Naxçıvan Dövlət Musiqili Dram Teatrında "Mirzə Fətəli" əsəri əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdirilmişdir

Milli Teatr Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Şəfaət Mehdiyevin "Mirzə Fətəli" dramı əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdirilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Mirzə Fətəli" tamaşasına baxmışdır.
Tamaşadan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bildirmişdir ki, bədii yaradıcılığa lirik şeirlə başlayan Mirzə Fətəli Axundzadə sonradan böyük dramaturq kimi məşhurlaşmış, 1850-1855-ci illərdə yazdığı 6 pyeslə Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsasını qoymuş, ədəbiyyatımıza yeni ədəbi forma gətirmişdir. O, milli dramaturgiyanın, realist bədii nəsrin banisi, Yaxın və Orta Şərqdə ictimai maarifçilik hərəkatının, demokratik fəlsəfi və estetik fikrin böyük avanqardıdır. Mirzə Fətəli Axundzadə XIX əsr Azərbaycan ədəbiyyatını tamamilə yeni bir istiqamətdə inkişafa yönəldən, onu ideya və bədii keyfiyyətlərlə zənginləşdirən böyük yazıçı və mütəfəkkirdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda istər alimlərimiz, istərsə də yazıçılarımız ədibin həyatı, yaradıcılığı, ədəbi-ictimai və fəlsəfi fikirləri haqqında bir çox kitablar, monoqrafiyalar, dram əsərləri və elmi məqalələr yazmışlar. Akademik Şəfaət Mehdiyevin "Mirzə Fətəli" dramı da böyük mütəfəkkirin həyat və yaradıcılığı haqqında dəyərli sənət əsəridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev Şəfaət Mehdiyevin yaradıcılığı barədə məlumat verərək demişdir ki, onun müxtəlif illərdə yazdığı", "Ərk qalası", "Vicdan yükü", "Sabir" kimi dram əsərləri bu gün də böyük maraqla qarşılanır. "Mirzə Fətəli" pyesi də Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında "Mirzə Fətəli" dramının səhnələşdirilməsi Azərbaycanın mədəni həyatında əlamətdar hadisədir.
Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edən tamaşada böyük ədibimizin parlaq obrazı yaradılmışdır. Görkəmli dramaturqun təhsil illəri, gəncliyi, üzləşdiyi çətinliklər tamaşada öz əksini tapmış, böyük mütəfəkkirin xalqın maariflənməsi yolundakı yorulmaz fəaliyyəti ön plana çəkilmişdir. Ədibin böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehlə qarşılaşması, onlar arasındakı görüş və bu görüşün onun həyat və yaradıcılığına göstərdiyi təsir səhnədə öz bədii həllini tapmışdır.
Tamaşa boyu Mirzə Fətəli Axundzadənin maarifçi-realist fikirləri səsləndirilmiş, onun Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafındakı xidmətləri obrazların ifasında öz əksini tapmışdır. Xalqın maariflənməsində, milli dəyərlərin yaşadılmasında ədəbiyyatın rolunu yüksək qiymətləndirən Mirzə Fətəli Axundzadənin cəhalətə, xurafata qarşı apardığı mübarizə əsərin əsas məğzini təşkil edir.
Azərbaycan ədəbiyyatı üçün səciyyəvi olan humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında mühüm yer tutur. Əsərdə o, təkcə ədəbiyyatımızın ən qabaqcıl ənənələrini davam etdirən yazıçı və dramaturq kimi deyil, həm də bütün fəaliyyətini xalqının xoşbəxt gələcəyinə həsr edən ictimai xadim kimi təqdim olunmuşdur.
Tamaşadan sonra səhnə arxasına keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Milli Teatr Günündə "Mirzə Fətəli" əsərinin uğurla səhnəyə qoyulması münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edərək demişdir: Mirzə Fətəli Axundzadə Azərbaycanın ictimai fikir tarixində böyük yer tutan görkəmli şəxsiyyətdir. Görkəmli ziyalı Şəfaət Mehdiyevin Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edən belə bir dəyərli pyes yazması Azərbaycan ədəbiyyatının tarixində əlamətdar hadisədir. Əsərdə Azərbaycanın vətənpərvər, maarifpərvər oğullarının xalqımızı işıqlı sabahlara çatdırmaq üçün apardıqları mübarizə təsvir olunur. Bu kimi dəyərli əsərləri səhnələşdirmək üçün istedadlı rejissor, bacarıqlı kollektiv lazımdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Aktyorlar obrazları böyük məharətlə canlandıraraq yüksək ifa və səhnə mədəniyyəti nümayiş etdirdilər. Tamaşada rolların seçimi, obrazların təqdimatı yüksək səviyyədə idi. Ona görə də "Mirzə Fətəli" tamaşası yüksək rəğbətlə qarşılandı, hər birimizdə zəngin təəssürat yaratdı.
Ali Məclisin sədri uğurlu çıxışlarına görə aktyorlara təşəkkürünü bildirmiş, yeni yaradıcılıq uğurları arzulamışdır.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, xalq artisti Kamran Quliyev göstərilən qayğıya görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında