Şriftin ölçüsü:
12.04.2012 02:31 | Oxunma sayı: 1018
Artıq neçə vaxtdır ki, Azərbaycanda süni peykin orbitə buraxılması istiqamətində əsaslı işlər görülür və yaxın perspektivdə ölkəmizdə kosmik sənayenin yaradılması nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması reallaşdırılacaq. Bununla bağlı müsahibələrinin birində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov demişdir: "Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" orbitə buraxılacaqdır.
"Azerspace" ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən ən son texnoloji yeniliklərə əsaslanan "Star-2 Bus" platforması üzərində yığılır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Həmçinin qeyd edim ki, peyk geostasionar orbitə Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5" raket daşıyıcısı ilə çıxarılacaqdır".
Nazirin dediklərindən məlum olur ki, bununla bağlı bir sıra problemlər həll olunmuşdur. Belə ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər görülmüş və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space - COPUOS) üzvlüyü təsdiq edilmişdir.
Nazir onu da bildirmişdir ki, 1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan "COPUOS" kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir və bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi təhqiqatı ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir. Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü vardır.
Bundan başqa, bu ilin oktyabr ayında ilk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi və sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılmışdır. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması 2013-cü ilə planlaşdırılır.
Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış və bu proses bu il də davam etdiriləcəkdir.
Hazırda ölkə ərazisində peykin idarə edilməsini həyata keçirmək üçün ən yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri inşa edilir. "Azerspace" peyki Malayziya hökumətinə məxsus və Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə edilən 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılacaqdır.
Peykdə C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcəkdir.
Əli müəllim onu da bildirmişdir ki, hazırda Azərbaycanda beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq məhz peyk sistemlərindən istifadə olunur.
Bu baxımdan, Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə edilir və buna böyük vəsait xərclənir. Həmçinin, ölkə ərazisinin relyefinin 50%-dən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir.
Buna görə də Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağı da güman edilir.
"Azerspace" peyki orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və "e-səhiyyə" kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaqdır.
Mütəxəssislərin fikrinə görə, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcəkdir. Bura qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, respublika ərazisində yaşayan əhalinin yüksək keyfiyyətli peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, ölkəmizdə ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması, dənizdə və quruda neft dağılmalarının miqyasının müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Yeni iş yerlərinin yaranması və sahə üçün mütəxəssislərin hazırlanması məsələlərini də əlavə etsək, onda süni peykin orbitə buraxılmasının həm əhali, həm də ölkəmiz üçün yeni töhfələr verəcəyini qeyd etmək lazımdır.
Bədxah qonşularımız Azərbaycanın bu nailiyyətini də böyük ürək ağrısı ilə izləyir, imkan daxilində bu planları pozmağa cəhd göstərirlər.
ABŞ-dakı Erməni Milli Komitəsi İctimai Birliyi Azərbaycanın süni peyki ilə bağlı ABŞ Konqresinə etiraz məktubu göndərib. Onlar narahatlıqlarını ifadə edərkən müraciətlərində bildiriblər ki, Azərbaycan süni peyki hərbi məqsədlər üçün istifadə edəcək və bu da Ermənistana birbaşa təhlükədir. Onlar müəyyən qədər bəzi konqresmenlərə təzyiq də göstəriblər.
Ancaq Azərbaycan bundan yalnız sülh məqsədləri üçün istifadə etmək niyyətindədir. Bunu Azərbaycanın rəsmi dairələri də dəfələrlə vurğulamışlar.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.