Ötən il ölkəmizə gələn turistlərin sayı 2 milyon 239 mindən çox olmuşdur

Fevralın 22-də "Hilton Bakı" mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiya iclası keçirilmişdir. Kollegiya "Turizm ili"nin yekunlarına həsr olunmuşdur. 
İclasda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı və digər məsələlər müzakirə edilmişdir.
Tədbiri giriş sözü ilə açan nazir Əbülfəs Qarayev "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinə əsasən, ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırmışdır. Nazir bu sahədə görülmüş mühüm işləri son illər Prezident İlham Əliyevin səyi və təşəbbüsü ilə ölkəmizdə turizmin inkişafına hər cür münbit şəraitin yaradılması ilə əlaqələndirmişdir.
Dövlət başçısının 2011-ci il 15 fevral tarixli Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi bu sahəyə dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, turizmin inkişafında yeni mərhələ açmışdır. İl ərzində respublikamızda yeni hotellər, istirahət mərkəzləri, turizm müəssisələri istifadəyə verilmişdir. Bu sahədə işlər indi də uğurla davam etdirilir.
Nazir vurğulamışdır ki, ötən il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım qeydə alınmışdır. Cari ilin daha uğurlu olacağı gözlənilir. Çünki bu il Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsi və digər mühüm təbirlər keçiriləcəkdir.
Son illər respublikamızda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayının çoxalmasını yüksək dəyərləndirən nazir vurğulamışdır ki, bu gün ölkəmizdə turizm sahəsində 7 mindən artıq insan çalışır.
Tədbirdə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, son vaxtlar turizm sahəsində aparılan islahatlar, ölkəmizdə mütəmadi beynəlxalq səviyyəli görüşlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə və tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təbliği bu müsbət tendensiyanın başlıca səbəbidir.
Vurğulanmışdır ki, 2011-ci ildə Azərbaycana 2 milyon 239 min 141 nəfər xarici vətəndaş gəlmişdir ki, onların da 1 milyon 800 mindən çoxu turistlərdir. Hər bir turist Azərbaycanda orta hesabla 618 manat xərcləmişdir. Turizmdən əldə olunan gəlir isə 2010-cu ilə nisbətən 26 faiz artaraq 966,3 milyon manat təşkil etmişdir.
2010-cu ildə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499 olduğu halda, 2011-ci ildə bu rəqəm 515-ə çatmışdır. Ötən il ölkədəki yataq yerlərinin sayı 33 min 393 olmuşdur. Bu da 2010-cu illə müqayisədə 11,8 faiz çoxdur.
Ötən il 30 mehmanxana istifadəyə verilmiş, hazırda isə 45 mehmanxananın inşası davam etdirilir.
A. İsmiyev demişdir ki, 2011-ci ildə 39 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Hazırda ölkədə 178 turizm şirkəti fəaliyyət göstərir
Tədbirdə Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək son illər ölkəmizdə turizm sahəsində əldə olunmuş uğurlardan söz açmışlar.
Kollegiya üzvləri məruzə və çıxışları yüksək qiymətləndirmiş və turizm sahəsində çalışan insanlara işlərində uğurlar arzulamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında