Bir vaxtlar, SSRİ dönəmində Moskvada Mərkəzi Televiziyanın rəhbərlərindən biri olmuş həmyerlimiz Ənvər Bağırov yazırdı: "Hər bir kütləvi informasiya vasitəsi öz sələflərindən tez yayılır. Əgər kütləvilik qazanmaq üçün mətbuata əsrlər tələb olunmuşdusa, televiziya çoxmilyonluq auditoriyanı böyük sürətlə əldə etmişdir". Yerində və sərrast deyilmiş bu fikrin adekvat variantı olaraq yaddan çıxarılmamalıdır ki, qazanılan auditoriya eyni sürətlə də itirilə bilər.
Bu yazını hazırlayarkən televiziyaya və radioya yaxından bağlı olan, uzun illər həyatımda, pedaqoji fəaliyyətimdə mənim üçün olduqca gərəkli sayılan bir çox prinsip və etiketlərə məhz efirdən və ekrandan yiyələnən adam kimi bir daha belə bir qənaətə gəldim ki, maarifləndirmə, əyləndirmə və məlumatlandırma funksiyalarını ardıcıllıqla, ləyaqətlə yerinə yetirən Azərbaycan Radiosu və Televiziyası bu təhlükədən xeyli uzaqdır.
Müasir texnologiyaların hüdudsuz imkanlar yaratdığı indiki şəraitdə, dünyanın bir sıra ölkələrindən yayımlanan televiziya verilişlərinə baxmaq şansının artdığı bir vaxtda Azərbaycan telekanalları, ilk növbədə neçə-neçə nəslin mənəvi-etik tərbiyəsində, Azərbaycan ədəbi dilinin incəliklərinə yiyələnməkdə, tariximizin, mədəniyyətimizin daha dərindən öyrənilməsində, elmimizin, musiqimizin, məişətimizin təbliğində müstəsna xidmətlər göstərən Azərbaycan Televiziyası və Radiosu, təbii ki, milyonların qonağı olmaq xoşbəxtliyini əldən verməmək üçün yaradıcı və texniki imkanlarını bütünlüklə səfərbərliyə almalıdır. Azərbaycan efirində 85 il əvvəl "Danışır Bakı!" sözləri səslənən gündən, sonralar 1956-cı ildə "sehrli qutu"nun ailələrimizin əziz qonağına çevrildiyi vaxtdan efirdə və ekranda söz demək, dinləyici və tamaşaçılarla açıq dialoqa girmək səlahiyyəti qazananların hamısı mikrofon önünə, kamera qarşısına məhz bu fikirlə, bu amalla keçiblər.
"Sehirli qutu" indi mənzillərimizin daimi üzvünə, əbədi sakininə çevrilib. Daimi təmasda olduğumuz mavi ekrandan həmişə xoş ovqat, ağıllı söz, nikbinlik doğuran duyğular ummaq bir növ tamaşaçı səlahiyyətidir. Yaşlı və orta nəslin nümayəndələri, çox güman ki, Azərbaycan Televiziyası və Radiosunun adlı-sanlı diktorlarının nurlu simalarını, aydın, səlis danışıqlarını yaxşı xatırlayırlar. Soltan Nəcəfov, Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabutay Quliyev, Rafiq Hüseynov, Ofelya Sənani, Nizami Məmmədov, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Valid Sənani, Əli Məhəmmədoğlu, Eldost Bayram, Şərqiyyə Hüseynova, adlarını çəkə bilmədiyim digər ustad aparıcılar hələ televiziya texnikasının o qədər də inkişaf etmədiyi vaxtlarda mətnləri tamaşaçı və dinləyicilərə elə məsuliyyətlə, ciddiliklə çatdırırdılar ki, bu sənətkarların məharətinə heyran qalmaya bilmirdin. Çünki bu adamlar öz işlərini, peşələrini sevirdilər, efirə, ekrana, başlıcası, tamaşaçı və dinləyicilərə hörmətləri var idi.
Onlar daim axtarışda idilər, oxuyurdular, öyrənirdilər, auditoriya qarşısında məsuliyyətlərini dərindən dərk edirdilər. Hələ tələbəlikdən, sonralar ali məktəbdə dərs dediyim vaxtlarda dilçilikdə, mənəvi-etik problemlərə yanaşmada, keçmişimizə hörmətdə, gələcəyimizə bəslənən nikbin münasibətdə Azərbaycan Radiosu və Televiziyasını özümə müdrik, inandığım müəllim hesab etmişəm. Televiziya ekranından , radio kanalından səslənən sözlərin, ifadələrin vurğusuna, intonasiyasına biz tamaşaçı və dinləyicilər müəllimin dediyindən daha çox inanmışıq. Burada səslənən fikrin doğruluğuna heç kəsdə şübhə yeri qalmayıb. O illərdə də elə olub, bu gün də bu tendensiya davam edir.
Uzun illərin ənənəsi Az.TV-də bu gün də qorunub saxlanılır, inkişaf etdirilir. Ölkədə ilk dəfə bu telekanalda aparıcılar məktəbi yaradılıb. Bildiyimə görə, məşhur teleaparıcı Rafiq Hüseynov bu məktəbin rəhbəri kimi uzun illər televiziya sahəsində qazandığı təcrübəni gənclərə həvəslə öyrədir, onlara telejurnalistikanın sirlərini aşılayır. Az.TV-də yenicə işə başlayanlar, zənnimcə, yaxşı bilirlər ki, müasir tamaşaçı çox həssasdır. İndi bəlağətli, süni pafosla deyilən sözləri, primitiv ifadələri heç də asanlıqla qəbul etmirlər. Yeni təfəkkür və düşüncə tərzinə, müasir texnoloji prinsiplərə, geniş erudisiyaya yiyələnmədən tamaşaçı və dinləyici ilə dialoqa girmək mümkünsüzdür. Az.TV-də çalışan jurnalistlər yaxşı bilirlər ki, gəlişigözəl sözləri, əcnəbi ifadələri nitq prosesinə qoşmaqla nə isə əldə etmək olmaz. Bu, hər şeydən əvvəl vaxt itirməyə xidmət edir, heç bir orijinal ideya daşımır, ülvi duyğular aşılamır, dinləyici və tamaşaçını maarifləndirmir. Əksinə, onların düşünmək bacarığını əlindən alır, təfəkkür və inkişaf təşəbbüskarlığının meyarlarını dəyişir.
Yüksək nitq mədəniyyəti, Azərbaycan dilinin normalarının ciddi qorunması, efirdə davranış etikasına dəqiq əməl edilməsi, sadəlik və səmimilik aparıcının başlıca keyfiyyət göstəricisidir. Bunlarsız radio və televiziya aparıcısı nə etməli, hansı ifadəni necə çatdırılmalı olduğunu yaddan çıxarır, gülünc vəziyyətə düşür. Şükürlər olsun ki, son illər Az.TV-də həyata keçirilən radikal dəyişikliklər efirdə və ekranda özünü əyani göstərir. Verilişlərin keyfiyyəti yaxşılaşıb, baxımlılığı artıb. Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsi prioritet vəzifəyə çevrilib. Bunlar isə təbii ki, tamaşaçı auditoriyasının genişlənməsinə gətirib çıxarır.
Azərbaycan Prezidentinin 1998-ci ildə imzaladığı fərmanda bildirilirdi ki, ölkə telekanallarında verilişlər yalnız Azərbaycan dilində yayımlanmalıdır. Həmin tələbə, ümumən ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin saflaşması ilə bağlı tövsiyələrinə bütün ciddiliyi ilə riayət edən yeganə kanal kimi Azərbaycan Televiziyasını tanıyıram. Filmlərin dublyajı vaxtı dilimizin saflığının qorunmasına bu kanalda xüsusi fikir verilir. Efirə gedən verilişlərin formatının dəyişməsi, proqramların ideoloji-bədii səviyyəsinin yüksəlməsi bütün tamaşaçı kateqoriyalarını tam razı salır. Radio və televiziya proqramları istər məzmununa, istərsə də qarşıya qoyulan məqsədə çatmaq baxımından cəmiyyətin istək və maraqları ilə üst-üstə düşür.
Azərbaycan Televiziyasının "Xəbərlər", "Səhər" musiqi-informasiya proqramları, "Təhsil və Tərəqqi", "Yurd yeri", "Xalq təranələri", "İdman icmalı", "Ailə həkimi", "İntellekt", "Tərəf-müqabil", "Azərbaycan dili", "Təmas nöqtəsi", "Mən də uşaq olmuşam", "Haqqın dərgahı", "Poeziya", "Əsgər anı", "Turan", "Ovqat", "Kənd saatı", "Muğam dünyamız", "Yada düşər xatirələr", "Səadət", "Kinoxəbər" və digər verilişləri həyatın bütün sahələri barədə tamaşaçılara gen-bol informasiya çatdırır, xalqımızın milli-mənəvi dəyərləri, zəngin keçmişi, mədəniyyəti barədə bilgi verir.
Azərbaycan klassiklərinin, eləcə də dünyanın tanınmış yazıçı və dramaturqlarının əsərləri televiziya tamaşaçılarına məhz bu kanalın gərgin zəhməti hesabına təqdim olunur. Mənə elə gəlir ki, bu təcrübədən digər telekanallar da bəhrələnməlidir. Güman edirəm ki, son vaxtlar Azərbaycan Televiziyasında "Mədəniyyət" və "İdman Azərbaycan" kanallarının açılmasının da ədəbiyyatımızın, dilimizin təbliğində, dünya idman arenasında baş verənlərin Azərbaycan tamaşaçılarına çatdırılmasında müstəsna xidmətləri var.
Bu bir həqiqətdir ki, bütün dünyada kütləvi informasiya vasitələri, xüsusən də televiziya proqramları sosial mühəndislik vasitələri arasında ən təsirlisi sayılır. Məsələn, vətənpərvərlik və müharibə mövzusunda çəkilmiş filmlərə baxdıqdan sonra özümüzü nə qədər yurdsevər və cəsur hiss edirik. Komediya janrında filmləri və proqramları izləyəndən sonra əhvalımız dəyişir, sanki, həmin qəhrəmanlar kimi hazırcavab və şən oluruq. Televiziyalar xalqın milli-mənəvi dəyərlərini, dövlətçilik ideologiyasını, sosial bərabərliyi, humanist və bəşəri mövzuları və insanlarda özünə güvəni tərənnüm etməkdə nümunə göstərməlidir. Az.TV bu mənada, əsl örnək və məktəb rolunu, düzgün və dəyişməz missiyasını şərəflə yerinə yetirməkdədir.
Bu yaxınlarda Az.TV-nin "Toğrul Nərimanbəyov" və "Eyni səma altında" filmlərinin Kiyevdə keçirilən Birinci Beynəlxalq Televiziya Festivalının "TEFİ-Sodrujestvo" mükafatına layiq görülməsi Azərbaycan Televiziyasının 55 illik yubileyinə töhfə olub. Noyabrın 6-da peşə bayramlarını təntənə ilə qeyd edəcək 85 yaşlı milli Radiomuzun və 55 yaşlı ana Televiziyamızın yaradıcı kollektivlərinə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
{nl}
Buludxan XƏLİLOV, filologiya elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.