlı camaatının isə yolu bağlıdır. Çünki:
Sən demə yollar da vəfasız olur,
Sağında, solunda çiçəklər solur.
Ağlayır, sızlayır, gözləri dolur...
Kövrək hisslərlə dolu bir kitabda qəribə məqamların, üzdə təzad kimi görünən nikbinliyin şahidi oluruq. Müəllif hələ 10 il, 15 il əvvəl qələmə aldığı şeirdə böyük inam ifadə edir ki, "Yenə Qubadlıya aparacaqdır, məni Qubadlıya aparan yollar". Çox gözəl, buna hamımız inanırıq. Amma kitaba yazdığı qısaca ön sözdə belə sətirlər var: "Vəsiyyət edəcəyəm ki, məndən sonra övladlarım bu kitabı Qubadlıdakı evimizin qarşısında dəfn etsinlər, qoy heç olmasa hisslərimin toplandığı bu şeirlər o torpağa qovuşsun". Müəllif inanır ki, Bakıda doğulub böyüyən, qaçqınlıq, köçkünlük, hisslərini yaşamayan, Qubadlı ilə o qədər də bağlı olmayan övladları bir gün o torpağa dönəcəklər. Bu, bəlkə də, təkcə ümid və arzu deyil, həm də tövsiyədir.
Mehdinin orta məktəbdəki sinif yoldaşlarına həsr etdiyi şeirdə verilmiş "Niva" sürən ucaboy oğlanı az qala tanımaması, əzizlərinə "sizi o ocaqda yığım başıma" -deyə səmimi arzularını dilə gətirməsi, fələkdən "görəsən o eldən nə qalıb indi?" - deyə həyəcanla xəbər alması çox kövrəkdir. Ən kövrəyi isə "ömrünün yolları başlayan yerdə" özünün çatışmadığını dilə gətirməsidir. Ümumiyyətlə, "Məni Qubadlıya aparan yollar" kitabında kövrək olmayan, yurd həsrəti, Vətən nisgili ilə bağlanmayan heç nə yoxdur. "Həsrət duyğuları", "Əzizlərimə", "Tanrı sevgisi" və "Düşüncələrim" adlı bölmələrdə verilən şeirlərin hamısından baş qaldıran sızıltı ictimai məzmunlu şeirlərlə yanaşı təbiətə ünvanlanan sətirlər də özünü göstərir:
"Yaman tez saraldı yarpaqlar bu il,
Elə bil təbiət Tanrıdan küsüb"
- yaxud:
"Bu dünya heç zaman belə olmayıb.
Nə işdir, yarpaqlar çox tez tökülür".
Biz bu yazını Mehdi Mükərrəmoğlunun "Nurlan" nəşriyyatında təzəcə çapdan çıxmış (redaktorlar İlham Abbasov və Paşa Əmircanovdur) "Məni Qubadlıya aparan yollar" kitabı üstündə qurduq. Ancaq həmkarımız son 10 ildə ictimai-siyasi və elmi-kütləvi məzmunlu bir neçə kitablı ilə oxucuların görüşünə gəlib. "Bir nəslin manifesti" ( 2003), " Raykom katibi" (2004), "Qubadlını məndən soruş" ( 2006), "Ömrün çarpaz rakursları (2007), "Əbədi şölələnən məşəl" (2008) kitablarında Qubadlı torpağının gözəlliyindən, onun mərd, ziyalı insanlarından söhbət açır, kino sənəti ilə bağlı düşüncələrini bölüşür.
Mehdi Mükərrəmoğlu "Xalq qəzeti"ndə çalışdığı 10 ildə cəmiyyət həyatının humanitar sahəsindən, xüsusən, elm və təhsildən daha çox yazıb, daha müfəssəl söhbət açıb. Ancaq onun üçün əbədi və daha çox ruhlandırıcı olan iki mövzu vardır: Qubadlı və kino sənətimiz. Bu da təsadüfü deyil . Çünki o, ömrünün ilk 20 ilini məhz Qubadlıda - Dondarlı kəndində yaşayıb, atasının, babasının və bütün şəcərəsinin böyük nüfuza sahib olduğu Zəngəzur bölgəsində az qala hamını tanıyıb. Kinoya olan marağı isə Bakı Dövlət Universitetində ali təhsili və aspiranturanı başa vurduqdan sonra göndərişlə Azərbaycan Dövlət Kino Komitəsində işlədiyi 27 ildən çox müddətlə bağlıdır. 1975-ci ildən prokat sistemində redaktor, sonra "Kino" qəzeti və " Film" jurnalının birləşmiş redaksiyasında müxbir, məsul katib, baş redaktor vəzifələrində çalışıb. Öz əsas işi ilə yanaşı, həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi də fəaliyyət göstərən Mehdi Mükərrəmoğlu, eyni zamanda, bir neçə kino ssenarisinin müəllifidir. Onun "Lal çinar" ssenarisi 2005-ci ildə ekranlaşdırılıb.
Bax belə, 10 il qabaq "Bu toy Qubadlıda olaydı gərək"... deyə təəssüflənən həmkarımız indi dövlətin, dövlət başçımızın və beynəlxalq ictimaiyyətin qətiyyətinə arxalanaraq əminliklə söyləyir ki, məni Qubadlıya aparan yollar yenə də açılacaq və biz Qubadlıya gedəcəyik. İnşallah! Yol da bir taledir, çoxdan yazılıb...

{nl}

İttifaq MİRZƏBƏYLİ, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında