"Azərbaycan xalçaları" jurnalının ikinci sayı işıq üzü gördü

Mədəni sərvətimiz - xalçalardan bəhs edən "Azərbaycan xalçaları" adlı elmi-bədii jurnalının ikinci sayı nəşr olunub. "Azər-İlmə" xalçaçılıq müəssisəsinin təsis etdiyi "Azərbaycan xalçaları" jurnalında bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalça nümunələri, xalçaçılıq məktəbləri, özünü bu sənətə həsr edən xalçaçı qadınlar, xalçaçı rəssamlar haqqında elmi, bədii məqalələr yer alıb. 
Jurnalın ikinci sayında oxuculara xalq rəssamı Kamil Əliyevin yaradıcılığı, dünyanı heyran qoyan Urud xalçaları, miniatürçü rəssam Behzaddan bəhs edən məqalələr təqdim olunub. Oxuculara həmçinin Xaçmazda Xalça Muzeyinin açılışı, Almaniyada Azərbaycanın İstiqlal bayramının, Fransada "Azərbaycanın mədəni zənginlikləri" sərgisinin keçirilməsi ilə bağlı geniş məlumat verilir.
"Müstəqilliyimizin 20 ili - Mədəniyyətimizin təntənəsi" yazısında isə son iyirmi il ərzində ölkəmizin mədəni həyatında baş verən ən əlamətdar hadisələr yer alıb. Tanınmış xalça eksperti Ömər Bozdağ, Rusiyanın Dövlət Şərq Muzeyinin elmi işçisi Mariya Yuryevna Filatova ilə eksklüziv müsahibə və onların xalçalarımızla bağlı fikirləri, "Zaqatala xalçasının şöhrəti", "Xalçalı pullar" kimi məqalələr də oxucularda maraq doğuracaq. Qala kəndinin sirlərindən, xalçalardakı svastikanın nədən xəbər verdiyindən, "Məlikməmməd"in Berlinə necə gedib çıxmasından agah olmaq istəyənlər də "Azərbaycan xalçaları" jurnalına üz tuta bilərlər.
"Yalta konfransında Bakı xalçası" adlı məqalə isə heç kəsi biganə qoymayacaq. Məqalədə II Dünya müharibəsi zamanı məşhur üçlüyün - F. Ruzvelt, İ.Stalin, U. Çörçilin Almaniyanın gələcək taleyini Bakı xalçası üzərində həll etməsindən danışılır.
Jurnalın nəşrində əsas məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaqdır. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən nəsillərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Buna görə də milli xalçalarımızın araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi bir zərurət kimi meydana çıxıb.
Azərbaycan, rus və ingilis dillərində çıxan jurnal rübdə bir dəfə nəşr olunur. Jurnalın baş redaktoru professor Vidadi Muradovdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında