"Tənha", "Son vida", "Həsrət", "Sənsiz" və digər bəstələri və orijinal ifasıyla geniş tamaşaçı auditoriyasının dərin rəğbətini qazanmış respublikanın əməkdar artisti Elza Seyidcahanın Yeni Azərbaycan Partiyası, Respublika Mədəniyyət və Turizm Nazirliyi və "İnci" Məktəb və Ofis Ləvazimatları şirkətinin təşkilati dəstəyi ilə yanvarın 21-dən 23-nə kimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Elza və 7-lər" adlı möhtəşəm konserti oldu. Hər zaman qeyri-adi konsert layihələri ilə tamaşaçıları heyrətləndirən Elza xanım bu dəfə də ənənəsinə sadiq qalaraq gözəl bir layihəsini gerçəkləşdirdi. Özü də üç gün.
Üç gün bu möhtəşəm konsertə düşmək istəyənlərin sayı həddindən artıq çox olsa da, təəssüf ki, bəxti gətirənlərin sayı yalnız zal tutan qədər oldu. Təmirdən sonra öz qapılarını tamaşaçıların üzünə açan Mahnı Teatrı ilk andan öz səliqə-sahmanı, rəngli kağızlardan bəzədilmiş səhnə dekorasiyası və səhnədə qoyulmuş moniken kuklaların qeyri-adi geyimləri ilə tamaşaçıların diqqətini özünə cəlb etdi.
Konsertə dəvətli qonaqlar sırasında respublikanın tanınmış elm, sənət adamları, dünya şöhrətli bəstəkar Arif Məlikov, "Türk dünyasının sənət kraliçası" İlhamə xanım, müğənnilərdən Teymur Əmrah, məşhur gitara ifaçısı Rəmiş, Mahnı Teatrının bədii rəhbəri Kamil Vəzirov, müğənnilərdən Zöhrə Abdullayeva, Könül Kərimova, aşıq Telli Borçalı və digər sənət dostları, eləcə də bəstəkar müğənninin doğmaları iştirak etdi.
Elza Seyidcahanın 2010-cu ildə Heydər Əliyev sarayında "Ekologiya ili"nə həsr etdiyi "Elzanın yaşıl dünyası", "Heyvanların qorunması" layihəsi əsasında hippodromda verdiyi "Tapmaca Parti", eləcə də Aktyor evində 2009-cu ildə - Füzuli qəzəli, söz və şama həsr olunmuş "hesab içində" konsert layihələrinin xalq və musiqi ictimaiyyəti tərəfindən necə rəğbətlə qarşılandığının mən də şahidi olmuşam. Görəsən bu konsertdə tamaşaçıları hansı sürpizlər gözləyirdi? "Elza və 7-lər" adlı solo konsertin açması nədir? Tamaşaçıların bu nigarançılığı çox sürmədi. Elə ilk andan konsertin aparıcısı xalq tərəfindən tanınan və sevilən Nərgiz Cəlilova bu suallara aydınlıq gətirir. O, möcüzə dolu 7 rəqəmin 23 adda mistik məqamlarından söz açdı. Elzanın həyatında da iki müqəddəs 7 rəqəminin olduğunu onun 7-ci ayın 7-ci günündə anadan olduğunu dedi. Üçüncü 7 rəqəmi isə onun musiqi dünyasına qovuşduran 7 not olduğunu qeyd etdi. Əgər Elzanın yaşamı o iki 7 ilə müəyyənləşibsə, yaradıcılıq qabiliyyəti, istedadı, demək olar ki, yeddi notun köməyi ilə gerçəkləşib. Elza layihəsinin izahının da məhz bu olduğunu dedi.
Qədim bir inanca görə, ətraf mühit və dünya ilə əlaqəni quran da elə insanın çöhrəsində cəmlənmiş 7 lamisə üzvüdür. Məhz bu üzvlərin vasitəsi ilə insan dünyanın gözəlliklərini görür. Həyatın ahəngini, səsini eşidir, dünya ilə anlamı yaranır.
Konsert proqramına Elza Seyidcahanın Hidayət Orucovun sözlərinə "Coğrafiya dərsi", Molla Pənah Vaqifin - "Toy adamları", "Əlağa Vahidin" - "Naz et", Qənirə Paşayevanın - "Həsrət", Gülağa Tənhanın - "Tənha", Mehman Arif oğlunun - "Son vida" və digər bəstələri daxil edilmişdi. Konsert bəstəkarın teatrın rəqs kollektivi ilə "7 gözəl ekspozisiyası" prelüdü ilə başladı. İlk çıxışını piano arxasında nümayiş etdirən Elza Seyidcahan virtuoz ifasıyla yanaşı tamaşaçıların ən çox diqqəti cəlb edən aparıcının dediyi kimi Elzanın rəngli kağızlardan tikilmiş orijinal geyimi oldu. Bu qeyri-adi geyim performansı hamını şoka saldı.
Konsert boyu onun üç müxtəlif donda çıxış etməsi doğrudan tam fərqli, orijinal bir layihələrin, Elza təxəyyülünün və fantaziyasının təzahürü idi.
Onun hər çıxışını tamaşaçılar sürəkli alqışlar və çox saylı tər çiçək dəstələriylə qarşıladılar. Məlahətli səsi, virtuoz piano ifası kimi çöhrəsindən əskik olmayan o xoş təbəssümü də tamaşaçılarda xoş ovqat, Elza sənətinə rəğbət yaratdı.
Bu alqışların bir qismi də unikal kağız kostyumların müəllifi Elza xanımın bacısı stilist-modelyer Lalə Seyidcahanın ünvanına idi. Bir sözlə, gözə görünən kağızdan düzəldilmiş bəzək və masa üstü süfrələrə qədər nə vardısa bəstəkar müğəninin bədii təxəyyülü və fantaziyasının məhsulu idi. Sanki Elza xanım bu layihəsi ilə bir daha insanları təbiəti qorumağa səsləyirdi. Nə yaxşı ki, tamaşaçıların üç günlük konsertlərdən aldıqları zövqü səfa, üzlərdəki sevinc süni, müğənniyə təqdim olunan tər çiçək dəstələri kağızdan deyildi. Konsertin sonunda Elza Seyidcahan bu möhtəşəm konsertə təşkilati dəstək vermiş Yeni Azərbaycan Partiyasına, Respublika Mədəniyyət və Turizm Nazirliyinə səhnə və masaüstü dekorasiyanın təşkilinə dəstək vermiş Hacı Quliyevə, Rəşid Behbudov adına Mahnı Teatrı və layihənin direktoru əməkdar mədəniyyət işçisi Kazım Qasımova, saç düzümünə görə stilist Anar Məmmədova, rejissor Pünhan Əhmədova və musiqi rəhbəri Eldar Məmmədova öz dərin təşəkkürünü bildirdi. Konsert təəssüratlarını bizimlə bölüşən xalq artisti, prosessor Arif Məlikov:
- Mən tələbəmlə fəxr edirəm. O tələbəlikdən istedadı və qəribəlikləri ilə daim seçilib. Sevinirəm ki, mahnı, estrada janrında özünə layiqli yer tapa bilib. Yaxşı ki, seçilib, öz yolunu tapa bilib. Tapmasaydı yəqin ki, bu gün sevilən Elza Seyidcahan olmazdı" - dedi.
Xalq artisti İlhamə: - İzlə gedənin izi qalmaz. Onun öz yolu, ifa tərzi, oxu manerası var. Bu da Allah vergisidir. Onun hər konserti belə sürprizlərlə doludur. Bu da yəqin ki, Arif Məlikov kimi dünya şöhrətli bəstəkar tələbəsi olduğunudan irəli gəlir.
{nl}
Rafiq SALMANOV, "Xalq qəzeti" foto müəllifindir
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.