Milli teleradiomuzun şöhrətli orkestri

Ölkəmizin qocaman və tanınmış musiqi kollektivlərindən olan Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin 80 yaşı tamam olur. Bu münasibətlə orkestrin daxil olduğu Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında yubiley mərasimi keçirdi.
Teleradio işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təntənəli gecədə simfonik orkestrin tarixi və çağdaş fəaliyyəti barədə ətraflı söhbət açıldı. Bildirildi ki, Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri 1932-ci ildə Üzeyir Hacıbəyovun və Müslim Maqomayevin təşəbbüsü ilə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində yaradılıb. Simfonik orkestrin ilk bədii rəhbəri və baş dirijoru Aleksandr Şvarts olub. Üzeyir Hacıbəyovun dəvətilə Avstriya dirijoru Otto Ştrasser də bir neçə il bu kollektivdə çalışıb.
1941-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, ikinci dirijoru Çingiz Həsənov olub. Sonrakı illərdə orkestrə bədii rəhbərliyi xalq artisti Ramiz Məlik-Aslanov, əməkdar incəsənət xadimi İsmayıl Hacıyev və əməkdar incəsənət xadimi Yaşar İmanov həyata keçirib. Hazırda orkestrin bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi Azad Əliyevdir.
Orkestrin repertuarı ötən dövrdə həmişə Azərbaycan və dünya bəstəkarlarının ən yaxşı əsərləri ilə zəngin olub. 1945-1946-cı illərdə isə dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" operettası məhz bu orkestrlə ifa olunub. Müxtəlif dövrlərdə Bülbül, Şövkət Məmmədova, Rəşid Behbudov, Firəngiz Əhmədova, Sona Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov, Ağakərim Əliyev, Böyükağa Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev kimi tanınmış sənətkarlar parlaq ifaları ilə orkestrə şöhrət qazandırıblar. Hazırda kollektivə İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Əvəz Abdullayev kimi istedadlı solistlər cəlb olunublar. Orkestr Azərbaycan Teleradiosunun Cahangir Cahangirov adına xoru ilə birlikdə yeni repertuar üzərində işləyir. Yubiley axşamının konsert proqramına da ən yaxşı ifalar salınmışdı.
Mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri bəstəkar Firəngiz Əlizadə Teleradionun simfonik orkestrinin geniş auditoriyalı fəaliyyətindən, musiqi ifaçılığı tariximizdə və canlı musiqi təbliğatı sahəsində xidmətlərindən söz açdı, kollektivə yeni yaradıcılıq uğurları arzuladı. Bu orkestrdə şan-şöhrət qazanmış dirijor Ramiz Məlik-Aslanov isə yubiley təəssüratını həyəcanla ifadə etdikdən sonra konsert proqramının ilk nömrəsini səsləndirmək missiyasını yerinə yetirdi. Sonra o, doğma kollektivə hədiyyə olaraq işlədiyi musiqi parçasını da səsləndirdi.
Konsertin davamında Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, digər Azərbaycan və dünya bəstəkarlarının simfonik orkestr üçün işlənmiş populyar əsərləri yubilyar orkestrin müşayiəti ilə istedadlı sənətçilərin ifasında səsləndi.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında