Şriftin ölçüsü:
30.03.2012 11:23 | Oxunma sayı: 890
Ürəkdən gələn ifaya, həqiqi istedada heç kəs laqeyd qala bilmir. Müğənni bütün qəlbi ilə oxuyanda minlərlə dinləyicinin ürəyi də bu ecazkar kamerton kimi əks-səda verir. Məhz Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Fidan Hacıyevanın konsertində olduğu kimi.
Konsert Azərbaycan Milli İncəsənət Muzeyinin "Azərbaycan Musiqisinin İnkişafı və Təbliği" İctimai Birliyi ilə birgə reallaşdırdığı "Muzeydə musiqi axşamları" layihəsi çərçivəsində təşkil edilmişdir.
Bildirilmişdir ki, hələ uşaq yaşlarından doğma musiqimizə hədsiz sevgi ruhunda böyümüş Fidan xanımın bu məhəbbəti, bu istəyi sonradan ölməz klassik musiqini də dərindən anlamağa və qavramağa imkan vermişdir. Bununla belə, onun repertuarında mürəkkəb opera partiyaları ilə yanaşı, xalq və estrada mahnıları, romanslar, hətta caz musiqisi də vardır. Fidan Hacıyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano sinfində təhsil aldığı illərdə sənət eşqi onu Azərbaycan Dövlət Filarmoniyanın nəzdindəki xora gətirib çıxarmış və onun opera səsinə malik olması burada üzə çıxmışdı. Fidan Hacıyeva əvvəlcə xorda oxumuş, sonra proqram hazırlayaraq eyni vaxtda konservatoriyanın iki sinfinə - həm vokal, həm də fortepiano sinfinə daxil olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alması öz səmərəsini vermişdir. Konservatoriyada onun müəllimi olmuş professor Hüseyn Əliyev Fidanın həyatında sözün həqiqi mənasında əvəzsiz rol oynamışdır.
Fidan Hacıyeva opera teatrının solisti olanda cəmi 19 yaşı vardı. O vaxt o, Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedesin ariyasını oxuyurdu. Cəmi iki il sonra isə ona artıq Karmenin çox mürəkkəb partiyasını etibar etdilər və Fidan Hacıyeva bu rolun ən gənc ifaçısı oldu. Karmen rolu gənc müğənni üçün bir növ vizit vərəqəsinə çevrilmişdir. Məsələn, Türkiyənin Mersin Opera və Balet Teatrının dəvəti ilə o, Mersində, həmçinin İstanbul, İzmir, Ankara teatrlarının səhnələrində Karmen rolunu ifa etmişdir.
Onun ən yaddaqalan çıxışı isə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, opera sənətinin biliciləri və həvəskarları olan ən incə zövqlü 15 min tamaşaçının toplaşdığı günlə bağlıdır. Sonrakı illərdə o, məşhur opera müğənnisi Prissilla Balyonenin ustad dərslərində iştirak etmiş (yeri gəlmişkən, 1998-ci ildə Fidan Hacıyeva SSRİ xalq artisti İrina Arxipovanın vokal üzrə ustad dərsləri sinfində oxumuşdur), Romada peşəkar vokalçıların beynəlxalq müsabiqəsində eyniadlı operadan Karmenin, "Samson və Dalila"dan Dalilanın, "Aida"dan Amnerisin, "Trubadur"dan Azuçenanın ariyalarını ifa etmiş və həmin müsabiqədən qələbə ilə qayıtmış, Avropa opera şirkətləri ilə çoxsaylı müqavilələr imzalamışdır. Gənc müğənni avropalı müəlliflərin, italyan bəstəkarlarının ariyalarını ifa etmək məharətini göstərdikdən sonra dahi Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Müslüm Maqomayev və digər Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa etməklə tamaşaçıları sözün yaxşı mənasında heyrətləndirmişdir.
Böyük alqışlarla konsert salonuna daxil olan Fidan Hacıyeva bütün iştirakçıları Novruz bayramı münasibətilə təbrik etmişdir.
Müğənni bildirmişdir ki, səhnəni tələbəsi Qəndab Əhmədli ilə bölüşəcəkdir.
Gecədə müğənni həmkarlarını, eləcə də sənət adamlarını artıq 3 ildən çoxdur istifadə etdiyi "Vocalzone" həblərindən istifadə etməyə çağırmışdı.
Konsertdə Fidan Hacıyevanın ifasında dünya klassiklərinin və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir. Bütün konsertlərində olduğu kimi, bu dəfə də görkəmli müğənni başlanğıcdan öz orijinal oxu tərzi, ifa üslubu ilə tamaşaçı diqqətini cəlb etməyi bacarmışdır.
Fidan oxuyanda sanki göylər oxuyur, səma musiqisi səslənir, insan qəlbinin telləri onun səsi ilə həmahəng titrəməyə başlayır. Çünki Fidan bütün qəlbi, bütün varlığı ilə oxuyur, səs çalarlarının özəlliyini, tələffüz etdiyi hər bir sözün mənasını, hər bir ahəngi dinləyiciyə çatdırmağa çalışır.
Həmişə olduğu kimi, bu dəfə də onun konsertinə gələnlərin sayı gözlənildiyindən qat-qat çox olmuşdur. Bənzərsiz ifaçı Fidan xanımın səsini daha yaxından eşitmək üçün muzeyə üz tutmuş pərəstişkarları əllərində gül dəstələri onu təbrik etməyi özlərinə borc bilirdilər. Qoy, həmişə konsertlərinizdə bu cür qələbəlik olsun, Fidan xanım!
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.