Fidan Hacıyeva fransız tenorla duet şəklində Karmeni yenə də böyük məharətlə ifa etmişdir

Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində məşhur Fransa bəstəkarı Jorj Bizenin "Karmen" operası oynanılmışdır.
Respublikanın əməkdar artisti Fidan Hacıyeva Azərbaycan tamaşaçısının qarşısına yenə də özünün vizit kartı saydığı çılğın Karmen obrazı ilə çıxmışdır. Xose partiyasını isə bu dəfə tanınmış fransız tenor Jan-Fransis Manvuazon ifa etmişdir.
F.Hacıyeva etiraf etmişdir ki, fransalı ifaçı ilə fransız operasında çıxış etmək çox məsuliyyətli bir işdir.
Fidan Hacıyeva artıq çoxdandır bu rolun ən yaxşı ifaçılarından biri sayılır. Müğənni möhtəşəm səsindən böyük məharətlə istifadə edir. Azərbaycan opera səhnəsinin primadonnası xeyli müddətdir səylə hazırlaşdığı Karmen partiyasının öhdəsindən bu dəfə də böyük ustalıqla gəlmişdir.
Havanın Bakı iqliminə bir o qədər də xas olmayan qarlı-şaxtalı olmasına baxmayaraq, opera sənəti vurğunları Fidan Hacıyevanı Karmen rolunda görmək fürsətini əldən verməmişlər. Müğənni Karmeni öz karyerasında əlamətdar obraz adlandırır, çünki məhz bu obrazla onu tanımış və sevmişlər.
F.Hacıyeva demişdir: "Karmen partiyasını oxuduğum günü özüm üçün bayram sayıram. Mən bu rola vurğunam. Bilirəm ki, bu, əbədi bir sevgidir və hər dəfə daha da güclənir. Onu da başa düşürəm ki, Karmen partiyasını ifa etmək böyük məsuliyyətdir. Mənə çox xoşdur ki, çəkdiyim bütün zəhmət tamaşaçılar tərəfindən layiqincə qiymətləndirilir. Ən başlıca mükafatım onların alqışlarıdır".
Bu, Fidan Hacıyeva və F.Manvuazonun iştirak etdikləri ikinci layihədir. Birinci layihə Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ilin yayında Bakıda həyata keçirilmiş və onlar birgə konsert proqramı ilə çıxış etmişlər. Konsertdə solo əsərlər və duetlər ifa olunmuşdur. "Karmen" isə onların opera səhnəsində çox uğurlu birinci layihəsidir.
Xatırladaq ki, müğənni Karmeni təkcə Azərbaycan səhnəsində ifa etməmişdir. Bu ilin əvvəlində o, Türkiyədə, Samsun Dövlət Opera və Balet Teatrında Karmeni ifa etmişdir.
Fidan Hacıyevanın tanınmış əcnəbi ifaçılarla çıxışları artıq gözəl ənənəyə çevrilmişdir. Oktyabr ayında o, "Aida" operasında Amneris partiyasını Gürcüstanın xalq artisti, vokal ifaçıların beynəlxalq müsabiqələrinin laureatı Teymuraz Ququşvili isə Radames partiyasını ifa etmişlər. Bu ilin yayında müğənni iki dəfə italyan klassik musiqi pərəstişkarlarının qəlbini fəth etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında