Göyçə mahalı qədim Azərbaycan dövlətinin ərazisi olmaqla Novruz şənliklərini el bayramı kimi - bütün milli adət - ənənələr çərçivəsində keçirirdi. Bayram nəfəsi duyulcaq bütöv Göyçə mahalı sanki bir yumruğa dönürdü. Bayram adət-ənənələrimiz o qədər ulu haqq qazanmışdı ki, qeyd-şərtsiz hamı ən xırda etnoqrafik elementləri belə həyata keçirməyi unutmurdu. Sonralar Dədə Qorqud kitablarından oxuduğum bayram şənliklərinin keçirilmə qayda-qanunları mənə elə gəlirdi ki, elə Göyçədə yazılıbmış. Bu məqam görkəmli alim Yaşar Qarayevin məşhur "Folklor Göyçədən başlayır" - haqlı deyimini xatırlamamaq olmur. İnsanların bayram ovqatına təbiət də öz payını əsirgəmirdi: torpaqdan buxarlanan yaz havasının ətri adamı sanki bihuş edirdi. Bu zaman torpaq ətri ilə yanaşı yaşıl ot, bənövşə qoxusu da düzü-düzəngahı başına götürərdi. Bir yandan bayram sevinci, bir yandan da el-oba birliyi - di, gəl, bu möhtəşəmlikdən min illərin zövqü-səfasını duyma.
Qışın ağırlığından silkinib çıxmaq üçün böyük çillənın başa çatması sanki bir hovur dərindən nəfəs idi. Çünki noyabrın sonu dekabrın əvvəllərindən hər yan ağappaq qardan don geyərdi. Təbiətin bu gözəlliyi insanı bir ayrı xoş duyğuya yükləsə də az ötmüş qışın əhval-ruhiyyəsindəki ağırlıq adamı sıxırdı. Hər yan dizəcən qar, yollar buz, bulaqların gözü don, çayların üstü buz meydanı - bütün bunlar romantik təsir bağışlasa da, gündəlik kənd həyatında yaratdığı çətinlik başdan aşırdı. Odur ki, böyük çillədən sonrakı kiçik çillənin gəlişi insanları bir boy tərpədərdi. Çünki kiçik çillənin tən ortasında Xıdır Nəbi bayramı (Xızr Elləz bayramı) özünü yetirirdi. Bu bayrama hazırlığa başlayınca günlərin də necə ötdüyündən xəbərimiz olmazdı. Payızdan hazırlanmış qırmızı buğda bir də xəlbirdən keçirilər, aranar, təmizlənərdi və fevralın ilk ongünlüyü başlayınca Xıdır Nəbi bayramı qeyd edilərdi. Bu, fevralın 9-10-11 günlərinə təsadüf edərdi. Həmin günlər təndir çatılar, iri saclar qurular və ailə başına az qala yarım un torbası (təxminən 10 kq-a qədər) qorğa qovrulardı (qeyd etdiyim həcm ailənin sayı nəzərə alınmaqla müxtəlif çəkidə tənzimlənirdi). Qorğa ocağının davamında iri lavaşlar çəkilər, nehrələr çalxanar, düymənclik kərə yağ küpələrə boşaldılardı. Səhəri gün sübh tezdən qorğaların qovut çəkimi başlardı. O günlərin ən əziz yeməyi südlə və balla qarışdırılmış qovut olardı. Hər kəsin ocağının başında qorğa-qovut olsa da hamı biri-birinə pay göndərərdi. Bu mərasim elliklə keçirildiyindən kiçik çillənin başa çatmasından xəbərimiz olmazdı. Bir də başımızı qaldırardıq ki, budur, Novruz çərşənbələri başlayır.
Bütün bunlar milli bayram Novruz bayramına gələn yolların başlanğıcı idi.
Novruz bayramını - milli adətlərimizi, tarixi məlum olmayan el birliyi ənənələrimizi qan yaddaşımıza güvənərək, yaddaşlarda - könüllərdə heykəlləşmiş etnoqrafik detalları ilə həyata keçirməklə başa vurardıq.
Beləcə, ilk çərşənbə axşamı, el arasında deyildiyi kimi, yalançı çərşənbə axşamı (Su çərşənbəsi) özünü yetirərdi. İlk çərşənbə axşamını əslində növbəti çərşənbələrə psixoloji hazırlıq məqamı kimi də dəyərləndirmək mümkündür. İlk əvvəl qışın ağır günlərindən sonra un-urva torbalarına nəzər salınardı, yeni əyin-baş hazırlığı, ev-eşiyin səliqə səhmanı, nəyin atılıb - əvəzinə təzə nə isə alınacağı barədə ciddi söhbətlər - hazırlıqlar başlardı. Beləcə, bu kimi hazırlıqlarla çərşənbələrə "xoş gəldin"edərdik və ilk tonqallar qalanardı.
İkinci çərşənbə axşamını (Od çərşənbəsi) "evtökmə çərşənbə axşamı" və ya "zibil təki" kimi qarşılardıq. Həmin günün ən yaddaqalan hadisəsi bütün evlərin damlarından üzüaşağı sərgilənən xalçaların günə verilməsi olardı.
"Evtökmə" bayrama hazırlıq mənasında həyata keçirilən mərasimlərdən biri idi. Həmin gün evlərin bütün künc-bucağı silər-süprülər, təmizlənərdi, heç nəyi yaddan çıxarmaq olmazdı, yoxsa "yeddi il evin zibili kəsilməz" - deyərdilər. Hələ qışın nəfəsi kəsilmədiyindən evin divarlarının rəngi təzələnməsə də, tər-təmiz yuyulardı. Əl-işlək damlarının, mal-qara tövlələrinin toru-hörümçəyi alınar, urvalanaraq naxışlanardı. Bu urvalanma əməliyyatı hər yandan ruzi-bərəkət iyi-qoxusu gəlmək mənasını daşıyırdı. Evin bütün əşyaları, palaz-paltarı yuyulmalı idi. Əşyaların sınıq - salxağı təmir olunar, atılmalı olanın yerinə yenisi alınardı. Bunlardan başqa ev əşyalarının yeri dəyişdirilərdi. Qışın kömür peçinin hisini dadmış evlər - damlar bu təmizlikdən sonra gül kimi açılardı. Bütün günü açıq qalmış qapı-bacalardan ev-eşik əsil yaz havasına qərq olardı. İnsanlar kimi evlər də sanki yazın gəlməkdə olan ilıq nəfəsini içinə çəkərdi. Ən yaddaqalan və ən gözəl mərasimlərdən biri həmin gün evin bütün xalça-palazlarının havaya verilməsi idi. Kənardan xalçalarla bəzədilmiş kəndi seyr edən sanki dekorasiyalarla bəzədilmiş iri tamaşa meydanı ilə üzbəüz qalardı. Gün-günortaya çatınca (gün günortadan əyilməmiş səməni qoyulma mərasimi başa çatmalı idi) evin ən gözəl qablarında səməni qoyulardı. Tez-tez su verilər və günəqənşər yerə qoyardıq ki, tez cücərsin. Bir-iki günə bütün buğdalar boy verərdi, yeni həyat işartısına qəlbimiz o qədər sevinərdi ki, yerə-göyə sığmazdıq. Bu sevincimizi ikinci tonqallarımız başında bölüşərdik.
Üçüncü çərşənbə axşamının ("Torpaq çərşənbəsi"nə "Ölü təki", ya da "Qara bayram" deyilərdi) ovqatı tamam başqa idi. Həmin gün sübh tezdən əydək-fəsəli ocağı çatılardı, xurma, müxtəlif mer-meyvələr (öz bağ-bağçamızdan yığdığımız meyvələrdən Qırmızı bayram üçün xüsusi saxlardıq) yığar-yığışdırar, sonra da üstufca bir boxça düzəldər saat 11-12-yə qəbirstana yollanardılar. Bütün kənd qadınları eyni vaxtda ora gələrdilər. Ümumilikdə fatihə verdikdən sonra ötən bir il ərzində dünyasını dəyişmiş rəhmətliklərin qəbirlərini ziyarət edərdilər. Gətirdikləri bayram nemətlərini isə kəndin kasıb-kusub ailələrinə pay-püşt edərdilər. Bu mərasim başa çatdıqdan sonra hər kəs öz rəhmətliyinin qəbrini ziyarət edər və gün günortadan azacıq ötmüş geri qayıdardılar. Elə oradanca birinci qara bayramı keçirilən rəhmətliyin ehsan - qara bayram süfrəsinə dəvət olunardılar (kənddə neçə yaslı ailə olmasına baxmayaraq), hər kəs həmin ailəyə hökmən gedər və necə deyərlər, onları yasdan çıxarardılar ki, yeddi il o ailə hüzndən-ələmdən uzaq olsun. Qara bayram günü sübh tezdən, hələ qadınlar evdə əydək - fəsəli bişirən vədə, kişilər qəbirstanlığa gedər fatihə-yasin surəsi oxuyar, salavat verər qayıdardılar.
Axşam şər qarışandan az sonra tonqallar qalanardı (həmən günün ilk tonqalı qəbiristanlıqda od alardı). Amma o gecə məşəl-lopa atmazdıq, "ölü təki" adına bayram atəşfəşanlığı edilməzdi. Hökmən qara bayram axşamı adına qazan asılardı. Qoy dədə-babalarımızın ruhları bayram axşamı yurd qapısına gələndə ocağını dolu qazanlı, süfrəsini ruzi-bərəkətli, nemətli görsün. Bu vaxt səmənimiz də bir boy qalxmış olurdu, bir-iki gün ötmüş beli qırmızı lentlə bağlanardı.
Nəhayət, həsrətlə gözlədiyimiz İlinaxır çərşənbəsi (Yel çərşənbəsinə "Sulaşnma günü", "Yeddilövün gecəsi" də deyilirdi).
Bu günün sevincini gün çırtlamamışdan hiss edərdik. Nənəmiz əvvəlcədən zərli-muncuqlu parçadan tikdiyi torbanı o başdan yanımıza qoyardı və sonra da hay-küy salardı ki, a bala, oyanın, bayramdır, təzə paltarlarınızı geyinin, təptəzə naxışlı corablarınız sizi gözləyir. Sevincək oyanar, təzə əyin-başımızı geyinər, güzgünün qabağında yüz dəfə o üz bu üzə dönərdik, sanki il uzunu təzə heç nəyimiz olmamış kimi.
Həmin gün yer-göy təp-təzə bəzənərdi. Qız-gəlinlər qırmızı paltar geyinər, təzə örpək bağlardılar. Ağzı yaşmaqlı gəlinlər əllərinə, saçlarına xına qoyardılar. Bu çərşənbə axşamında süfrəyə yeddi növ yemək bişirib düzərdilər. Təbii ki, başda əriştə aşı buğlanardı. Cürbəcür şirni-konfetlər, qırmızı yumurtalar, yağlı fətir - İrəvan kətələri, əydək-fəsəlilər, qoğallar, noğul-badamlar, xurma, alma-armud süfrənin bəzəyi olardı. Hər kəs adına bir şam yandırılırdı. Gün batar-batmaz sulaşma başlardı və ta səhərəcən davam edərdi. Bu mərasim gecəyarısı daha da qızışardı. Hamı bir-birini "ilinaxır suyu" ilə sulamağa çalışardı. Nişanlı qızın oğlan evindən xonçaları gəlirdi. Hər həyətdə tonqal qalanar, od lopalar göydə ulduz-ulduz görünərdi. Hər şeydən əvvəl isə Göyçəni öz əhatəsinə almış Şahdağın zirvəsində bütün mahal boyunca böyük, əzəmətli tonqallar qurular, şər vaxtı ötüncə od vurulardı. Cəmi Göyçə mahalı o anda sanki od tutub alışırdı. Qızlar "çiləçıxarma" gecəsinə toplaşardılar. "Lal su" (bulaq başından su götürən adamın yolboyu danışmadan gətirdiyi suya "lal su" deyilərdi) gətirib iynə atar, bəxt sınayardılar. Qapı pusub eşitdikləri ilk sözlə sonrakı talelərini izlərdilər. Gənc qızlar duzlu kökə yeyərdilər ki, onu sevən oğlan yuxusuna gəlsin. Yumurta döyüşdürülərdi. Bütün küsülülər hökmən barışdırılardı. Oba əhli o gecəni yatmazdı. Səhər o başdan isə hamı bulaq başına toplanardı. Təzə gəlinləri qayınanası, qayın-baldızları bayram xonçalarıyla, toy-düyünlə bulaq başına çıxarardılar. Gənc qızlar al-qırmızı, ipək örpəkli bəzək - düzəklə bulaq başında oğlanlara naz edər, oğlanlar isə bu fürsəti əldən verməz, gözaltı tapar, bayram axşamınacan elçilərini göndərərdilər.
"İlinaxır gecəsi"ni hər kəs öz evində - öz ocağının başında keçirməli idi. Yoxsa "yeddi il Novruzu öz evində keçirməzsən" və ya "Yeddi il Novruz şamı yandırmaz, bayram qazanı asmazsan" inamı - qorxusu biryolluq yaddaşlara həkk olunmuşdu. O gecənin tonqalının üstündən yeddi dəfə o - bu tərəflərə atdanar, "ağırlığım - uğurluğum səndə yansın, azar-bezarım səndə qalansın" - deyərdik.
"İlinaxır çərşənbəsi"indən sonra qarşılanan mərasim - "Qırmızı Bayram axşammı"ndan bir gün əvvəl keçirilən "baca-baca bayramı" idi. "Yalançı çərşənbə axşamı"ndan nənələrimizin zərli parçalardan tikib hazırladığı torbalarımızla "baca-baca" gününü gözlərdik. Şər qarışan vədədən evlərə gizlincə torbalar atar və gizlənərdilər ki, onu tanımasınlar. Hər bir evdə həddi-buluğa çatmamış uşaqlar özlərinə bayram torbası tikdirər və qonşu qapılara atardılar ki, bayram paylarını alsınlar. Kimin qapısında daha çox bayram torbası atılardısa, o bir neçə gün öyünərdi ki, bütün gecəni uşaqlara bayram payı vermişəm. Kimin qapısına çox baca-baca torbası atılardısa, deyilərdi ki, filankəsin bu il ruzisi bol, evi qonaq-qaralı olacaq.
Budur ha, Qırmızı bayram - Yaz Bayramı - Novruz Bayramı yetişərdi. Bayram axşamı hamı bir-birini təbrik edər, bayram sevincini bölüşərdilər.
Sübh tezdən - gün çıxan vədə bütün kənd kişiləri qənsələrin qabağına toplaşar və oradan da birbaşa qəbirstanlığa üz tutardılar. Qəbirstanlığın girəcəyində ucadan oxunan "Fatihə surəsi"ndən sonra ziyarət başa çatar və oradan hər kəs birbaşa evinə qayıdardı. Bu səhnə həmişə maraqla izlənərdi, çünki həmin mərasimdən evə qayıdan kimi ailənin başçısı hər kəsin əlini sıxar, onu öpər və "bayramın mübarək" deyərdi. Bu səhnə o qədər təbii və mehriban təsir bağışlayırdı ki, sanki bütün meyarlar həmin anda özünü təsdiqləyirdi. Bayram aşı süfrəyə gələrdi. Beli qırmızı toqqalı səməni süfrənin başına qoyulardı.
Həmin gün hökmən qohum-əqraba içindəki ağsaqqal-ağbirçək ziyarət edilər, əli öpülüb göz üstə qoyulardı. Eyni zamanda, bütün qohum-əqrəba bir-birinin evinə bayramlaşmağa gedər, kənd ağsaqqal-ağbirçəklərinə bayram payı göndərilərdi. Elliklə hamı bəzənərdi (daha çox qırmızı, yaşıl rəngə üstünlük verilərdi).
Bayram aşının üstündən qalxmamış atlı çaparlar (bayram günləri bir-iki at bayram libasıyla bəzədilərdi, kənddə o baş-bu başa çapardı) xəbər yayardılar: "Ay camaat, hamı kənd meydanına toplansın, kəndirbaz gəlib. Gələndə əliboş gəlməyin, kosanın payını da gətirin, keçəl başına yağ da lazım olacaq". Elə oradaca bu oyunlardan - meydandan ruhlanan gənclər qurşaq tutub güləşərdilər, güclərini sınayardılar.
Beləcə, martın sonuna qədər bayram boxçası ilə hər kəs bir-birinin qapısını açmaq şansında olardı. Bu qeydləri yazarkən özümü ulu Göyçədə - ozanlar yurndunda hiss etdim. Aşıq Əkbərin sazında "Göyçə gülü", Ülvinin şeir boxçasındakı "Novruz bayramı gəlir" nəğməsi ruhuma yeni yaz havası gətirdi -
{nl}
Ay ellər, pişvaz edin, Novruz bayramı gəlir.
Yeriyir min naz ilə göylərin şamı gəlir,
Hanı yaşıl səməni, deyin, pişvaza çıxsın,
Hanı qızıl kəməri, belini bərk-bərk sıxsın.
Deyin, gülün, bu gün, hey, kədər nədi, qəm nədi?!
Qarı nənəm aş asıb köz üstündə dəmdədi.
Göylər durulan gündü, sular bulanan gündü,
Tonqallar ulduz kimi bir-bir qalanan gündü.
Bu bayramdan başlayır ilimizin baharı,
Arzumuzun baharı, elimizin baharı.
Bu bayramın eşqiylə qoy bəzənsin əsrimiz,
Bu bayramın oduna yansın dərdi - sərimiz.
Bu bayramın gözüylə gələcəyə baxağın,
Bu bayramı gül kimi döşümüzə taxağın.
{nl}
Bu bayramı oduyla, közüylə, eşqiylə, nəğməsiylə, gələcəyin gözüylə milli birliyimizə bayraq edək.
{nl}
Almaz ÜLVİ , "Xalq qəzeti"
{nl}
Məqalə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.