Ağsuda Aşıq Şakir Hacıyevin 90 illiyi qeyd olunmuşdur

Ağsu şəhər Mədəniyyət sarayında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevin 90 illiyinə həsr olunmuş yubiley məclisi keçirilmişdir. Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi və Ağsu Rayon İcra Hakimiyyəti birgə təşkil etmişdilər.
Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Uşaq Bədii Yaradıcılığı Mərkəzində Aşıq Şakir otağı ilə tanış oldular. Otaqdakı Aşıq Şakirə aid əşyalar, xüsusilə, onunla uzun illər ərzində yol-yoldaşı olmuş sazı iştirakçılarda maraq doğurdu. Tədbir iştirakçıları sonra ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzdülər. Saraya dəvət olunan iştirakçıları aparıcı - AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynov salamlayaraq sözü Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə verdi. Ənvər Seyidəliyev çıxışında bildirdi ki, Şakir Şahverdi oğlu Hacıyev 1922-ci il yanvarın 25-də Ağsu rayonunun Xəlilli kəndində anadan olub. 1939-cu ildə Ərəbmehdibəy kənd məktəbinin 8-ci sinfini bitirib. 1941-1945-ci illər Böyük Vətən müharibəsində və sovet-yapon müharibəsində iştirak edib. 1947-ci ildə ordudan tərxis olunduqdan sonra Kürdəmirə gələn Şakir rayon Mədəniyyət evində işə başlayıb və ömrünün axırınadək aşıqlıq sənəti ilə məşğul olub. Aşıq Şakir 1979-cu il aprelin 10-da 57 yaşında vəfat etmişdir.
Sonra Milli Məclisin deputatı Ərəstun Cavadov, akademik, əməkdar elm xadimi Vasim Məmmədəliyev, professor Nizaməddin Şəmsizadə, professor Seyfəddin Qəniyev AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, AMEA-nın Ədəbiyyat İnstitutunun işçisi Xədicə Murad çıxış etdilər. Natiqlər bildirdilər ki, Şakir Hacıyev 1955-ci ildə Kürdəmir rayonunun Mollakənd seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçilmişdir və fərəhli haldır ki, bu etimad aşıq sənətinin təmsilçiləri arasında yalnız Şakirə qismət olmuşdur. Yəni Şakir aşıq kimi yeganə adam idi ki, deputatlıq mandatı məhz ona verildi. 1961-ci ildə Azərbaycan aşıqlarının üçüncü qurultayına nümayəndə seçilmiş Aşıq Şakir Azərbaycanın sənət korifeylərinin - Bülbülün, Fikrət Əmirovun, Niyazinin iştirak etdikləri qurultayda geniş məruzə ilə çıxış etmişdir. Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə ona əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir. 1967-ci ildə Aşıq Şakir həmçinin Ümumittifaq özfəaliyyət incəsənəti festivalının respublika baxışında qazandığı yaradıcılıq uğurlarına görə mükafatlandırılmış, eləcə də 1972-ci ildə keçirilmiş respublika miqyaslı təntənəli müsabiqədə I dərəcəli diplomla təltif olunmuşdur. Aşıq Şakir 2 dastanın, 20-yə qədər qoşma, gəraylı və müxəmməsin müəllifidir.
1957 və 1960-cı illərdə Bakıda nəşr olunmuş "Aşıqlar", 1970-ci ildə nəşr olunmuş "Aşıq sözü" kitablarında Aşıq Şakirin onlarla şeir və qoşması dərc edilmişdir.
Bədii hissədə xalq artisti Mələkxanım Əyyubova, xanəndə Mirələm Mirələmov, Nigar Şabanova, Aşıq Yanvar Bədəlov, Aşıq Ağamurad Mərzəngli, Aşıq Əhliman Şirvanlı, Aşıq Əli Tapdıqoğlu, Aşıq Məhəmməd Şirvanlı, Aşıq Babək Şakirli maraqlı çıxışlar etdilər.
Sonra Aşıq Şakirin övladları Ağaməhəmməd Hacıyev, Məmmədağa Hacıyev (qarmon ifaçısı) qardaşları və nəvəsi Aşıq Babək Şakirli çıxış etdilər.
Məclis Aşıq Şakirin ifasında lentə alınmış Şirvan şikəstəsi ilə sona çatdı.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında