Çində əjdaha xeyirxahliq rəmzidir

Bakı, 8 dekabr (AzərTAc). Digər xalqların mifologiyasından fərqli olaraq Çində əjdaha xeyirxahlıq, məhsuldarlıq, rəhmdillik rəmzidir. Təsadüfi deyildir ki, qədim Çində İmperator "Canlı əjdaha", taxt-tacı isə "Əjdaha taxtı" adlandırılırdı. Bu ölkəyə yola düşməzdən əvvəl onun tarixi, özünəməxsus mədəniyyəti və çoxsaylı rəmzləri barədə oxumuşdum. Bilirdim ki, bu rəmzlər ölkəsi qeyrilərindən olduqca fərqlənir. Ancaq səfərimin bu qədər maraqlı və heyrətamiz olacağını gözləmirdim.

{nl}

Paytaxt Pekinin hava limanında Azərbaycan jurnalistlərini Çin Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasının tələbəsi qarşıladı. Qonağa, böyüklərə, valideynlərə, ümumiyyətlə, ətrafdakılara hörmət və ehtiramla yanaşmaq baxımından çinlilər bizə çox oxşayırlar. Gənc bizi akademiyanın yataqxanasınadək müşayiət etdi. Burada yerləşdik.

{nl}

Səfərimizin məqsədi Çin Xalq Respublikası Kommersiya Nazirliyi, Xarici İşlər Nazirliyi və XİN yanında Diplomatiya Akademiyasının birgə təşkil etdiyi MDB ölkələrinin mətbuat nümayəndələri üçün təcrübə kurslarında iştirak etmək idi. Kurslar çərçivəsində müxtəlif məsələlərə dair, həmçinin Çin mədəniyyəti, tarixi, dövlət quruluşu, KİV-ləri, iqtisadi inkişafı və s. mövzularda məruzələr dinləyirdik. Bu ölkədə məni heyran edən cəhətlərdən biri də insanların hər işə böyük məsuliyyətlə yanaşması oldu. Bizi müşayiət edən tələbələrdən tutmuş adlı-sanlı mühazirəçilərədək, məmurlardan tutmuş mühafizə xidmətinədək hamı ona həvalə olunan sahəni bacarıqla, diqqətlə, məsuliyyətlə idarə edirdi.

{nl}

İlk səfərimiz "Göy məbədi"nə oldu. Bu Pekində dairəvi şəkildə olan yeganə məbəddir, YUNESKO-nun Dünya mədəni irsi siyahısına daxil edilmişdir. 500 il əvvəl Min sülaləsindən olan imperator Yun Le tərəfindən tikdirilmişdir. İlk vaxtlar bura Göy və Yer məbədi olub. Ona görə də bir hissəsi dairəvi, digər tərəfi isə kvadratşəkilli inşa edilmişdir. Çin inancına görə, dairə göylərin, kvadrat isə Yerin rəmzidir. Lakin sonradan məbədin təyinatı dəyişmişdir və burada yalnız göylərə səcdə olunurdu. Ənənəyə görə imperatorlar ildə bir dəfə, qış gün dönümündə buraya gəlir və ölkənin tərəqqisi, əmin-amanlıq üçün göylərə dualar oxuyurdular.

{nl}

Növbəti səfərimiz "Quş yuvası"na idi. Bu Pekin Milli stadionudur. 2008-ci il Pekin Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri, yarışları bu stadionda keçirilmişdir. Stadion 2007-ci ilin ən yaxşı tikililəri siyahısına daxil edilmişdir. "Quş yuvası" ailə rahatlığı, xeyirxahlıq, yeni həyat rəmzidir. Həqiqətən də 91 min tamaşaçı tutan bu nəhəng idman qurğusunun hündürlüyünün 69 metr, sahəsinin 258 min кvadratmetr olmasına baxmayaraq, çox məhrəmanədir. Çində, həqiqətən, müasirliklə ənənələri uyğunlaşdırmağı, heç birini ayağa verməməyi bacarırlar. Xeyirxah əjdahanı xatırladan "Quş yuvası"nda özünü sanki isti ocağında hiss edirsən. Stadionun ətrafında böyük meydan salınmışdır. Pekin düzənlikdə yerləşdiyindən burada enli küçələrə, böyük meydanlara, ümumiyyətlə genişliyə üstünlük verilir. "Quş yuvası"nın önündəki meydan da istisna deyildir. Pekinlilərin və turistlərin sevimli istirahət yeri olan bu meydanda stadionun xarici dizaynına uyğun işıq dirəkləri və böyük tablo qoyulmuşdu. Tabloda 2008-ci il Yay Olimpiadasının açılş və bağlanış mərasimləri, habelə yarışlardan maraqlı məqamlar nümayiş etdirilir. MDB ölkələrini təmsil edən nümayəndə heyətimiz, habelə çinli ev sahibləri stadiona tamaşa etdikdən sonra tablonun önünə toplaşmışdı. Xoş təsadüf elə gətirdi ki, bu məqamda tabloda Azərbaycan bayrağı, idmançılarımızın 2008-ci il Olimpiadasının açılış mərasimində tribunaların önündən keçməsi, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın idmançılarımızı salamlaması nümayiş etdirilirdi. Azərbaycandan çox uzaqda, qəriblikdə ekranda gördüklərimin məni nə qədər həyəcanlandırdığını təsəvvür etmək çətin deyildir. Ürəyim həyəcanla döyündü. İsti, nurlu, bərəkətli torpağımızı bu uzaq şimal şəhərində təmsil edən kiçik qrupumuz özünü saxlaya bilməyib əl çaldı, dostlarımız da bizə qoşuldular...

Çin Xarici İşlər Nazirliyi bizi burada keçirilən mətbuat konfransına dəvət etmişdi. Nazirlikdə belə mətbuat konfransları mütəmadi keçirilir. ÇXR XİN-in nümayəndəsi Tsın Çan jurnalistlərin suallarına cavab verirdi. Qeyd edim ki, bu ərəfədə ABŞ Prezidenti Barak Obama Çinə səfər etmişdi. Çinin rəsmi dairələrə yaxın "Çayna deyli" qəzeti səfərlə əlaqədar yazırdı : "Vaşinqton və Pekin bərabərhüquqlu tərəfdaşlar olmağa çox yaxındırlar. Onlar anlayırlar ki, ümumi maraqları çoxdur". ABŞ Prezidenti Barak Obama və ÇXR-in sədri Hu Tsintau qlobal böhrandan birgə çıxış yolları, terrorizmlə mübarizə, Koreya yarımadası və İran nüvə problemləri ətrafında vəziyyəti müzakirə etmişdilər. Prezident Obamanın Şanxayda tələbələrlə də görüşü keçirilmişdi. ABŞ Prezidenti etiraf etmişdir ki, Çinlə tərəfdaşlıq ölkəsinin resessiyadan çıxmasına kömək etmişdir. Prezident Çində yaşayan bütün milli azlıqların hüquqlarına hörmətlə yanaşmağa, habelə Dalay Lama ilə danışıqları bərpa etməyə çağırmışdır. Mətbuat konfransı da bu məsələlərə həsr olunmuşdu. Dünyanın aparıcı xəbər agentliklərini, nəşrlərini təmsil edən jurnalistlər olduqca kəskin və açıq suallarına çinsayağı müdrik cavablar alırdılar.

{nl}

XİN nümayəndəsi Tsın Çan mətbuat konfransından sonra bizimlə görüşdü. Qeyd edim ki, o, çox cazibəli və xarizmatik adam idi. Dərhal fərqli ədaları və davranış tərzi ilə diqqətimizi cəlb etdi. Keçmiş SSRİ respublikaları ilə ölkəsi arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və Çinin bu əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu vurğuladı. Mənim "Cənubi Qafqazda olmusunuzmu?" sualıma cavabında dedi ki, qismət olmamışdır, lakin imkan düşən kimi, mütləq gələcəyəm.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında