Azərbaycanı "Avroviziya-2012" müsabiqəsində Səbinə Babayeva təmsil edəcək

Bakıda keçiriləcək 57-ci "Avroviziya-2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı bəlli oldu. Fevralın 12-də axşam Heydər Əliyev Sarayında keçirilən milli final gecəsində münsiflər heyətinin qərarı ilə bu musiqi yarışmasında ölkəmizi Səbinə Babayeva təmsil edəcək.
Final gecəsində münsiflər heyəti üzvlərinin də adlarının açıqlanması ölkə ictimaiyyəti və tamaşaçılar tərəfindən maraqla qarşılandı. Bunlar "Qaya" dövlət caz ansamblının rəhbəri Rauf Babayev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nuriyeva, müsiqişünas Zümrüd Dadaşzadə, xalq artisti Zülfiyyə Xanbabayeva, bəstəkar Faiq Sücəddinov, əməkdar artist Tünzalə Ağayeva, İctimai Televiziya və Radio Yayımları Şirkətinin direktoru İsmayıl Ömərov idilər.
Konsertdə finala yüksəlmiş namizədlər rəngarəng musiqi nömrələri ilə çıxış etdilər. Final gecəsində ötən illərdəki "Avroviziya" təmsilçilərimizin, Türkiyə və Maltanın "avroviziya"çılarının da çıxış etmələri tamaşaçılara maraqlı anlar yaşatdı. Gecənin sonunda "Avroviziya-2011"-in qalibləri Eldar Qasımov və Nigar Camalın ifaları tamaşaçıları keçən il musiqi yarışmasında qalibiyyət sevincinə qaytardı.
"Avroviziya-2012" müsabiqəsində ölkəni təmsil etmək uğrunda yekun turda 5 iştirakçı- Orxan Kərimli, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparıb. Onlar İctimai Televiziyanın canlı efirində səs və səhnə bacarıqlarını nümayiş etdiriblər. Hər bir iştirakçı ona verilən efir müddətində sərbəst seçim əsasında qurulan repertuarla səhnəyə çıxıb.
Milli final gecəsi müsabiqənin eksklüziv yayımçısı və təşkilatçılarından olan İctimai Televiziyada eləcə də müsabiqənin rəsmi saytı Eurovision.tv- də yayımlanıb. Final həmçinin Türkiyə, Malta və digər ölkələrin telekanallarında da nümayiş olunub.
"Avroviziya-2012"də Azərbaycanı təmsil edəcək Səbinə Babayeva özünəməxsus səs imkanlarına və istedada malikdir. Hələ uşaqkən musiqiyə həvəs göstərən bu qız 10-12 yaşlarında "Şən notlar" xorunun solisti olmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olmuş və oranı vokal sinfi üzrə bitirmişdir. Səbinə Babayeva yerli və beynəlxalq musiqi yarışmalarında iştirak etmiş, bir sıra uğurlar qazanmışdır.
Təmsilçimiz 2011-ci ildə "Avroviziya" milli seçim turunda iştirak etsə də, beşinci həftədə 3-cü yeri qazanaraq yarımfinala vəsiqə qazana bilməmişdi. Bu il isə milli seçim turunun qalibi olmaq şansı qazanan Səbinə Babayeva ifasıyla "Odlar yurdu" Azərbaycanın musiqisini dünyaya təqdim edəcək.
Konsert zamanı Səbinə Babayeva sevincini və təəssüratlarını tamaşaçılarla bölüşüb:"Çox şadam ki, milli seçim turlarında birinci oldum. Artıq qarşıda məni gözləyən gərgin və həyəcanlı iş prosesini düşünürəm. Məni böyük məsuliyyət gözləyir".
Sonda bir məlumatı da oxucuların diqqətinə çatdıraq: http://www.eurovision.az saytının yaydığı məlumata görə, KİV təmsilçiləri, nümayəndə heyətləri üçün akkreditasiya prosesi fevralın 15-i Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaq. Qeydiyyat aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-a (Bakı vaxtı ilə saat 02:59) kimi davam edəcək. Akkreditasiya prosesi "Avroviziya" Mahnı Müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək.
Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.
May ayında keçiriləcək "Avroviziya-2012" Mahnı Müsabiqəsi üçün biletlər və otellər barədə ətraflı məlumat isə yaxın zamanlarda açıqlanacaq.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında