Sənətşünas alimin mədəniyyət tariximizə yeni töhfəsi

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir bəy Hacıbəyli adına Konsert Salonuna toplaşan musiqi xiridarları həmin tədbiri heç zaman unutmayacaqlar. Çünki musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyevanın uzun illərdən bəri, böyük zəhmətlər nəticəsində ərsəyə gətirdiyi "İslam ənənəsi və Azərbaycan musiqisi" kitabının (elmi redaktor fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadədir) təqdimat mərasimi həm nəzəri baxımdan, həm də praktik cəhətdən çox maraqlı idi.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə öz giriş nitqində qeyd etdi ki, Təhsil Nazirliyinin müvafiq əmri əsasında, Nazirliyin Elmi-Metodik Şurasının qərarı ilə ali məktəb müəllimləri və tələbələr üçün dərs vəsaiti kimi nəşr olunmuş bu kitab anoloji tədqiqat sahəsində ilk əhatəli monoqrafiyadır. Bu mövzu sovet dönəmində yasaq edilmişdi. Müstəqillik illərində isə ayrı-ayrı alimlərin müəyyən elmi yazıları işıq üzü görsə də, hələ bu şəkildə - əhatəli tədqiqatlar əsasında ərsəyə gəlmiş kitab yox idi. Bakı Musiqi Akademiyasının aparıcı elmi işçisi olan sənətşünas Lətifəxanım Əliyeva öz yeni kitabı ilə böyük bir yaradıcılıq sahəsində ilk uğurlu addımı atmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vasim Məmmədəliyev kitabın elmi məziyyətlərindən söz açaraq qeyd etdi ki, bu yeni tədqiqat sahəsində ilk monoqrafiyanın uğurlu alınmasının bir səbəbi müəllifin qarşıya qoyduğu məqsədə çatmaq üçün ardıcıl və prinsipiallıqla, hətta, israrla çalışmasıdırsa, digər səbəbi də bilavasitə islam tarixinə aid olan mənbələrdən, xüsusən, ərəbdilli ədəbiyyatdan geniş istifadə olunmasıdır. Natiq qeyd etdi ki, müəllif öz kitabındakı "Quranda musiqiyə münasibət", "Peyğəmbər sünnəsində musiqiyə münasibət" və "İslam alimlərinin musiqiyə dair fikirləri" bölmələrini təkcə musiqi tədqiqatçısı kimi deyil, həm də islam tarixinə böyük ehtiramın əlaməti olaraq öyrənib. İndi artıq onun öyrəndiklərindən çoxsaylı oxucular, xüsusən, minlərlə tələbələr yeni məlumatlar ala biləcəklər. Akademik qeyd etdi ki, Lətifəxanım Əliyevanın tədqiqat apardığı bu sahədə onlarla elmi kitabın yazılması mümkündür və biz əminik ki, digər alimlər də həmin mövzuya müraciət edəcəklər.
Sənətşünaslıq namizədi, professor Səadət Seyidova öz çıxışında qeyd etdi ki, islam ənənəsi və Azərbaycan musiqisi barədə danışarkən Üzeyir bəy Hacıbəylidən başlayaraq bütün bəstəkarlarımızın yaradıcılığından istənilən qədər misal gətirmək olar. Sənətşünaslıq namizədi Sürəyya Ağayeva isə çıxışını kitabda öz əksini tapmış materialların real həyatdakı təsdiqini göstərən çoxsaylı misallarla zənginləşdirdi.
Tədbirin təşkilatçıları kitabın elmi-nəzəri aspektdən qiymətləndirilməsi ilə yanaşı islam ənənəsi ilə Azərbaycan musiqisinin praktik göstəricilərini də unutmamışdılar. Ona görə də məclisdə "Əhli beyt məddahları" qrupunun üzvləri Yaşar Abdullayev, Aqil və Hüseyn Məlikovlar və Nasir Əbdülovun ifasında ilahi musiqilər səsləndirildi. Ancaq ilahi musiqilərlə yanaşı bəstəkar Cəlal Abbasovun "Münacat-1" solo kontrabas üçün (Cavad Cavadzadənin ifasında) və "Münacat-III" solo marimba üçün (Murad Cavadzadənin ifasında) adlı əsərləri də səsləndirildi. Tədbirin sonunda Respublikanın xalq artisti Alim Qasımovun və əməkdar artist Fərqanə Qasımovanın ifasında səslənən "Şur" muğamından bir parça isə əsl ilahi musiqi, islam ənənələrinə sədaqət rəmzi kimi qəbul edildi. Xanəndələri müşayiət edən Zəki Vəliyev (tar), Rauf İslamov (kamança), Rafael Əsgərov (balaban) və Cavidan Nəbiyev (nağara) öz ifalarında min illərdən bəri yaşadığımız tarixin müəyyən qatlarının şən, oynaq, sızıltılı və kədərli anlarını yaşatdılar. Tarın fəryadı, kamanın naləsi və qəzəlin yanğısı tariximizin acı səhifələri idisə, xanəndələrin qavalları nağara ilə birlikdə əsl mübarizə, döyüş ab-havası yaradırdı. Bu, islam ənənəsi və Azərbaycan musiqisi idi.
Təqdimatın sonunda kitabın müəllifi tədbirin təşkilatçılarına və qonaqlara öz təşəkkürünü və minnətdarlığını ifadə etdi.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında