Rəssamlar boyalarla möcüzə göstərənlərdir. Onlar rəngləri dindirib-danışdırır, güldürüb-ağladır, qarışdırıb-ayırır, oynadır və bununla da göz-könül sevindirirlər. Rənglər rəssamların əlində cana gəlir və mənalanır. "Rəng qatmaq" ifadəsinin məcazi mənası yalanlamaq, aldatmaq olsa da, əsl rəssamlar yalan rənglərlə gerçək rəsmlər yarada, inandıra bilirlər. Respublikanın əməkdar rəssamı Mübariz Gəncəli (Əliyev) belə sənətkarlardandır.
Onu 1976-cı ildən, Sumqayıt Dövlət Musiqili Dram Teatrına baş rəssam gəldiyi vaxtlardan tanıyıram. Adına ilk dəfə teatr afişalarında rast gəlmişəm. Sonra özünü görmüşəm. İllər Mübarizi zahirən bir qədər dəyişdirsə də, xarakterik cizgiləri olduğu kimi qalıb: həmin emosional, tələskən, hazırcavab, baməzə, bir qədər də hay-haraylı Mübarizdir. Sözsüz ki, illər keçdikcə ustalığı cilalanıb, sənətə münasibəti də xeyli dəyişib. İndi daha tələbkar təsir bağışlayır. Məsələn, əvvəllər, şair demiş, əl havasına çəkdiyi rəsmlər çox olardı, indi isə nisbətən ağırtaxta olub, hər bir işində qabiliyyətini bütünlüklə göstərməyə çalışır. Hətta rənglərlə bağlı özəl fəlsəfəsini yaradıb.
Onun nəzərində ağ-rənglərin birincisi, qara isə sonuncusudur. Qırmızı, göy, sarı xalis rənglər, ağ, qara, bənövşəyi... qarışıq rənglərdir. Rənglərin də soyuğu-istisi, ətirlisi-ətirsizi, sərti-səxavətlisi olur. Fırça tutandan çox şey asılıdır: istəsə, rənglər "qışqırar", istəsə, "pıçıldayar", istəsə də "oxuyar".
Mübariz Əliyev 1942-ci il martın 6-da Gəncədə anadan olub. Oradakı Rəssamlıq məktəbini bitirib. Sonra Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbində, Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb. Orada altı ilə öyrənməli olduqlarını dörd ilə başa vurub. 1971-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Moskva, Ankara, Kostamona, Soçi, Tbilisi, Riqa, Bakı və Gəncə şəhərlərində sərgiləri olub. Deyir ki, 1995-ci ildə Türkiyədə "İlin ən yaxşı rəssamı" elan olunanda əsl sənət sevincinin nə olduğunu bütün mənası ilə hiss edib.
Dörd il Gəncə Dövlət Dram Teatrında icraçı və quruluşçu rəssam vəzifələrində çalışan Mübariz sonradan taleyini gənclik şəhəri Sumqayıtla bağlayıb. Yetmiş illik ömrünün düz yarısını bu şəhərlə başabaş yaşayıb. Sumqayıt teatrındakı məhsuldar fəaliyyəti "Tərəqqi" medalı ilə qiymətləndirilib.
Mübarizin ulu öndər Heydər Əliyev dühasına sevgisi sonsuzdur. Akademiyada təhsil aldığı illərdə doğma şəhərinin mədəni həyatı ilə əlaqəsini üzməyən rəssam orada keçirilən tədbirlərdə fəal iştirak edib və bir gün... Özü bu barədə deyir ki, 1974-cü ildə respublikamızın rəhbəri, ümummilli lider Heydər Əliyev Gəncədə olarkən şəhərdəki "Bakı" kinoteatrında deputatların portretlərindən ibarət sərgi ilə tanış olur. Səliqəli geyimdə, kostyumda təsvir olunan portretlər arasında tamamilə fərqli bir üslubda - iş başında, fəhlə geyimində olan deputatın rəsmi ulu öndərin diqqətini cəlb edir. Həmin portretin müəllifinin kimliyi ilə maraqlanan ulu öndər Mübariz Əliyevin işini yüksək qiymətləndirir və dərhal rəsmin iri bir çərçivəyə salınmasına göstəriş verir.
Bir qədər sonra Gəncədə tanınmış şair və yazıçıların portretlərindən ibarət sərgi keçirilir. Respublika rəhbəri Heydər Əliyev keçmiş SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovla birgə sərgi ilə tanış olur. O zaman Gəncə teatrında əsərləri tamaşaya qoyulan yazıçı-dramaturq Altay Məmmədovun portreti bəyənilir. Portretin müəllifi isə Mübariz Əliyev idi...
Daha bir görüşü və təqdiri də o, minnətdarlıqla xatırlayır. 1981-ci ildə Moskvada partiyanın XXVI qurultayından əvvəl müttəfiq respublikaları təmsil edən müxtəlif teatrların tamaşaları göstərilirdi. Tədbirdə Sumqayıt teatrının Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" dramı əsasında səhnələşdirdiyi tamaşa da rəğbətlə qarşılandı, seyrçi alqışları qazandı. Tamaşanın uğurla keçməsinin bir səbəbi də Mübariz Əliyevin verdiyi səhnə quruluşu idi. Bu uğura görə ulu öndər Heydər Əliyev teatrın kollektivinə, o cümlədən də quruluşçu rəssam Mübariz Əliyevə təşəkkürünü bildirib.
Qeyd olunduğu kimi, Mübariz Əliyevin yaradıcılığında portret janrı xüsusi yer tutur. Tanınmış şəxsiyyətlərin portretlərinin böyük bir qalereyasını yaradıb. Atatürk, M.Ə.Rəsulzadə, Turqut Özal, Şəhriyar, Məmməd Araz, Elçin, Çingiz Aytmatov, Anar, Nəbi Xəzri, Məmməd Aslan, Paşa Qəlbinur, Arif Məlikov, Yaşar Nuri və başqalarının işıqlı portretləri muzeylərin ekspozisiyasını bəzəyir. Rəssamın xüsusi rəğbət bəslədiyi unudulmaz insanlardan biri, Gəncədə yaşadığı illərdən yaxşı tanıdığı Mir Cəlal Paşayevin portretini də o, özünəməxsus üslubda yaradaraq ədibin ev-muzeyinə hədiyyə edib. Muzeydə əsərin yüksək qiymətləndirilməsi ilə bağlı rəssama təşəkkür məktubu göndərilib. O, çəkdiyi portretlərdə adamların zahiri görkəmini, üz cizgilərini verməklə kifayətlənmir, bu zaman həmin şəxslərin iç dünyasını, özəl çevrəsini sənətkarlıqla təsvir edib dolğunlaşdıra bilir.
Sumqayıt teatrında çalışdığı 35 ildə Mübariz Gəncəli yüzə qədər tamaşaya səhnə quruluşu verib. Teatr eskizlərini də evində və emalatxanasında qoruyub saxlayır. Onun R.Kiplinqin "Öz xoşuna yatan pişik", S.Mrojekin "Təxribatçılar", M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah", C.Cabbarlının "Aydın", U.Şekspirin "Hamlet", C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" və başqa əsərlərə verdiyi səhnə tərtibatı tamaşaların daha uğurlu alınmasına kömək edib. Onun quruluşları ideya baxımından bitkin, mükəmməl olur. Tanınmış rejissor Ağalar Mehdiyevin səhnələşdirdiyi "Şah İsmayıl Xətai" tamaşasının "Qızıl Dərviş", Akif Zeynalovun "Yanmış evin nağılı" tamaşasının isə "Osman Mirzəyev" adına mükafatlara layiq görülməsində teatrın baş rəssamının da öz payı var.
Üç il öncə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı 40 illik yubileyini qeyd etdi. Bu münasibətlə kollektivin bir sıra üzvləri Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülmüş, medallarla təltif olunmuşlar. Teatrın baş rəssamı Mübariz Əliyev "Tərəqqi" medalına layiq görülmüşdür.
H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürov: "Onun verdiyi quruluşlar həmişə yaddaqalan olmuş, sənətkarlar tərəfindən yüksək qiymətləndirilmişdir. Mübariz rəssamlıqla yanaşı, qayğıkeş yoldaş, səmimi insan, gözəl ailə başçısıdır. Məhz bu xüsusiyyətlərinə görə kollektiv tərəfindən sevilir. Azərbaycanın hər yerində Mübarizin əsərlərinə rast gəlmək olar. Onun kimi rəssamın teatrımızda işləməsi bizim üçün fəxrdir".
Nəhayət, onu da deyək ki, Mübariz Əliyev taleyini ömürlük bağladığı Sumqayıt şəhərində 70 yaşını qeyd etməyə hazırlaşır. Dönüb geriyə baxanda yaradıcılıqla bağlı illərin heç də hədər keçmədiyi nəzərə çarpır. Əminik ki, gənclik şəhərinin mədəni həyatında öz yeri olan, teatr tamaşalarına özünəməxsus görkəm verən, tanınmış fırça ustasının zəhməti ömrün zirvə çağında layiqincə qiymətləndiriləcək.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.