Şriftin ölçüsü:
07.02.2012 11:05 | Oxunma sayı: 754
Bu ilin may ayında Bakıda keçiriləcək "Avroviziya-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı paytaxtımızın mərkəzi rayonu olan Səbaildə Bakının simasının gözəlləşdirilməsinə yönəlmiş genişmiqyaslı təmir-tikinti və abadlıq işləri aparılır. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov bununla bağlı bildirdi:
- Avropanın ən möhtəşəm musiqi müsabiqəsi olan "Avroviziya" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qalib gəlməsi ölkəmizin mədəni həyatında çox əlamətdar bir hadisə olmuş və paytaxtımızda aparılan quruculuq işlərinin daha da genişlənməsinə böyük təkan vermişdir. May ayında keçiriləcək beynəlxalq musiqi yarışmasının məkan olan Səbail rayonunda və ətraf ərazilərdə genişmiqyaslı işlər həyata keçirilir. Əsas məqsəd bu müsabiqəni layiqincə keçirərək, Azərbaycanın güclü potensialını bütün dünyaya obyektiv şəkildə nümayiş etdirməkdir.
İlk növbədə, Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən 23 min tamaşaçı yerlik "Baku Cristal Hall"ın tikintisi çox böyük sürətlə aparılır. Prezident İlham Əliyev və müsabiqənin təşkilat komitəsinin rəhbəri, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bu il yanvarın 12-də burada aparılan işlərin gedişi ilə tanış olmuşlar. Hazırda həmin ərazidən keçən Bakı - Ələt avtomobil yolunun tikintisi, burada yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır.
Müsabiqə ərəfəsində Bakıda yeni mehmanxanaların tikintisi də davam etdirilir. 2011-ci ildə rayon ərazisində istifadəyə verilmiş "Hilton-Baku" mehmanxanası ilə yanaşı, hazırda Azneft Meydanında yeni "Four Seasons" və Neftçilər prospektində "Marriot" (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində misli görünməmiş "Flame Tower" (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaq üzrədir. "Şəhidlər Xiyabanı" kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır. Həzi Aslanovun abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir. Funikulyorun yenidən qurulması, Səbail rayonunun rəmzi olan "Qız qalası"nda bərpa və konservasiya işləri aparılır.
Milli Bulvarda yenidənqurma və genişləndirmə, Xalça muzeyinin tikintisi, "Kiçik Venesiya" şəhərciyinin salınması, Mərkəzdə binaların üzlənməsi və fasadların təmiri aparılır ki, bu da şəhərimizin çoxsaylı qonaqlarında xoş təəssürat oyadacaqdır.
Keçən il "Badamdar", "Dağüstüpark", "İçərişəhər" yarımstansiyaları, Bayılda Qafur Məmədov adına park, 6 saylı tam orta məktəb, Fikrət Əmirovun abidəsi, Mahnı Teatrının binası, Neftçilər prospektində 6 yeni piyada keçidləri, Dövlət Dəniz Administrasiyasının, Enerji Təchizatı və Satışı İdarəsinin yeni inzibati binaları istifadəyə verilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin, 8-ci Polis bölməsinin inzibati binalarında aparılan təmir işləri başa çatdırılmışdır. İçərişəhərdə "Arxeoloji park" adlı istirahət güşəsi və dahi rəssam Əzim Əzimzadənin büstü açılmışdır. Musiqili Komediya Teatrının, "Səadət sarayı"nın və Dövlət Filarmoniyasının binalarında əsaslı təmiri aparılır. Xalq şairi Səməd Vurğunun ev-muzeyinin də təmirinə başlanmışdır.
Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalı, Bakı Oksford məktəbi üçün tədris korpusu, Zərifə Əliyeva küçəsində "İş Adamları Mərkəzi", Neftçilər prospektində yeni yeraltı keçid tikilir. Yeni "İçərişəhər", "Bayıl" və "Bayraq Meydanı" yarımstansiyalarının, İncəsənət Muzeyi üçün əlavə korpusun, "Azadlıq" meydanında yeraltı və Fəvvarələr meydanında yerüstü qarajların inşası davam edir. Bibiheybət stadionunun əsaslı təmir-yenidənqurması və burada yeni müasir stadionun, Badamdar qəsəbəsində su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının yerində 7 mərtəbəli mehmanxananın tikintisi aparılır.
Səbail Rayon İcra Hakimiyyəti rayonun qəsəbələri və yaşayış sahələrində geniş abadlıq və təmir-tikinti işləri aparır. "Abad həyət" layihəsi çərçivəsində daha 3 həyətdə təmir işləri aparılmışdır. 3 yeni xeyir-şər evi tikilmiş, 2 uşaq bağçası təmir olunmuş, 2 istirahət guşəsi, 2 park yaradılmışdır. Salyan şossesi - 32 ünvanda piyadalar üçün keçid tikilərək istifadəyə verilmişdir. Badamdar qəsəbəsində ümummilli liderin əzəmətli büstü ucaldılacaq Heydər Əliyev parkında əsaslı təmir-yenidənqurma işləri aparılır. Ötən il 5 orta, 1 peşə məktəbində, 1 liseydə, 2 uşaq yaradıcılıq mərkəzində, 1 məktəbin dam örtüyündə əsaslı təmir aparılmışdır. Hazırda 1 musiqi məktəbi sökülərək yenidən tikilir, 1 məktəb təmir olunur, 2 məktəb üçün əlavə tədris korpusu inşa olunur.
Müsahibimiz sonda dedi:
- Bütün bu tədbirlər paytaxtımızın paytaxtı olan Səbail rayonun daha da gözəlləşməsinə, Azərbaycanın dünyanın bir çox ölkələrində daha yaxşı tanınmasına və "Avroviziya - 2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə yönəldilmişdir.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.