"Eurovision" beynəlxalq müsabiqəsi Azərbaycanda reklam işinin inkişafına güclü stimul verəcək

Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Təsadüfi deyildir ki, respublikamız dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycanın son illər qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə təbliği, ölkəmizin dünya reklam bazarına inteqrasiyası istiqamətində görülən işlər də sevindiricidir.
Bu gün Azərbaycan mütəmadi olaraq beynəlxalq mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Son illər Bakıda keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum təkcə öz əhəmiyyətinə görə deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından çox önəmli hadisələr idi. Söz yox ki, bu təbliğat prosesində reklam işi də əhəmiyyətli rol oynamaqla, ölkəmizin reklam bazarının inkişafına öz müsbət təsirini göstərmişdir.
Bu il isə Azərbaycan daha bir əhəmiyyətli beynəlxalq mədəni tədbirə ev sahibliyi edəcək. "Eurovision - 2012" beynəlxalq müsabiqəsinin Azərbaycanda keçirilməsi reklam işinin də inkişafında əhəmiyyətli rol oynayacaq.
Hansı müsbət təsirlərin gözlənildiyi və diqqətin reklam işində nələrə yönəldilməsinin vacibliyi barədə Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Almaniya Beynəlxalq Akademiyasının və Türkdilli ölkələrin Beynəlxalq Araşdırmalar Akademiyasının professoru Cahid Həsənov məlumat verir:
- Azərbaycanda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin imicinə olduqca müsbət təsir edən amillərdəndir. "Eurovision" müsabiqəsinin də bu il Azərbaycanda keçirilməsi onu göstərir ki, respublikamız artıq beynəlxalq aləmdə inkişaf etmiş mədəniyyət ölkəsi kimi tanınır.
Belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin reklam işinə əhəmiyyətli təsir göstərəcəyi şübhəsizdir. Bu tədbir imkan verəcək ki, Azərbaycan öz maddi və mənəvi dəyərlərini kifayət qədər təbliğ edə bilsin. Başqa dövlətlərin on illiklərlə qazana biləcəyi imkanı biz az bir vaxt ərzində əldə edə biləcəyik. Bu imkandan maksimum səviyyədə istifadə edərək xalqımızın milli dəyərlərini, Qarabağ problemini dünyaya çatdırmaq olduqca vacib məsələdir.
Hər bir ölkədə reklamın inkişafına beynəlxalq tədbirlər müsbət təsir göstərir. Elə Azərbaycanda da keçirilən beynəlxalq sərgilər, forumlar, konfrans və seminarlar bizim reklam işində əhəmiyyətli rol oynayır. Mən Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forumu buna misal göstərə bilərəm. Deyim ki, biz hələ bu reklam işini tam təkmilləşdirə bilməmişik. Çünki adətən belə tədbirlərə qoşulan xarici ölkə vətəndaşları ilkin olaraq ölkə haqqında reklamlar vasitəsilə informasiya alırlar. Bizdə isə həmin reklam materialları bəzən olmur, bəzən isə kifayət qədər mükəmməl işlənilmir.
Xarici ölkələrin, xüsusilə Avropa dövlətlərinin çoxillik müstəqillik tarixləri var və onlar uzun illərdir reklam sahəsində kifayət qədər təcrübəyə malikdirlər. Bizim ölkə isə ötən il öz müstəqilliyinin 20 illiyini qeyd etdi. Bizdə bu gün reklam işinə böyük ehtiyac var. Çünki yeni məhsullar istehsal olunur, iqtisadiyyatımızda əsaslı yeniliklər baş verir, mədəniyyətimiz, elmimiz böyük sürətlə inkişaf edir. İdmançılarımız böyük uğurlar qazanır, regionlarımızda quruculuq işləri gündən-günə genişlənir. Biz bu inkişaf potensialımızı dünyaya göstərməliyik. Qoy bilsinlər ki, Azərbaycan 20 illik müstəqillik dövründə nə qədər nailiyyətlər qazanıb.
Bizim reklam şirkətləri öz məhsullarını dünya ölkələrində kifayət qədər nümayiş etdirə bilmirlər. "Eurovision" müsabiqəsi zamanı onlar öz məhsullarını müsabiqə iştirakçılarına və xarici qonaqlara göstərmək imkanı əldə edəcəklər. Bu çox mühüm amildir. Bakının küçələrində bütün reklam şirkətlərinin ən dəyərli reklamları nümayiş olunmalıdır. Həm açıq hava, həm televiziya reklamları xalqımızın milli-mənəvi dəyərlərini dolğun şəkildə əks etdirməlidir. "Eurovision" müsabiqəsinin gedişi vaxtı xüsusi reklam çarxlarının nümayişi də müsbət nəticə verər. Artıq müsabiqənin işçi qrupu promo-video çarxlarının çəkilişləri üçün kastinqlər keçirir.
Azərbaycanda son illər keyfiyyətli məhsullar istehsal edən şirkətlər yaranmışdır. Onlar öz məhsullarını reklam etmək üçün müəyyən qədər vəsait sərf edirlər. İndi isə imkan yaranır ki, az vəsait sərf etməklə daha geniş reklam kompaniyası keçirilsin. Şirkətlərimiz indidən reklam təşkilatları ilə əlaqə saxlayıb bu işə hazır olmalıdırlar.
Digər tərəfdən, Avropada olan böyük şirkətlər özlərini Azərbaycanda tanıtmaq üçün böyük imkan qazanmış olacaqlar. Turizm sahəsində də reklam işinə həmin dövrdə xüsusi diqqət yetirmək lazımdır. Bizim tarixi-mədəni abidələrimiz, milli-mənəvi dəyərlərimiz, iqlim şəraitimiz, meşələrimiz, dağlarımız, turizm obyektlərimiz barədə reklam materialları hazırlanmalıdır.
Söz yox ki, beynəlxalq müsabiqə iştirakçıları Bakıda tarixi abidələrimizlə tanış olacaqlar, ancaq imkan daxilində onları regionlarımıza aparıb, buradakı quruculuq işləri ilə də tanış etmək olar.
Ən əsas məsələ torpaqlarımızın 20 faizinin işğalı ilə bağlı xüsusi reklam materiallarının hazırlanmasıdır. Biz reklam vasitəsilə dünya ictimaiyyətinə bu ağrılı problemimiz barədə geniş məlumatlar çatdırmalıyıq. İşğal altında qalan tarixi-mədəni obyektlərimizi, milli sərvətlərimizi əks etdirən reklam materialları, reklam çarxları hazırlanmalıdır. Eyni zamanda, öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə də bu reklamlarda materiallar olmalıdır.
10-12 yerdə açıq hava reklamları hazırlanmalı, orada bu problemlər mükəmməl şəkildə əks etdirilməlidir.
YUNESKO-nun bəşəriyyətin maddi və mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı, muğam, xalça və aşıq sənətimiz barədə isə mükəmməl reklamların hazırlanması çox vacibdir.
"Eurovision" müsabiqəsinin keçirildiyi vaxt dünyanın məşhur televiziya şirkətlərinə Azərbaycanla bağlı xüsusi reklam çarxları verilməsinə də nail olmaq lazımdır.
Biz müstəqil Azərbaycanımızı reklam vasitəsilə geniş təbliğ etməliyik. Bunun üçün yaxşı şans yaranmışdır. "Eurovision" müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin nailiyyətlərini reklam vasitəsilə geniş təbliğ etmək imkanı yaradır. Bundan kifayət qədər bəhrələnmək vacibdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında